Onlayn ictimai-siyasi qəzet
2022-ci ildən etibarən İsraili tərk edən vətəndaşların sayında kəskin artım və ölkənin miqrasiya balansında 125 200 nəfərlik azalma qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bununla bağlı hesabat bazar ertəsi Knessetin immiqrasiya, adaptasiya və diaspora məsələləri üzrə komitəsində təqdim edilib.
Hesabat Knessetin Tədqiqat və İnformasiya Mərkəzi (RIC) tərəfindən hazırlanıb və komitənin sədri, Knesset üzvü Gilad Karivin (demokratlar) rəhbərliyi ilə keçirilən iclasda təqdim olunub.
“Son iki ildə on minlərlə israilli İsraili tərk etməyə qərar verib. Bu, sadəcə miqrasiya dalğası deyil - bu, ölkəni tərk etməyə qərar verən israillilərin sunamisidir”, - deyə Kariv bildirib.
Komitə iclasında Kariv hökuməti bu meylin ciddiliyini tanımağa və onun qarşısını almağa yönəlmiş addımlar atmağa çağırıb:
“Uzun müddətdir xaricdə yaşayan israillilərin geri dönməsini təşviq etmək üçün hərtərəfli dövlət planı hazırlanmalıdır”.
Hesabata əsasən, 2022-ci ilin əvvəlindən bəri israillilərin miqrasiya balansı təxminən 125 200 nəfər azalıb. Bu göstərici uzunmüddətli olaraq ölkəni tərk edənlərin sayından geri dönənlərin sayının çıxılması yolu ilə hesablanıb (yeni immiqrantlar və vətəndaşlıq alanlar nəzərə alınmadan).
Knessetin RIC Mərkəzindən doktor Ayala Eliyahu bildirib ki, “2022-ci ildən bəri uzunmüddətli qalmaq üçün ölkəni tərk edən israillilərin sayında aydın artım, eyni zamanda geri dönənlərin sayında azalma müşahidə olunur”.
Onun sözlərinə görə, illər ərzində İsraili tərk edənlərin sayı fasiləsiz artıb:
“2022-ci ildə miqrasiya səbəbindən 29 700 nəfər, 2023-cü ildə 58 600 nəfər, 2024-cü ildə isə avqusta qədər 36 900 israilli azalıb”.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ