Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının əsas donorlarından biri, maliyyəçi-milyarder Corc Sorosu kütləvi etirazları maliyyələşdirməkdə ittiham edib. Ağ Ev rəhbəri bəyan edib ki, onun administrasiyası Soros və ya ailə üzvlərinə qarşı hüquqi araşdırma başlada bilər.
"Bloomberg" və "Fox News" Trampın açıqlamasını belə təqdim edib: “Etirazçılar Soros və başqa şəxslər tərəfindən maliyyələşdirilir. Onlar peşəkar şəkildə təşkilatlanır, hətta maaş alırlar. Biz Sorosla bağlı araşdırma aparacağıq, çünki bu, sadəcə, etiraz deyil, əsl iğtişaşdır. Bu, RICO işidir”, - ABŞ Prezidenti bildirib.
Tramp konkret olaraq Soros ailəsinin hansı üzvünü hədəf aldığını açıqlamasa da, onun sözləri ABŞ siyasətində yeni gərginlik dalğası yaradıb. Respublikaçılar uzun illərdir Sorosu liberal gündəmin və “dərin dövlət”in maliyyə dayağı kimi təqdim edir, Demokratlar isə bu iddiaları “konspirasiya nəzəriyyəsi” adlandırır.
Postsovet məkanında və Şərqi Avropada baş vermiş “rəngli inqilablar”da Sorosun adı daim hallanıb. Onun yaratdığı “Open Society Foundations” şəbəkəsi müxtəlif ölkələrdə yüzlərlə QHT, media qurumu və siyasi hərəkatı maliyyələşdirib. Ekspertlərin fikrincə, Serbiyada Slobodan Miloşeviçin devrilməsi, Gürcüstanda 2003-cü il “Qızılgül inqilabı”, Ukraynada 2004-cü il “Narıncı inqilab” və 2014-cü il “Meydan hərəkatı”, eləcə də Qırğızıstanda 2005-ci ildə baş verən “Lalə inqilabı”nda Sorosun təsiri açıq şəkildə hiss olunub. Bu proseslərin arxasında həm Qərbin geosiyasi maraqları, həm də "Soros" fondu vasitəsilə həyata keçirilən “yumşaq güc” siyasəti dayanır.
Trampın sərt bəyanatı “rəngli inqilablar”ın mümkünlüyünə işarədir. Hazırda belə ssenarilər üçün riskli görünən bölgələr arasında Qazaxıstan və Qırğızıstan kimi Mərkəzi Asiya ölkələri, Gürcüstanda hakimiyyətlə müxalifət arasında gərginlik yaşanan siyasi mühit, Ukraynada davam edən qeyri-sabitlik və Yaxın Şərq, Latın Amerikası kimi böhranlı məkanlar göstərilir.
ABŞ liderinin Sorosa qarşı sərt ritorikası həm daxili auditoriyaya, həm də beynəlxalq siyasətə ünvanlanmış siqnal kimi qiymətləndirilir. Vaşinqtonun rəngli inqilablar siyasətini “qeyri-leqal” adlandırması isə müəyyən ölkələrə mesajdır ki, ABŞ daxilində bu mövzuda konsensus yoxdur.
Trampın çıxışı Sorosun illərdir dünya siyasətində oynadığı rol barədə mübahisələri yenidən gündəmə gətirir. Əgər araşdırma həqiqətən başlanarsa, bu, təkcə ABŞ daxili siyasətini deyil, beynəlxalq arenada Qərbin “demokratiya ixracı” modelini də silkələyə bilər.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Corc Sorosun adı həmişə müxtəlif dairələrdə neqativ situasiyalarda hallanır: “O, imkanlı şəxs olmaqla yanaşı, müxtəlif siyasi layihələri də maliyyələşdirməyə çalışır. Bu, sirr deyil. 20 il bundan öncə bir sıra ölkələrdə baş verən rəngli inqilabları məhz Sorosun adı və maliyyəsi ilə əlaqələndirirdilər. Onun müxtəlif ölkələrdə mərkəzləri var idi və onlar müxtəlif layihələri maliyyələşdirirdi. Həmin layihələrdə iştirak edənlərin adları da rəngli inqilablarda tez-tez hallanırdı. Bu hal Trampa da bəllidir. Ola bilsin ki, onun əlində Sorosla bağlı səhih məlumatlar var. İnanmıram ki, Tramp kəşfiyyat məlumatları olmadan Sorosun üzərinə bu qədər cəsarətlə gedə bilsin.
Mümkündür ki, milyarder indi də növbəti hədəf kimi ABŞ-ni görür. Çünki Soros kiçik dövlətlərlə bütün məsələlərini bitirib. Bu ayrı mövzudur ki, həmin yerlərdə istəklərinə nail ola bilmədi. Onun ABŞ-də gələcək prezident seçkiləri ilə bağlı hansısa layihələri maliyyələşdirməsi ağlabatandır. Görünür, bundan xəbər tutan Tramp indidən ona qarşı müharibə elan edib".
Politoloq bildirir ki, Corc Soros 20-30 il əvvəl digər ölkələrdə daha rahat fəaliyyət göstərə bilirdi. Çünki həmin vaxtlar rəngli inqilablarla bağlı onun ünvanına indiki ittihamlar səslənmirdi: “Mərkəzlər açırdı, humanitar yardımlar edirdi. Sosial layihələri dəstəkləyirdi. Haqqında böyük şübhələr yox idi. Lakin üzərindən 20-30 il keçəndən, əsas hədəflər bəlli olandan və bu layihələr Ukraynada, Gürcüstanda və digər başqa ölkələrdə ifşa olunandan sonra Sorosa inam azaldı. Buna görə də onun indi hansısa ölkədə inqilab təşkil etməsi artıq çətindir. Çünki bu illər ərzində hamı onu tanıdı və hədəfləri haqqında kifayət qədər məlumatlandı”.
Tofiq Abbasov
Politoloq Tofiq Abbasov mövzu ilə bağlı qəzetə şərhində bildirib ki, Donald Tramp gözlənilən təhlükələrin qarşısını almağa çalışır: “Son günlər Nepalda yaşananlar sözün əsil mənasında "rəngli" inqilabların nəticəsidir. Bu ölkədə 2023-2024-cü illərdə amerikalı politoloq-jurnalist Samanta Pauer, ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nuland Nepalda olublar. “Rəngli” inqilabların bir qərargahı var. Orada fəaliyyət göstərən müxtəlif fondlar, institutlar, təchizatlar var ki, onlar əlbirdilər. Hansı ölkə olursa-olsun, onlar orada ortaq nöqtələr tapırlar və öz səylərini birləşdirirlər. Serbiyada da ağır vəziyyət yaranıb. Doğrudur, orada müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin, Aİ-nin, Rusiyanın öz marağı var. Hələlik bəlli deyil ki, orada inqilab ruhunu daha çox hansı qüvvələr qidalandırırlar. Amma hər halda, Serbiya da qeyri-sabit ölkələrdən biridir və proseslər həqiqətən də nəzarətdən çıxa bilər.
Sorosçuların fəaliyyəti tək digər ölkələrdə deyil, elə ABŞ-də də şübhələr doğurur. Fikir verin, Tramp hakimiyyətə gələn kimi USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) ilə bağlı qərar verdi. O, bilirdi ki, onlar külli miqdarda vəsait xərcləyirlər və o pulların bəziləri yuyulur. Digər tərəfdən isə onlar qeyri-sabit, münaqişəli ocaqlar yaradırlar. Bir çox ölkələrin sabit axarda gedən həyatını alt-üst ediblər. Tramp anlayır ki, belə mexanizmlər ABŞ-nin daxilində də çaxnaşmalar yarada və hakimiyyəti devirə bilərlər. Buna görə də ABŞ lideri onlardan ehtiyat edir. Ona görə də bildirir ki, Corc Soros və ailə üzvlərinin fəaliyyəti ilə bağlı araşdırmalar aparılmalı, istintaq işləri getməlidir.
Tramp özü daha çox qlobalistlərə yaxındır. Ultra-qlobalistlər bütün dünyanın idarə olunmasını dəyişmək istəyirlər. Soros da, Demokratlar Partiyası da, Rokfeller Fondu o komandadadır. Bir neçə maliyyə nəhəngi birləşib və istəyirlər ki, dünyanın müqəddəratını öz əllərində saxlasınlar. Onların fikrincə, dünya birliyini 12-15 zonaya bölmək və dövlətlərin mahiyyətini aşağı salmaq lazımdır ki, transmilli iri 15-ə yaxın şirkət bu prosesin idarə olunmasını öz üzərinə götürsün. Tramp isə bunu istəmir, bildirir ki, dövlətlər hələ öz funksiyasını yerinə yetirir, onlara toxunmaq olmaz".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ