Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qəbul edib. Bundan bir gün qabaq Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selcuk Bayraqdaroğlunu qəbul etmişdi.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını bildirib. Söhbət zamanı iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub. Həmçinin görüşün 15 sentyabr - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb, Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Şuşa mədəni paytaxtla yanaşı, həm də siyasi mərkəzə çevrilməkdədir. Bu mənada ali qonaqların məhz Qarabağın “ürəyi” Şuşada qəbul edilməsi, şübhəsiz, məlum çevrələrə, o sırada hələ də revanşizm havasında olan radikal erməni dairələrinə və onların havadarlarına ağıllarını başlarına yığmaq üçün növbəti ciddi mesajdır. Özü də Qarabağda antiterror əməliyyatının ikinci ildöünümünə sayılı günlər qalmış...
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, torpaqlarımız işğaldan azad edildikdən indiyə qədər Prezident İlham Əliyevin həmin ərazilərimizə, o cümlədən Şuşaya səfərlərinin, orada keçirdiyi qəbulların çox böyük siyasi əhəmiyyəti var: “Birincisi, ən mühüm məqam cənab Prezidentin işğaldan azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə aparılan quruculuq işlərinə birbaşa nəzarət etməsidir. Bu, çox vacib nüansdır. Şəhərlərimizin, kəndlərimizin qurulmasına cənab Prezident birbaşa özü nəzarət edir. Digər bir xüsusi əhəmiyyətli məqam Prezident İlham Əliyevin Şuşada dövlət rəhbərlərini, yüksək ranqlı xarici qonaqları qəbul etməsidir. Bununla dövlət başçımız Şuşaya, belə demək mümkündürsə, həm də yeni bir mühüm status qazandırmış olur. Bu, çox önəmli məsələdir. Bununla həm də dünyaya, bir sıra maraqlı instansiyalara mesaj da göndərilir ki, Şuşa Azərbaycan ərazisi olaraq bizim üçün necə böyük əhəmiyyət daşıyan şəhərdir”.
Deputat vurğuladı ki, dövlət başçıları Şuşada qəbul edilməklə Şuşaya ölkəmizin paytaxtı qədər xüsusi önəm verildiyi bir daha nümayiş etdirilir: “Bu gün Qarabağ yenidən qurulur, dirçəlir, orada qonaqlar qarşılanır, beynəlxalq səviyyəli böyük tədbirlər keçirilir. Azərbaycanın möhtəşəm qələbəsinin beynəlxalq səviyyədə qəbul etdirilməsi işi 44 günlük müharibədən sonra qarşımızda duran ən vacib məsələlərdən idi. Cənab Prezidentimizin çox böyük məharətlə, ustalıqla apardığı siyasət ölkəmizi bu məsələdə də qarşısına qoyduğu hədəfə çatdırdı. Bu uğurlu siyasət hazırda davam etdirilir. Şuşanın bir mərkəz kimi tanıdılması da bu siyasətin əsas elementlərindən biridir. Dünya Şuşanın Azərbaycanın qədim və müasirliyin vəhdət təşkil etdiyi şəhəri olduğunu tanıyır, qəbul edir. Bu, cənab Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Ermənilərə də mesaj verilir ki, utopik iddialarına son qoysunlar”.
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, qısa fasilələrlə Azərbaycan Prezidentinin keçirdiyi son görüşlər ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərinin bir-biri ilə əlaqələndirildiyini və vahid hədəflərə yönəldildiyini bir daha sübut edir: “Həm Türkiyənin ali hərbi rəhbərliyinin, həm Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Şuşada, Qarabağın digər yerlərində qəbul olunması Azərbaycanın çoxvektorlu, balanslı və müstəqil siyasət apardığının ifadəsidir. Eyni zamanda onu göstərir ki, Azərbaycan üçün hər hansı bir ölkəyə münasibətdə qapalı istiqamət yoxdur. Yetər ki, həmin ölkə, onun təmsil olunduğu regionun dövlətləri sülhə, təhlükəsizliyə xidmət eləsinlər. O ölkə ki beynəlxalq hüquq normalarına uyğun hərəkət edir, Azərbaycanın haqlı maraqlarına hörmətlə yanaşır, həmin ölkələrlə onun hansı siyasi blokda olub-olmamağından asılı olmayaraq ikitərəfli əlaqələrimiz daim inkişaf etdirilir. Azərbaycan Prezidentinin artıq elan olunmuş və güclü mövqe kimi qəbul olunan belə bir prinsipi də mütləq şəkildə ifadə etmək lazımdır: indiki dəyişən dünyada yeni dünya düzəninin formalaşdığı, gələcəyin necə olacağını heç kimin dəqiq bilmədiyi bir şəraitdə beynəlxalq münasibətlərin və dövlətlərin təhlükəsizliyinin ən mühüm amili birinci növbədə yaxın qonşularla, sonra isə kənardakı dövlətlərlə ikitərəfli münasibətləri daim normal saxlamaqdır. Beləliklə, əslində Azərbaycan yeni dünya düzənində ikitərəfli münasibətlər diplomatiyasının ən etibarlı müdafiə silahı olduğunu nümayiş elətdirir. Şuşada, Qarabağ iqtisadi zonasında qəbulların reallaşdırılması bu baxımdan da mühüm hadisədir. Bu, həm də Azərbaycanın kimsədən asılı olmayan siyasət apardığının ifadəsidir. Bu siyasətin hədəfi Azərbaycanın dayanıqlı və təhlükəsiz inkişafını təmin etməkdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ