Onlayn ictimai-siyasi qəzet
Yay mövsümü başlayar-başlamaz tanınmış simalar istirahət planlarını həyata keçirməyə başlayırlar. Kimisi xarici ölkələrin məşhur kurortlarına üz tutur, kimisi isə yerli bölgələrdə təbiətin qoynunda dincəlməyə üstünlük verir. Sosial şəbəkələrdə yayımlanan görüntülər, paylaşdıqları istirahət məkanları və seçimləri ilə məşhurlar həm diqqət çəkir, həm də bəzən tənqid hədəfinə çevrilirlər.
Bəziləri üçün yay istirahəti lüks həyat tərzini nümayiş etdirmək vasitəsinə çevrilib. Digərləri isə sadəlik və rahatlıq axtarışında olduqlarını bildirir, övladları ilə sakit bölgələrdə vaxt keçirməyə üstünlük verirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış müğənni Xuraman Şuşalı yay tətilini ailəsi ilə birlikdə daha çox təbiət qoynunda keçirməyə çalışdığını bildirib:
“Biz ailəvi olaraq iyulun 1-dən ilk olaraq Nabranı seçirik. Dəniz və uşaqların günəş qəbul etməsi mənim üçün önəmlidir. 21 gün Nabranda qaldıq, indi isə Qubadayıq. Tətilə çıxanda evdən çox otelə üstünlük verirəm. Çünki evdə biş-düş, yığışdırmaq lazım olduğuna görə, oteldə qalmağı seçirəm”.
Sənətçi bildirib ki, onun üçün ən vacib məqam sakitlik və təbiətdir:
“Lüks şeyləri sevmirəm. İndi oturmuşam, yağış yağır, quşlar oxuyur – bir sözlə, hər şey çox gözəldir. Hazırda meşənin içində yerləşən koteclərdə qalırıq. Çox bahalı olmağı mənim üçün önəmli deyil. Çünki mən istirahətə gedirəm, kiməsə özümü göstərmək və ya acıq vermək üçün yox”.
Dörd uşaq anası olan Xuraman Şuşalı uzaq və uzun səfərlərin onlar üçün çətinlik yaratdığını da gizlətmir:
“İrad bildirənlər də olur ki, niyə Antalya və ya Bodruma üz tutmuram. Mənə günəş və dəniz lazımdır, o da burada var. Həm də 4 uşaqla uzaq səfərə çıxmaq hələ ki, çətindir. Bölgələrə gedəndə belə, uşaqların mədə-bağırsaq sistemi pozulur. Uşaq olduğu yerə adaptasiya olana qədər çətinlik yaşanır. Ana olaraq bu, mənim üçün əziyyətə çevrilir”.
Müğənni qeyd edib ki, tətilin harada keçirilməsindən çox, kiminlə və necə keçirildiyi onun üçün əsas məsələdir:
“Mənə fərq etmir, İtaliya oldu, Antalya oldu, ya da Nabran. Əsas odur ki, övladlarımla təbiət qoynunda vaxt keçirim. Əslində çox istərdim ki, bir Şuşalı olaraq istirahətimi doğma şəhərimdə edim, amma 6 nəfərlik ailə üçün orada qalmaq çox baha başa gəlir. İnşallah gələcəkdə oradan evimiz verilsə, rahat dincələrik”.
O bildirib ki, xaricdə 1 həftəyə xərclədiyi vəsaitlə burada 20 gün dincələ bilir:
“Mən bir daha qeyd etmək istəyirəm ki, özümü göstərmək yox, dincəlmək üçün istirahətə gedirəm. Düşünürəm ki, sentyabrın 15-nə qədər bu sakitliyi yaşamaq istəyirəm. Hətta yoldaşım deyir ki, qayıdaq evə. Cavab verirəm ki, insafsızlıq olar uşaqları dörd divar arasında saxlamaq. Nə qədər ki, tətildir, qoy dincəlsinlər”.
Xuraman Şuşalı valideyn istirahətinin çətinliklərinə də toxunub:
“Düzdür, uşaqlarla istirahət çətin olur, amma bundan zövq alırıq. Valideyn onsuz da dincəlmir, sadəcə üzərinə düşən öhdəlikləri yerinə yetirəndə rahatlıq tapır”.
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ