İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirildi

İyulun 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və sədr müavini Qaya Məmmədov, deputatlar Afət Həsənova, Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA-nın Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib və azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, bu kitab Ermənistan tərəfindən azərbaycanlılara məxsus izlərin silinməsi siyasətinə qarşı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

O, qeyd edib ki, Qərbi azərbaycandan zorla köçürülmüş azərbaycanlıların mədəni və tarixi yaddaşının qorunması, ərazidəki tarixi abidələrin azərbaycanlılara məxsus olduğunu sənədlərlə sübut etmək, gələcəkdə qayıdış konsepsiyasının əsaslarını yaratmaq dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir.

Həmçinin, RİH başçısı Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı, əzmi və qətiyyəti ilə öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın tezliklə öz doğma torpaqlarına qayıdacağını əminliklə vurğulayıb.

Eyni zamanda, Milli Məclisin deputatları Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli, sədr müavini Qaya Məmmədov və tarix üzrə fəlsəfə doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi istiqamətdə aparılması ölkə başçısı cənab İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter alıb.

Qeyd olunub ki, bu kitabda həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatlar dəqiq və faktlara əsaslanaraq təqdim olunur ki, bu da onun elmi əsaslarla öyrənilməsini zəruri edir. Vurğulanıb ki, Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR