Onlayn ictimai-siyasi qəzet
FIFA Braziliya milli komandasını 2026-cı ildə keçiriləcək dünya çempionatına buraxmaya bilər.
Buna səbəb Braziliya hökumətinin Braziliya Futbol Konfederasiyalarının (BFA) işinə müdaxilə etməsidir.
Belə ki, Rio-de-Janeyro məhkəməsi bu yaxınlarda BFA-nın prezidenti Ednaldo Rodrigesi vəzifəsindən uzaqlaşdırıb. Ardınca qurumun Direktorlar Şurası özünü buraxıb.
Əvəzində BFA rəhbərliyi qərarın ləğvi üçün Braziliya Ali Məhkəməsinə müraciət ünvanlayıb.
Hadisələrin gedişatı Braziliya futboluna baha başa gələ bilər. Çünki FIFA rəhbərliyi hadisələri nəzarətdə saxlayır. Eyni vəziyyətə görə dünyanın ən ali futbol qurumu 2023-cü ildə sanksiyalar tətbiq etməyə yaxın olub.
Həmin vaxt Ednaldo Rodriges seçkilərdəki qayda pozuntusunda ittiham olunaraq prezident postundan kənarlaşdırılmışdı. Yalnız Braziliya Ali Məhkəməsinin qərarından sonra onu vəzifəsinə qaytarmaq mümkün olmuşdu.
BFA mayın 26-dək iyunda keçiriləcək dünya çempionatının seçmə matçları üçün yığmanın heyətini FIFA-ya təqdim etməlidir. Əks təqdirdə, FIFA-nın qəti qərarlar verəcəyi gözlənilir. Hətta milli komandanın dünya çempionatında iştirakdan uzaqlaşdırılacağı da istisna edilmir.//Offsideplus.az
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ