Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas Cinayət Məcəlləsinin 157.5-ci maddəsindən danışdı - vaxtilə MTN-in sabiq idarə rəisi barəsində də seçilmiş həbs-qətimkan tədbiri bu səbəbdən dəyişdirilmişdi...
2024-cü ilin yanvarından həbsdə saxlanılan 60 yaşlı Tağı İbrahimovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil, 6 saylı Vəkil Bürosunun üzvü Türkel Süleymanlı məlumat verib.
Vəkilin “Qaynarinfo”ya verdiyi məlumata görə, Tağı İbrahimovun səhhəti ciddi şəkildə pisləşib: “Onun ürək-damar sistemi, qaraciyər və digər xroniki xəstəlikləri üzrə sağlamlıq durumu son dərəcə kritik hal alıb. Xüsusilə yay mövsümündə, temperaturun yüksəldiyi dövrdə bu cür xəstəliklərin daha da ağırlaşdığı, insult və infarkt riskini artırdığı bildirilir. Həbsxana mühitinin yaratdığı fiziki və psixoloji problemlər 60 yaşdan yuxarı şəxslər üçün əlavə təhlükə yaradır”.
Türkel Süleymanlı vəziyyətin ciddiliyini vurğulayaraq bu şəraitin Tağı İbrahimov üçün həyati risk yaratdığını qeyd edib və təcili olaraq onun sağlamlıq vəziyyətinin tibbi ekspertiza ilə qiymətləndirilməsini, eyni zamanda alternativ qətimkan tədbirlərinə keçid imkanının nəzərdən keçirilməsini təklif edib.
Xatırladaq ki, Tağı İbrahimov 30 yanvar 2024-cü il tarixində “Bakı Ağac Emalı” ASC-yə məxsus ərazidə baş vermiş partlayış hadisəsi ilə bağlı saxlanılıb. Həmin ərazi Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsində yerləşir və iş adamı Zaur Qulu oğlu Cəfərova icarəyə verilmişdi. Onun tərəfindən mebel sexi kimi istifadə edilən sahədə baş verən partlayış nəticəsində insan tələfatı, xəsarətlər və ciddi dağıntılar meydana gəlib. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində Tağı İbrahimov saxlanılıb və onun barəsindəki həbs-qətimkan tədbiri seçilib, daha sonra bu tədbirin müddəti məhkəmə tərəfindən uzadılıb. T.İbrahimov bir ildən çoxdur ki, həbsxana şəraitində saxlanılır. Hazırda insan haqları və məhkumların hüquqları ilə məşğul olan təşkilatların diqqətinə çatdırılan bu məsələ yaşı 60-dan yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqi müdafiəsi və humanist yanaşma məsələsini gündəmə gətirir. O da MTN generalı Akif Çovdarov kimi azadlığa buraxıla bilərmi?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Tağı İbrahimov səhhətinə görə azadlığa buraxıla bilər: “Tağı İbrahimovun həbsi ilə bağlı yaranmış vəziyyət Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş bir sıra hüquqi mexanizmlərin tətbiqi zərurətini gündəmə gətirir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, saxlanılan şəxsin ağır xəstəlikləri varsa və bu xəstəliklər onun cəzaçəkmə şəraitində saxlanılmasına imkan vermirsə, həmin şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilə və daha yüngül alternativ tədbirlə əvəz oluna bilər. Bunun üçün müstəqil tibbi ekspertiza rəyinin olması vacibdir. Əgər həmin rəy Tağı İbrahimovun real həyati risk altında olduğunu təsdiqləyərsə, istintaq orqanı və məhkəmə bu şəxsin ev dustaqlığı və ya digər alternativ qətimkan tədbirinə buraxılması barədə qərar verə bilər".
Natiq Ələsgərovun sözlərinə görə, Azərbaycan məhkəmə təcrübəsində bu cür hallara nadir də olsa rast gəlinir: “Misal üçün, keçmiş MTN generalı Akif Çovdarov da səhhətindəki ağır problemlər səbəbindən cəzaçəkmə yerindən azad edilmişdi. Onun işində məhz həkim rəyləri əsas götürülərək qərar çıxarılmışdı. Bu baxımdan Tağı İbrahimov üçün də eyni hüquqi baza mövcuddur. Lakin burada əsas məsələ müstəqil və obyektiv tibbi ekspertiza rəyinin mövcudluğudur”.
Natiq Ələsgərov
Natiq Ələsgərov əlavə edib ki, beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT-nin Minimum Standart Qaydalarında da 60 yaşdan yuxarı şəxslərin və ağır xəstəlikləri olan məhbusların saxlanma şəraitinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur: “Əgər Tağı İbrahimovun vəziyyəti doğrudan da kritikdirsə, bu halda onun həbsdə saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) tələblərinin pozulması kimi qiymətləndirilə bilər. İstənilən halda dövlət insan həyatına və sağlamlığına təhdid yaratmamalıdır. Məhbusun səhhəti risk altındadırsa və bu barədə məlumat yayılıbsa, dövlət orqanları məsələyə xüsusi diqqətlə yanaşmalıdır. Yəni Tağı İbrahimov üçün Akif Çovdarov ssenarisi realdır. Hüquqi baza var, presedent mövcuddur, maddi və şəxsi əlaqələr də öz yerində mövcuddur. Amma bu qərarın hüquqi sistemə, dövlətin reputasiyasına və ictimai ədalət hissinə təsirləri də az olmayacaq. Tağı İbrahimovun azadlığa buraxılması "selektiv ədalət" nümunəsi kimi qəbul olunacaq. Tağı İbrahimov azadlığa buraxılarsa, bu qərar digər yaşlı və ağır xəstəlikli məhbuslar üçün də keçərli olmalıdır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ