İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ermənistana çörək verəcək - Bakıdan tarixi jest

Vaşinqton anlaşmasından sonra İrəvan blokadadan çıxır - Qazaxıstan taxılı Aktau-Bakı marşrutu ilə bu ölkəyə daşınacaq; yekun sülh sənədinədək daha hansı yaxşılığı edə bilərik?

“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb”.

“Yeni Müsavat” bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib. Dövlət başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

“Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana istiqamətlənən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”. Bunu isə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib: “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq qurulmuş sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”. “Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək. Sülh qurulub”.

Ermənistanın iqtisadiyyat naziri ABŞ-yə gedəcək

Bunu da Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Öz növbəsində baş nazirin müavini Mqer Qriqoryan isə bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması regionda əməkdaşlıq və sülhə töhfədir.

Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

Ermənistan işğalçılıq siyasəti səbəbindən 30 ildən çoxdur ki, blokada şəraitindədir. Ağ Evdə əldə olunan sülh anlaşmasından sonra Bakı ilə İrəvan arasında etimad mühiti yaranmağa başlayıb. Paraflanmış sülh mətnində də tərəflərin diplomatik əlaqələr qurması, iqtisadi sahədə əməkdaşlıq nəzərdə tutulur. Eyni zamanda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması hələ 2020-ci ilin 10 noyabr sənədində razılaşdırılmışdı. İndi isə bəlli olur ki, Azərbaycan yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

Bu qərar daha hansı istiqamətdə daşınan yüklərə aiddir? Ermənistan Azərbaycan üzərindən yükləri Rusiya və İrana və əks istiqamətdə də daşıyacaqmı? Sülh müqaviləsi imzalanmadan Bakı İrəvana daha hansı güzəşti və ya yaxşılığı edə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək. Onun fikrincə, bu, Azərbaycanın da maraqlarına uyğundur: “Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxır. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin”.

Politoloq Züriyə Qarayeva hesab edir ki, növbəti addımlar da istisna deyil, həmçinin Türkiyədən Ermənistana bəzi jestlər ola bilər: “Bakı və Ankara saatları tutuşdurur, hədəf həm də Paşinyanın hakimiyyətdə qalmasını təmin edə bilməkdir. Lakin sülh quruculuğu prosesində təbii ki, bu qərarların verilməsi normaldır. Tərəflər qarşılıqlı addımlar atmalıdırlar ki, inam güclənsin, əlaqələr normallaşsın, erməni cəmiyyətində xəstə zehniyyətli adamların da düşüncəsində dəyişikliklər olsun. Azərbaycan bir daha sübut edir ki, onun düşmənçilik niyyəti yoxdur, qarşı tərəfin işğalçı hərəkətləri ucbatından bu imkanlardan məhrum olublar. İndi sülh razılaşması var və blokada şəraitinə son qoyulması istiqamətində addımlar atılır”.

Politoloq ehtimal edir ki, növbəti qərarlardan biri Rusiyadan məhsulların Azərbaycan üzərindən Ermənistana daşınması ola bilər: “Çünki yeganə yol Gürcüstanın Yuxarı Lars istiqamətidir. Bu ərazinin relyefi dağlıqdır, xüsusən qış aylarında çətinliklər yaranır, yük maşınları günlərlə gözləməli olur. Azərbaycan bu şansı da Ermənistana verə bilər. Amma İrəvan da Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlarını sürətləndirməlidir. Eyni zamanda yekun sülh müqaviləsinin imzalanması üçün Bakının sonuncu şərti də yerinə yetirilməlidir. Məncə, Qazaxıstan taxılının daşınması ilə bağlı qərarın özü də onu göstərir ki, Ermənistan konstitusiya dəyişikliyinə gedəcək, rəsmi Bakı buna əmindir və ona görə belə bir addım atır. Sadəcə, zaman məsələsi var və gələn ilin yayında keçiriləcək seçkilərdə Paşinyanın qələbəsi həm də tezliklə referendum qərarına gətirib çıxaracaq”.

Qeyd edək ki, Cənubi Qafqaz regionunun şərqində yerləşən Ermənistan şərqdən Azərbaycan, qərbdən Türkiyə, şimaldan Gürcüstan və şərqdən İranla həmsərhəd olan kiçik dövlətdir. Azərbaycana məxsus bölgələri işğal altına alan Ermənistan bununla özünü Azərbaycan və Türkiyədən təcrid edib, iqtisadi blokada vəziyyətinə salıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR