Onlayn ictimai-siyasi qəzet
Bu həftə sabiq müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun 70 yaşı tamam oldu. Bu yaş isə Rusiyada çoxları üçün karyerasının başa çatmasını simvolizə edir.
Musavat.com xəbər verir ki, bir müddətdir Şoyqunun may ayından sonra vəzifəsindən gedəcəyi haqda iddialar səslənir.
Rusiya mediasına görə, əgər bundan əvvəlki katib Nikolay Patruşev dövründə Təhlükəsizlik Şurası əsas təhlükəsizlik qurumları üçün strategiya müəyyən etməyə qadir olan güclü əlaqələndirmə mərkəzi idisə, Şoyqunun gəlişi ilə qurum formal xarakter alıb.
Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl özünə yaxın kadr Aleksandr Maslennikovu Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub ki, bu da Şoyqunun gələcəyi ilə bağlı sualları artırıb. Bütün bunlar onu göstərir ki, Təhlükəsizlik Şurası tezliklə rəhbərlik dəyişikliyinə və əvvəlki roluna qayıtmağa hazırlaşır. Təhlükəsizlik Şurasının gələcəyi yeni katibin şəxsiyyəti ilə sıx bağlıdır. Lubyankadan olanların üstünlük təşkil etdiyi qurumun tərkibi onu deməyə əsas verir ki, Təhlükəsizlik Şurasının real fəaliyyətə qayıdışı çekist dairəsindən olan bir fiqurun rəhbərliyi ilə mümkündür. Potensial namizədlər kimi Aleksandr Bortnikov və ya Federal Təhlükəsizlik Xidmətinin digər yüksək vəzifəli nümayəndələrindən birinin adı çəkilir. Bir il əvvəl Təhlükəsizlik Şurasına üzv edilən Putinin varisi kimi göstərilən Aleksandr Dyuminin də şansları az deyil. O, həm Müdafiə Nazirliyində, həm FTX-nın yetirməsi hesab olunur. Dyumin eyni zamanda mühafizə xidmətində və qubernator vəzifəsində də çalışıb.
Belə bir təyinat Təhlükəsizlik Şurasının təhlükəsizlik strukturlarında ənənəvi əlaqələrindən istifadə edərək təsirini gücləndirə bilər.
Təhlükəsizlik Şurasının katibliyi məhdud, lakin strateji əhəmiyyətli vəzifələr toplusuna görə tez-tez “mini-FTX” adlandırılır. Formal olaraq Təhlükəsizlik Şurasının aşağı səlahiyyətləri var, lakin düzgün lider bunu qeyri-rəsmi əlaqələr, səlahiyyət və aparat imkanları hesabına kompensasiya edə bilir. Rəhbərliyin daha uyğun bir şəxsə dəyişdirilməsi Təhlükəsizlik Şurasını yenidən təhlükəsizlik və xarici siyasət qurumlarının əlaqələndirilməsi üzrə real mərkəzə çevirə bilər.
Qeyd edək ki, mayın 27-29-da Rusiya paytaxtında 150-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair böyük forum keçiriləcək. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək tədbirdə MDB, KTMT, Aİİ, ŞƏT, eləcə də Asiya, Afrika və Latın Amerikası ölkələrindən yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Təşkilatçılar 20-dən çox beynəlxalq təşkilatın rəhbərlərinə dəvət göndəriblər. Forumda məqsəd indiki gərgin vəziyyətdə, Rusiyanın təhlükəsizlik üzrə beynəlxalq dialoq mərkəzi kimi yüksək statusunun təsdiqlənməsinə xidmət edir. Belə görünür ki, ən geci ilin sonunadək Şoyqu vəzifəsi ilə vidalaşacaq.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ