Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri, Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirakı “Bir millət, iki dövlət”in yazdığı şərəfli tarix kitabında növbəti möhtəşəm səhifə oldu! Sevinci də, kədəri də bir olan iki qardaş ölkənin 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələnin ağrı-acılarını bir yerdə aradan qaldırılması ilə bağlı gördüyü işlərə Kahramanmaraşda əbədi bir abidə qoyuldu! Yenidən qurulan, tikilən, dikələn Azərbaycan məhəlləsi Azərbaycan və Türkiyə qardaşlığının növbəti rəmzi, simvoluna çevrildi!
Dağıdıcı zəlzələ zamanı qardaş ölkənin 11 əyalətində 12 min 796-sı Maraşda olmaqla 53 min 735 insan həlak oldu. Türkiyə vətəndaşları Liderinə inandı, Dövlətinə güvəndi, həm də ilk andan yanında olan Azərbaycan kimi qardaşı var deyə, sabaha inamı sarsılmadı. “Azərbaycan” məhəlləsində tikilən 90-dan çox binadakı 1200 mənzildə yaşayacaq insanların gözlərindəki sevinci görmək necə də xoş idi. Azərbaycan və Türkiyə liderləri Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasına gedərək müəllimlər və şagirdlərlə görüşdülər, şagirdlərə qiymət cədvəllərini təqdim etməklə yanaşı, çantalar bağışladılar. Çox gözəl və yaddaqalan anlar oldu. O uşaqların içərisindən bəlkə də gələcəkdə Türkiyəyə rəhbərlik edəcək şəxsiyyətlər də yetişəcək və 19 iyun 2025-ci ili fəxrlə xatırlayacaq. Məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısının səslənməsi də möhtəşəm idi. Bizim bir ailəmiz var, Türk dövlətlərinin ailəsi və hər bir Türk dövlətinin bayrağı bizim üçün əzizdir, doğmadır, əyilməzdir! Prezident İlham Əliyevin eyvanlardan birində asılmış Azərbaycan bayrağını əzizləyərək onun qatını açması bütün social mediada, mətbuatda sevgi və böyük minnətdarlıq hissi ilə paylaşıldı. Bu, həm də bir nümunədir hər birimiz üçün, bayraq toxunulmazdır, ona daim sayğı olmalıdır. Bayrağımıza həqarət edən düşmənlərin isə gözləri oyulur, yaxın tarixdə hər kəs gördü! Türkiyə və Azərbaycanın Ay-ulduzlu bayraqları bəşər övladı durduqca qoşa dalağalanacaq, buna kimsənin şübhəsi olmasın. Çünki bizim qardaşlığımızı özündə ehtiva edən, birliyimizi möhkəmləndirən o qədər amillər, əsaslar, bağlılıqlar var ki…Azərbaycan məhəlləsi də onlardan biri oldu, qardaş-bacılarımız evlərində sağlıqla yaşasınlar, toy-büsatlı günlər keçirsinlər.
Kim bilir, bəlkə günün birində qardaş Türkiyə də erməni vandalizmi nəticəsində darmadağın olmuş Qarabağımızda, Şərqi Zəngəzurda Türkiyə məhəlləsinin tikilməsinə qərar verəcək…Bu səmimiyyət, bu, qarşılıqsız qardaşlıq əsrlərdir yüksəklərə doğru davam edir və hər birimizi qürurlandırır. Birliyimizi möhkəmləndirəcək addımları bir an da olsa, səngitmək olmaz, o dəqiqə araya suları bulandırmağa, qan qaraltmağa cəhd gustərənlər dövriyyəyə girməyə çalışır, vətəndaş cəmiyyəti, media və s. adlar altında antitürk qüvvələr ortaya düşür. Kahramanmaraş abidəsi, Kahramanmaraşda izdihamın əllərindəki qoşa Türk bayraqları, dillərdəki qardaşlıq duaları, iki qardaş Liderin qoşa addımları və tarixi ismarıcları hər birimizi qürurlandırdı, düşmənlərimizin gözlərinə, ürəyinə dağ çəkdi. Azərbaycan Prezidentinin dediyi kimi, “Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.
Ötən əsrin əvvəlində Çanaqqala sınağı var idi Türkün tarixində, Azərbaycandan gedən könüllülər də Türkiyə uğrunda “uf” demədən canından keçmişdilər, onların müqəddəs ruhu da sevinir uğrunda can verdikləri qardaş məmləkətdə qurulan bu növrağa görə. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycanı xilas uğrunda canından və qanından keçməsini də hər zaman böyük sayğı və minnətdarlıqla xatırlayacağıq. Qagramanmaraşda “Azərbaycan” şəhərciyinin açılış mərasimindən 107 il əvvəl Azərbaycan-türk qoşunları Ucar rayonunda bolşevik-daşnak dəstələrini darmadağın etmişdilər. Savaşda da, rufahda da birgəyik, iriyik, diriyik, əsrlər keçsə də!
Prezident İlham Əliyev əbəs yerə Şuşa Bəyannaməsini xatırlatmadı. Sitat: “Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında da qardaşlığımızın möhkəm təməllər üzərində əbədiyyətədək davam edəcəyinə möhkəm inam ifadə olundu: “Bəli, bu gün burada “Bir millət, iki dövlət” şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. “Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan”, - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin”.
Üç həftə əvvəl 28 May - Müstəqillik Günü münasibətilə Laçında oluqlarını deyən Türkiyə Prezidenti “Füzuli və Zəngilandan sonra Laçın Beynəlxalq Hava Limanını da İlham qardaşımla birlikdə istifadəyə verdik.
İşğaldan azad edildikdən sonra Qarabağın hər tərəfində inkişaf və bərpa işləri sürətlə davam edir. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması ilə, inşallah, bu işlər daha da sürətlənəcək”, söyləməklə əslində bir gün sonra Türkiyəyə səfər edəcək – artıq Ermənistanın baş naziri Türkiyədədir – Nikol Paşinyana da düşünmək üçün son mesajlarını ünvanlamış oldu. Türkiyə və Azərbaycanın birlik, bərabərlik mesajları sülhə, barışa əsaslanır, kimisə təhdid məqsədi daşımır. Bu reallığı anlamayanlar uduzacaqlar, məğlub olacaqlar! Azərbaycan Prezidentinin Paşinyandan bir gün öncə Türkiyəyə dəvət olunması heç şübhəsiz ki, təkcə “Azərbaycan” şəhərciyinin qırmızı lentinin kəsilməsi, məhəllədəki mənzillərin sakinlərə təhvil verilməsi ilə bağlı deyildi, bu, həm də böyük qardaşlıq jesti, birlik nümunəsi və Ermənistana, onun havadarlarına öz hesablarını götürmək üçün son ismarıcların çatırılacağı tarixi hadisə idi. Azərbaycan Prezidenti çıxış edərkən izdihamın alqış sədaları ilə “Qarabağ Fatehi” hayqırması qürurverici və möhtəşəm səhnə idi. Türkə zəfərlər yaraşır, amma kimsə kəm baxacaqsa, cavabını da alacaq!
Ən nəhayət, bəzilərinin “qırmızı xətt” hesab etdiyi Zəngəzur dəhlizi ilə bağlı qərarı Ermənistan məhz bu gün açıqlamalıdır, sabah gec ola bilər! Əvvəla, 5 il öncə üzərinə götürdüyü öhdəliyə əməl etməlidir! Digər tərəfdən, İranda yaşananlar fonunda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunması mümkünsüzdür. Zəngəzur dəhlizi bu gün həm də humanitar məqsədlə istifadə olunacaq ünvanlardan biridir. Təkcə Çinin 10 min vətəndaşı İranda çarəsiz durumdadır. Belə bir durumda yolkəsənlik etmək yox, yolu, dəhlizi açmaq gərəkdir!
İndiki həssas durumda Zəngəzur dəhlizinə əşhədu-ehtiyac yaranıb, Ermənistan bunu anlamalıdır!!! Zəngəzur dəhlizi Türkiyəyə, Türk birliyinə və nəhayət, Avropadan Asiyayadək bir çox güclərə lazımdır, bunu da qansalar, pis olmaz! Türkiyədən sərhəd qapılarını açmağı xahiş edəcəyi şübhə doğurmayan Nikol Paşinyan əvvəlcə Zəngəzur dəhlizini açmalıdır, məsələ bu qədər sadə!
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ