Onlayn ictimai-siyasi qəzet
“Cəhənnəmə gedən yoldaş axtarar” - deyirlər adətən bizim azərbaycanlılarımız. Düz də edirlər. Bəli, Moskva iddia edir ki, guya onlar Tiflislə birlikdə Cənubi Qafqaz regionundakı proseslərdən tamam kənarda qalıblar.
Həm düz deyirlər, həm də ki, yanlış. Rusiya hazırda Cənubi Qafqazdakı proseslərdə bilavasitə iştirak etmir, amma regionu kənardan qarışdırmağa, təkcə Ermənistan üçün yox, Azərbaycançün də problemlər yaratmağa çox cəhd edir, qərəz, nələr etmir bu ölkələrə qarşı!
Vaşqinqton görüşü Kremli bir az da quduzlaşdırıbdır. Qonşu Tiflisə gəldikdə, düzdür, Gürcüstan hökuməti Qərbdən gileylənməkdə davam edir, baş nazir İrakliy Kobaxidze az qala, hər həftə Qərbin arxasınca deyinir, onları “ölkəsini yarı yolda buraxmaqda” ittiham edir. Di gəl, hələ hansısa ciddi rusiyapərəst işarələr də etmirlər. Həbsdə olan keçmiş prezident Saakaşvili bir yana (Vaşinqton görüşü ərəfəsində “Sabah tarix olacaq” demişdi), baş nazir İ.Kobaxidze də ABŞ-dəki son anlaşmanı çox yüksək dəyərləndirmişdi - ən azı bizə məlum olanlara görə.
Gürcüstanda baş tutacaq daha bir seçki də prinsipcə, bəzi qaranlıq məqamlara aydınlıq gətirə, necə deyərlər, iki yolun ayrıcında qalmış balaca ölkənin siyasətində müəyyənlik yarada bilər, hərçənd, səhv etmirəmsə, orada bələdiyyə seçkiləri olmalıdır bu il.
Belədə isə formal olaraq Bakı ilə İrəvan arasında münasibətlərin istiləşməsi Tiflisi narahat edə bilər, çünki Azərbaycanla Ermənistan arasındakı soyuq münasibətlər, müharibə Gürcüstanı regionun kommunikasiya-tranzit inhisarçısına çevirmişdi. Formal olaraq guya Tiflisin bu statusuna “təhlükə” yaranıb. Amma yalnız formal baxımından belə görünür: Tiflis siyasi elitası gözəl anlayır ki, regiondakı sülhdən onların qazancı əvvəlki dövrlərdən də böyük olacaq - hətta bəzi hallarda qazancın maddi ekvivalentini tapmaq çətin olsa da! Həm də bu günlərdə belə məlum oldu ki, proses dayanmayıbdır, Bakı-Tiflis-Qars xəttini bir az da inkişaf etdirmək planlaşdırılır.
Etiraf etmək lazımdır ki, indi biz azərbaycanlılar da bir az səksəkəli günlər yaşayırıq, çünki Rusiyadan, onun prezidenti Putindən nə desən, gözləmək olar. Amma diqqətlər daha çox Ukrayna-Rusiya müstəvisinə yönəlibdir. Tamamilə təbiidir: Ukraynada bütün postsovet məkanı uğrunda savaş gedir və çox şey bu müharibənin nəticəsindən asılı oacaq.
Ukrayna müharibəsi indiki Kreml elitasını, necə deyər, görmək və anlamaq üçün bir güzgüdür. Görün, bunlar nə deyir: “Rusiya qoşunları daha bir neçə kəndi azad edib! Ukrayna faşistləri belə gəldi, elə getdi”!..
Təsəvvür edirsinizmi? Bir ölkənin ərazisini onun özündən “azad etmək” olurmu?..
Hazırda Putin demək olar ki, nümayişkaranə şəkildə sülhdən qaçır və bizə elə gəlir, Donetsk, Luqansk, nə bilim, Krım haqqında deyilən sözlər boş şeydir, Putinə Ukrayna, ardınca da bütün postsovet məkanı lazımdır.
Vəziyyət Krılovun məşhur təmsilini xatırladır: Putin bir yana, Tramp başqa tərəfə, Zelenski isə (bütün hallarda, Kiyevin haqlarını ondan çox müdafiə edən olmaz, çünki adam hələ ki ölkənin prezidentidir!) tamam fərqli istiqamətə çəkir Ukraynanı! ABŞ Prezidenti daha çox müharibəni bitirməyə çalışır (bəlkə elə həqiqətən Nobel almaqçün!), halbuki məqsəd Moskvanın təcavüzünə son qoymaq, ən əsası da onun nəticələrini aradan qaldırmaq olmalıdır.
Alyaskadakı son görüşə xarici işlər naziri Sergey Lavrov üzərində “SSRİ” yazılmış köynəklə gedirsə, başqa şey düşünmık olarmı? Həm də bilirsiniz, adam nə fikirləşir: bu qədər səviyyəsizlik, həyasızlıq olarmı?
Adamın guya yetmişdən çox yaşı var, üstəlik, guya o boyda ölkənin “birinci diplomatı”dır! Görmüşdük ki, diplomatlar adətən, fikirlərini, niyyətlərini gizlədərlər, bunlar az qala, əllərində plakatlar beynəlxalq təşkilatların qarşısında piket keçirməyə hazırdırlar ki, bəs keçmiş SSRİ ərazisini bizə qaytarın! Lap qədim dövrləri bilmirəm, belə həyasız diplomatiya Almaniyada faşistlərin vaxtında olubdur. Gebbels deyirdi ki, biz nə vaxt öz niyyətimizi, planlarımızı gizlətmişik? Putin və çevrəsi də təxminən eyni sözləri deyir...
Ukrayna bir yana, bunlar - Moskva və hətta Tehran Cənubi Qafqazdakı ən son proseslərlə bağlı daha nələri demir?
Ötən dəfələrdə bu haqda yazmışdıq. Bunların “arqument”ləri Tehranın və Moskvanın ilk baxışda haqlı olduğu təsəvvürünü yarda bilər: guya Rusiyanın sovet qafalı siyasətçiləri, İranın az qala, orta əsrləri xatırladan molla rejimi haqlıdır, guya kişilər özlərinin - “ölkələrinin və xalqlarının təhlükəsizliyini” təmin etməyə çalışırlar!
Rusiya demirmi ki, guya NATO-nun genişlənməsini, onun sərhədlərinə doğru irəliləməsini dayandırmaq istəyir!.. Amma gözünün içinədək yalan deyir: digər NATO ölkələri, tutaq, keçmiş Baltik ölkələri, Finlandiya, nə bilim, İsveç Rusiyadan beləmi uzaqdır?..
NATO-nun əsas coğrafi ünvanından-Avropadan Rusiyaya məsafə beləmi böyükdür? Yox, bunların-Moskvanın da, Tehranın da mərəzi başqadır.
İran mollaları hakimiyyətlərini qorumaq üçün əldən-ayaqdan gedirlər - bu, “iki üstə gəl iki” kimi hamıya aydındır. Moskvaya gəldikdə, bunların da dərdi bəllidir və bunu daim qeyd edirik: Rusiya sivil rəqabət yolunu çoxdan uduzubdur, ona görə də yalnız müharibə, münaqişə, hərbi-nüvə şantajıyla dünyanı özü ilə hesablaşmağa, öz “maraq”larını nəzərə almağa məcbur edə bilər.
İran rejimi bir başqa məsələdir, hətta öz vətəndaşları üçün təhdiddir, ondan qala, region ola! Amma Qərbin Rusiyayla bağlı ifrat məkrli planları olsaydı 90-cı illərdə onu NATO-ya üzv olmağa dəvət edərdəmi?
Onda Kreml nə tələb etdi? Xüsusi status! Halbuki ən azı formal olaraq ABŞ-nin (Vaşinqtonun Alyansda çəkisini artıran əsas amil budur ki, təşkilatın xərclərinin böyük hissəsini ödəyir) belə, səhv etmiriksə, belə bir statusu yoxdur. Həm də haqlı bir sual yaranır: Rusiyanın Fransadan, Almaniyadan, nə bilim, Britaniyadan nəyi artıqdır?..
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ