Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Ukrayna sülh danışıqlarına başlamaq üçün Türkiyəni seçib. Kremlin sahibi konkret zaman kimi mayın 15-i göstərib. Putinin ilkin şərtlər olmadan sülh danışıqlarına başlamaq təklifinin isə, Ukrayna lideri Vladimir Zelenski geri çevirməyib. O, mayın 15-də rusiyalı həmkarını İstanbulda gözləyəcəyini bəyan edib.
Qeyd edək ki, qardaş ölkənin belə bir təcrübəsi var. Belə ki, 2022-ci ildə savaş tərəflərinin İstanbul görüşü baş tutmuşdu.
Bu arada bildirək ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya Prezidentinin mayın 15-dən etibarən İstanbulda keçirilməsi təklif olunan birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası təşəbbüsü ətraflı müzakirə olunub.
Qeyd edilib ki, Ərdoğan Rusiyanın bu təklifini tam dəstəkləyərək, İstanbul meydançasını təqdim etməyə hazır olduğunu bildirib. Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcəyini vurğulayıb.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında söylədi ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin uzunmüddətli xarakter alması hər iki tərəfin resurslarının və potensiallarının tükənməsi ilə nəticələnir: “Rəsmi Moskva hal-hazırda Kiyevə nəzərən daha əlverişli mövqeyə malik olsa da, ümumilikdə, müharibənin siyasi, iqtisadi və hərbi yükü ölkəni çətin və mürəkkəb bir geosiyasi bataqlığa sürükləyir. Məhz bu səbəbdən Rusiya lideri Vladimir Putinin sülh danışıqlarına başlamaq istəyi başa düşüləndir. Danışıqlar çərçivəsində məkan və vasitəçi olaraq Türkiyənin təklif edilməsi isə bir sıra mühüm amillərlə bağlıdır. Türkiyə regional və qlobal proseslərdə özünü təsdiqləmiş, qərarlılıq və prinsipiallıq nümayiş etdirmiş bir gücdür. Vladimir Putinin Türkiyənin və şəxsən cənab Rəcəb Tayyib Ərdoğanın adını çəkməsi qardaş ölkənin beynəlxalq arenada qazandığı yüksək nüfuzun göstəricidir. Türkiyə, həm NATO-nun aparıcı üzvlərindən biridir, həm də Rusiya ilə siyasi, iqtisadi və enerji sahələrində sıx əlaqələrə malikdir. Rəsmi Ankara hər iki tərəflə balanslı münasibətlər quraraq özünü etibarlı vasitəçi kimi tanıtmışdır. Xüsusilə, BMT ilə birgə Qara Dəniz Taxıl Razılaşmasının uğurla təşkil olunması Türkiyənin imicini artıran faktorlardandır. Nəticə etibarilə, rəsmi Ankaranın danışıqlar kontekstində diplomatik təcrübəsi və strateji mövqeyi onu ideal vasitəçi kimi təsdiq edir”.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Putinin Türkiyə seçimini bir sıra amillərə bağlayır: “2022-ci ilin yazında İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlar, hərbi qarşıdurmanın diplomatik yolla həllinə olan inamı artırsa da, son nəticədə razılaşmalar kağız üzərində qaldı. Lakin Vladimir Putin bu danışıqlara və keçirilmiş görüşlərin məkanına – Türkiyəyə, xüsusilə də Ankaraya böyük əhəmiyyət verir. 2025-ci ildə Rusiya liderinin sülh üçün yenidən Türkiyəni, konkret desək, Ankaranı seçməsi sadəcə coğrafi və ya texniki bir qərar deyil. Bu, dörd əsas strateji və diplomatik amilin birləşməsi nəticəsində formalaşan kompleks yanaşmadır.
Son illər Türkiyə yalnız bölgədə deyil, eyni zamanda qlobal miqyasda da güclənən aktor statusunu əldə edib. Suriya, Liviya, Qafqaz və Qara dəniz regionunda oynadığı rolu, həm NATO üzvü olaraq Qərblə qurduğu münasibətlər, həm də Rusiya və Çin kimi güclərlə yürüdüyü balanslı siyasət onu diplomatik cəhətdən unikal bir mövqeyə daşıyır. Ərdoğan administrasiyası xüsusilə 2020-ci illərin əvvəllərindən başlayaraq Türkiyənin müstəqil xarici siyasət kursunu gücləndirdi. Bu çərçivədə Türkiyə Qərbdən tam ayrılmadan, lakin Rusiyanı da tam qarşısına almadan öz maraqlarını qorumağa çalışdı. Bu strategiya ona həm Qərbin, həm də Rusiyanın diqqətini çəkdi və qarşılıqlı etimad mühiti formalaşdırdı. Putin üçün Türkiyə artıq sadəcə NATO üzvü deyil, həm də Rusiya ilə paralel mövqeləri paylaşa bilən, praqmatik və strateji ortaqlıqlara açıq olan regional gücdür. Bu xüsusiyyət Ankaranı sülh platforması olaraq ön plana çıxarır.
Rusiya və Türkiyə arasında son on ildə formalaşan iqtisadi və enerji əməkdaşlığı, iki ölkəni bir-birindən asılı vəziyyətə salıb. Rusiya üçün Türkiyə sadəcə böyük bir qaz alıcısı deyil, eyni zamanda Qərb sanksiyalarından yan keçməyə kömək edən iqtisadi təmas nöqtəsidir. Xüsusilə Qara dənizdəki dəniz ticarəti, turizm, taxıl sazişləri və enerji daşıyıcılarının transferi Türkiyəni Rusiya üçün vazkeçilməz edir. Ukrayna müharibəsi kontekstində isə bu asılılıq daha da dərinləşib. Qərbin təcrid siyasəti fonunda Moskva üçün yeni iqtisadi və diplomatik nəfəs borularına ehtiyac yaranıb. Bu ehtiyac Türkiyəyə yönəlik münasibətdə həm praqmatik, həm də strateji yanaşmanı zəruri edir. Putin üçün Türkiyə təkcə iqtisadi baxımdan deyil, həm də informasiya və diplomatik kanallar baxımından bir açar ölkədir.
Rusiya-Türkiyə yaxınlığına baxmayaraq, Ukrayna da Türkiyəyə qarşı müəyyən etimad bəsləyir. Bunun başlıca səbəbi Türkiyənin Krımın ilhaqını tanımaması, Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstək və müdafiə sahəsində əməkdaşlıqdır. Bayraktar pilotsuz uçuş aparatlarının Ukrayna ordusu üçün əhəmiyyətli rol oynaması, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirmişdir. Bununla yanaşı, Türkiyənin vasitəçilik rolunda obyektiv və neytral mövqe tutmağa çalışması, həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul edilə bilən bir müzakirə platformasının formalaşmasına imkan verir. 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda əldə olunan müvəqqəti yaxınlaşma da bu etimadın göstəricisi idi. Ukrayna üçün Ankara, Moskva qədər təhlükəli görünməyən, lakin Kremlin mesajlarını çatdıra bilən bir diplomatik məkandır. Bu xüsusiyyət, Türkiyəni başqa vasitəçi ölkələrdən fərqləndirir.
Vladimir Putin üçün Ankara və ümumilikdə Türkiyə əhəmiyyətli bir simvola çevrilib. 2022-ci ildə İstanbulda keçirilən danışıqlar zamanı müəyyən razılaşmalar əldə olunmuşdu. Rusiya tərəfi bu razılaşmalara istinad edərək bildirir ki, Ukrayna sonradan bu razılaşmalardan imtina edib və bu, sülh imkanlarının itirilməsinə səbəb olub.
Bu baxımdan Putin üçün Türkiyəni yenidən danışıqlar məkanı kimi təqdim etmək, həm Ukraynaya, həm də Qərbə siyasi mesajdır: “Biz o zaman sülhə yaxın idik, amma siz bu fürsəti itirdiniz.” Ankaranın seçilməsi həm də onun diplomatik xatirə dəyəri ilə bağlıdır. Əgər yeni sülh prosesi doğrudan da başlasa, bu zaman Putin bu prosesi əvvəlki uğursuzluqla müqayisə edərək üstünlük qazanmağa çalışacaq. Bundan əlavə, Putin üçün Ankaranı seçmək, Rusiya ilə Qərb arasında uzlaşma üçün “orta yol” axtarışında olmaq deməkdir. Ankarada keçiriləcək danışıqlar bir növ Qərbin, xüsusilə ABŞ-ın dominant olduğu diplomatik platformalardan kənarda, neytral və simvolik bir məkan sayılır. Putinin Ankaranı seçməsi sadə coğrafi və ya texniki səbəblərlə izah olunmur. Bu seçim, Türkiyənin artan gücünə, Rusiya ilə qarşılıqlı asılılığa, Ukraynanın Türkiyəyə olan diplomatik inamına və keçmiş danışıqlardakı simvolik təcrübəyə əsaslanır. Ankara artıq sadəcə coğrafi bir mərkəz deyil – bu, Rusiya və Qərb arasında balans yaratmaq istəyən bir gücün təmsil olunduğu məkandır. Məhz bu səbəblərdən, Putin sülh üçün başqa bir Avropa paytaxtını deyil, məhz Ankaranı seçdi. Bu, eyni zamanda gələcək diplomatik proseslərdə Türkiyənin qlobal güclər arasında vasitəçi mövqeyini daha da gücləndirəcək və onun beynəlxalq sistemdə rolunu artıracaq.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ