İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi xidmətində yenilik - udan kim olacaq?

Bakıda və ölkə üzrə fəaliyyət göstərən on minlərlə taksi sürücüsünü əhatə edən yeni qayda gündəmdədir. SİMA-nın üztanıma texnologiyası artıq “Bolt”, “Uber” və “Yango” kimi populyar taksi tətbiqlərinə inteqrasiya olunur. Məqsəd - qeyri-qanuni sürücülərin xətdən çıxarılması və sərnişinlərin təhlükəsizliyinin artırılmasıdır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bundan sonra taksi sürücüləri gün ərzində təsadüfi aralıqlarla rəqəmsal şəkildə yoxlanacaq. Yəni avtomobili idarə edən şəxsin həqiqətən də sistemdə qeydiyyatda olan sürücü olduğu üztanıma texnologiyası ilə təsdiqlənməlidir. Əks halda, sürücünün xətti avtomatik bağlanacaq və o, sifariş qəbul edə bilməyəcək.

Əlbəttə, yeni qayda sürücülər üçün müəyyən narahatlıqlar yaradacaq. Gün ərzində dəfələrlə təsadüfi yoxlamalarla üzləşmək, hər dəfə telefonu əlinə alıb üztanıma prosesindən keçmək əlavə vaxt və enerji tələb edəcək. Bəzi sürücülər buna etiraz edə və ya işini yarımçıq qoymaq məcburiyyətində qala bilər.

Xüsusilə avtomobilini başqasına icarəyə verib işlədənlər və ya öz əvəzinə başqa sürücünü yola çıxaranlar üçün bu sistem ciddi problem yaradacaq. Çünki onların qazanc modeli artıq pozulacaq.

Yeni qayda xidmətin keyfiyyətinə ümumilikdə müsbət təsir göstərə bilər. Çünki sərnişinlər daha etibarlı və tanınan sürücülərlə yol gedəcək, sürücülər də məsuliyyətli davranmağa məcbur olacaq.

Amma əgər bu qayda çox sərt tətbiq edilərsə, bəzi sürücülər işdən çəkilə bilər və nəticədə taksi çatışmazlığı, qiymət artımı kimi mənfi nəticələr də yarana bilər. Platformalar bu riski nəzərə almalı və keçid dövründə sürücülərlə dialoq qurmalıdır.

Bu dəyişiklikdən ən çox qazanan tərəf sərnişinlər olacaq. Çünki daha təhlükəsiz, daha etibarlı və şəffaf xidmət alacaqlar. Platformalar da reputasiyasını qoruyacaq, qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparacaq. Sürücülər üçünsə bu həm yeni məsuliyyət, həm də müəyyən çətinlik deməkdir. Qanuni işləyənlər üçün isə əksinə, bazarda rəqabət şəraitinin təmizlənməsi və daha çox qazanc imkanı yarana bilər.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...

Rauf Ağamirzəyev

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni tələblər gözəl haldır, amma cəmiyyət özü də aktiv olmalıdır. Onun sözlərinə görə, insanlar qarşılaşdığı mənfi hallar barədə dövlət orqanına məlumat verməli və keyfiyyətin artırılmasına özləri də maraqlı olmalıdır: “Əgər sifariş etdiyiniz zaman tətbiqdə görünən avtomobil ünvana gələnlə eyni deyilsə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sosial media hesablarına, qaynar xəttinə məlumat ötürülməlidir. Dövlət orqanı isə mütəmadi olaraq monitorinq etməli və öz öhdəsinə düşən işi görməlidir. Bu məsələdə cəmiyyət də aktiv olmalıdır ki, keyfiyyətin artırılmasına daha tez nail olaq. Bir il ərzində avtoparkda xeyli dəyişikliklər baş verib. Məsələn, əgər əvvəl taksi parkında 15 yaşa qədər olan avtomobillərin sayı 62 faiz idisə, islahatdan sonra bir il ərzində 5 yaşlı avtomobillərin sayı 67 faizə qalxıb. Parkda 5 yaşa qədər olan avtomobillərin 62 faizi ağ rəngdədir. Bu isə göz kirliliyinin qarşısını alır. Düşünürəm ki, bu növ yeniliklər kimi SİMA-nın üztanıma texnologiyası da neqativ halların qarşısını almağa kömək edəcək. Əvvəldə dediyim kimi, bu məsələdə əsas olan cəmiyyətin aktivliyidir. Həmçinin AYNA-nın qaynar xətt xidmətinin 7/24 rejiminə keçirilməsinə  də ehtiyac var”.

Ekspert deyir ki, üztanıma texnologiyası şəffaflığı təmin edəcək: “Dünyanın hər yerində sərnişin və yük daşıyan sürücülərə kriteriyalar sərt qoyulur. Çünki sürücülük sahəsi ağır və stressli sahədir. Ümumiyyətlə, dünyada bu növ peşələr daha çox böyük maaş ödəyən və qazanc verən sahələr sayılır. Bizdə isə təəssüflər olsun ki, sürücülük peşəsinə fikir birmənalı deyil. Hər iş tapa bilməyən adam sürücülüyə üz tutur. Bu yanaşmanı dəyişmək lazımdır. Belə qayda və qərarlar bu peşənin çəkisini və ehtiyacı artırır. Son 3 ildə yükdaşıyan sürücülərin sayı 3 dəfə artıb, 3 mindən 13 minə qalxıb.

Sərnişindaşımada da peşəkar avtobus sürücülərinə ehtiyac var. Bu ehtiyac bir az da artacaq. Digər tərəfdən, taksi sahəsində olan islahatlar da onu göstərir ki, peşəkarlığa hər zaman ehtiyac var. Dünyada da sərnişindaşımada sürücü qıtlığı var. Bu halla Qazaxıstanda, Rusiyada da qarşılaşırlar. Hər ölkə daha peşəkar sürücü axtarışındadır. Bir neçə il bundan öncə bizim sürücülər Polşaya və digər Avropa ölkələrinə axın edirdi. Düşünürəm ki, sertifikatlaşma və tələbləri qoyduqdan sonra bu, gələcək üçün sürücü kadr bazasını formalaşdıracaq".

R.Ağamirzəyev deyir ki, Azərbaycanda yaxın illərdə ictimai nəqliyyatın keyfiyyətinin artırılması istiqamətində qərarlar qəbul ediləcək: “Avtopark dəyişdikcə peşəkar sürücülərə ehtiyac olacaq. O zaman təcrübə toplamış sürücülər digər rayonlarımızda da fəaliyyət göstərə biləcəklər. Yaxın illərdə bu sahədə inkişafın olacağı regionlardan biri də Gəncə və Naxçıvandır. Digər rayonlarda da ard-arda bu növ sürücülərə ehtiyac duyulacaq.

Biz rəsmi qeydiyyatda olan daşıyıcıya etibar etməliyik. Belə olduğu halda hansısa problemlə üzləşəndə onun həllinə daha operativ nail olmaq mümkün olacaq".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat” 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR