Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimim Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanat artıq qüvvədən düşüb. Bu açıqlama, son vaxtlar regionda artan gərginlik fonunda verilən ən mühüm bəyanatlardan biridir.
Paşinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, bundan sonra İrəvanla Bakı arasında bütün müzakirələr avqust ayında Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq. O bildirib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.
Xatırladaq ki, Paşinyan bundan əvvəl, 2024-cü ilin mayında, artıq bəyan etmişdi ki, üçtərəfli bəyanatın heç bir bəndi qüvvədə deyil. Bu isə Rusiya və digər beynəlxalq tərəflər arasında müəyyən anlaşılmazlıq yaratmışdı. Rusiya isə əks mövqedə dayanaraq razılaşmanın hələ də qüvvədə olduğunu iddia edir. Bu vəziyyət həm regionda diplomatik balansı, həm də Azərbaycan-Ermənistan münasibətlərini birbaşa təsir edə bilər.
Analitiklər qeyd edirlər ki, Paşinyanın açıqlaması yalnız siyasi mövqeyin ifadəsi deyil, həm də Ermənistanın gələcək strategiyasının işarəsi kimi qəbul edilə bilər. Bu vəziyyət həm Dağlıq Qarabağ məsələsi, həm sərhəd delimitasiyası, həm də regionda təhlükəsizlik məsələləri baxımından böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, beynəlxalq ekspertlər və diplomatik dairələr qeyd edirlər ki, bu açıqlama üçtərəfli bəyanatın gələcəkdə hər hansı bir yenilənməsi və ya dəyişdirilməsi ilə bağlı müzakirələri mürəkkəbləşdirə bilər.
Bəs üçtərəfli bəyanatın qüvvədən düşməsi və yeni sənədlər əsasında aparılacaq danışıqlar regionda hansı mümkün ssenariləri yarada bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edir ki, Ermənistan tərəfinin səsləndirdiyi bu fikirlər Rusiya ilə münasibətlərin gərginləşməsi və Ermənistanın Qərbə doğru yaxınlaşması fonunda yeni bir əlamət kimi qiymətləndirilə bilər:
“Bu, həm Moskvaya, həm də Qərbə işarədir ki, bu məsələ artıq əsasən Qərb tərəfindən həll ediləcək və Ermənistan tərəfi Rusiyanın burada vasitəçilik rolunu arzulamır. Yəni, Ermənistan hazırda Qərbə inteqrasiya prosesini başlayıb və Rusiya ilə bağlarını qoparmaq istiqamətində addımlar atır.
Nikol Paşinyan açıqlamasında həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması məsələsinə də toxunub. O bildirib ki, Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir və paralel olaraq hər iki təşkilatda qala bilməz. Bu açıq və aydın bir məsələdir. Buna görə də Ermənistanın yaxın zamanda Avrasiya İqtisadi Birliyindən çıxacağı gözlənilir.
Bu isə göstərir ki, rəsmi İrəvanın əsas kursu Qərbə doğru inteqrasiyadır və bu proses artıq start götürüb”.
Politoloq bildirir ki, üçtərəfli bəyanat imzalanarkən Paşinyan hökumətinin əsas məqsədi 44 günlük müharibədə məğlubiyyətin yaratdığı vəziyyətdən çıxmaq idi:
“Ermənistan müharibədə açıq-aşkar məğlub olmuş və mümkün qədər tez bir zamanda müharibəni bitirmək istəyirdi. Buna görə də üçtərəfli bəyanatın şərtlərinə imza atdı. Lakin hazırda sülh prosesi ilə bağlı vəziyyət dəyişib və Ermənistan tərəfi bu prosesin Rusiyanın vasitəçiliyi ilə aparılmasını istəmir, bildirir ki, üçtərəfli bəyanat artıq qüvvəsini itirib.
Üçtərəfli bəyanatın əsas məqsədi yalnız müharibənin dayandırılması idi. Bəyanatda iki ölkə arasında uzunmüddətli sülh prosesinə dair konkret bəndlər nəzərdə tutulmamışdı. Yəni bu, sadəcə müharibənin dayandırılmasına yönəlmiş bir sənəd idi və Azərbaycan artıq öz ərazilərini azad etmişdi”.
Zeynal Əmrəliyev sonda vurğulayıb ki, Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra faktiki olaraq üçtərəfli bəyanatın şərtlərinə ehtiyac qalmayıb:
“Çünki artıq yeni razılaşma mövcuddur. Praktik baxımdan üçtərəfli bəyanatın şərtlərinə əməl etmək artıq mənasız olardı. Sülh müqaviləsi imzalandıqdan sonra isə üçtərəfli bəyanat tamamilə qüvvədən düşmüş hesab olunacaq”.
Xalidə Gəray
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ