İnsanlara hürriyət, millətlərə istiqlal!

Kampaniya uzmanına qarşı kampaniyanın uzanması

İndiki cavanlar bilməz, bu kampaniyaçılıq mərəzi bizə sovet dövründən qalıb. O vaxtlar da belə şeylər çox olardı: vəzifədən götürülən antipodları (bu, o vaxtın ifadəsi idi) vaxtaşırı qamçılayardılar.

Bizim yaşımız çatmır, amma böyüklər danışırdı ki, ötən əsrin 30-cu illərində də belə olub: “xalq düşmənləri”ni, “qolçomaq”ları iclaslarda, qəzetlərdə eyzən qamçılayıb, qara-qançır edimişlər.

Yəni aşağı-yuxarı 100 ilə yaxındır bu işlə məşğuluq, əngin təcrübəmiz var.

50-60 il qabaq isə əmək kollektivlərində “çürüməkdə olan kapitalizm dünyasına meyllənən” dissidentləri qamçılayırmışlar. Çıxış edənlər növbə ilə tribunaya çıxıb deyirmişlər ki, düzdür, biz müəllifim mənfur əsərini oxumamışıq, amma yazılanlara etiraz edir, nifrətimizi bildiririk.

Partiya bir əsərə pis deyəndən sonra ta onu niyə oxuyub qanını qaraldasan? O boyda partiya bilmirmi ki, yaxşı nədir, pis nədir.

Dünən bu mövzuda düşünərkən internet resurslarında (əcəb savadlı söz birləşməsidir) qarşıma məşhur müğənnimiz Alla Puqaçova ilə bağlı qeydlər çıxdı. Heç demə, 38 il əvvəl o dönəmin ulduzu olan müğənniyə qarşı babat media kampaniyası aparılıb.

Buna Alla özü rəvac verib. O zamanlar o, adı qulağına dəymiş, özünü sovet elitasının favoriti sayan, nazlı-qəmzəli bir xatun olub. Müğənni baş rolda oynadığı filmlərdə dava salırmış. Bir dəfə də operatorun işindən narazı qalıb, rejissora şikayət edib ki, yaramaz gədə onun gözəl ayaqlarını və gözəl gözlərimi eybəcər şəkildə çəkir.

Allaya qarşı kampaniyaya səbəb olan hadisə isə Leninqradda olub. Müğənni “Pribaltiyskaya” otelinə gəlib və bir gün əvvəl köməkçisinin bron etdiyi lüks nömrəyə qalxmaq istəyib. Deyiblər, o yer tutuludur, sənə başqa otaq verərik. Qırğın düşüb. Alla qışqırıb, otelin qadın baş administratoru da bağırıb. Ta saçyoldu olub-olmayıb, mənbələrdə təfərrüat yoxdur. Axır ki, Puqaçovanı bron etdiyi nömrəyə buraxmayıblar.

O vaxt sosial şəbəkə olsaydı, tərəflər qovğanı videoya çəkər, paylaşardılar, hamı da bilərdi ki, günah kimdədir. Amma elə bir platforma olmadığından otelin baş administratoru Nina Baykova Allanı qabaqlayıb, həm milisə müraciət edib, həm də “Leninqradskaya pravda” qəzetinə məqalə yazıb, başlığını da belə qoyub: “Biz “ulduz”la toqquşduq”.

Daha sonra “Veçerniy Leninqrad”, “Smena” və başqa qəzetlər bu hadisəni işıqlandırıb. Sıra Moskva qəzetlərinə də çatıb. “İzvestiya”, “Komsomolskaya Pravda”, “Pravda”, “Sovetskaya Rossiya”, “Moskovski Komsomolets”, “Sovetskaya Kultura”, “Trud”, “Veçernyaya Moskva”, “Moskovskiye Novosti”, “Nedelya” və bir çox mərkəzi nəşrlər Alla Puqaçovanı yerlə bir ediblər. (Görünür, şöhrətli və varidatlı müğənnilərə ümumxalq sevgisi və nifrəti o vaxtlar da paralel şəkildə olub, həm sevə-sevə şəkil çəkdiriblər, həm də dalınca “gəzəyən” deyiblər).

Bundan sonra əmək kollektivləri ayağa qalxıb ki, qudurmuş müğənninin “xalq artisti” fəxri adı əlindən alınsın. Nə var, nə var, müğənni əvvəlcədəm bron etdiyi lüks nömrəini tələb edib. Sonra yuxarılardan kimsə xalqı durdurub.

Bu baxımdan günümüzdə “qamçılanan”lar kampaniyaya gərək anlayışla yanaşsınlar. Bir küləkdir, gəlib, əsib, keçəcək. Düzdür, bu külək qayadan çox şeyləri apara, hətta dekordursa, “qaya”nın özünü də aşıra bilər, amma yenə də dözümlü olmaqda yarar var.

Müəllim özü də belə kampaniyaları təşkil etməyin uzmanıydı. Yadıma gəlir, iki deputat - Akif Şahbazov və Mahir Əsədov YAP-dan çıxıb Rəsul Quliyevin partiyasına keçəndə ölkənin elə bir rayonu qalmadı ki, orada əmək kollektivlərində bu ikilinin əleyhinə iclaslar, mitinqlər keçirilməsin. İclasların hamısından geniş reportaj AzTV ilə verilirdi. Hətta süjetlərin birində çıxış edən tələbə yoldaşımı da gördüm. Tələbə olduğu vaxt əsas işi yeyib-içib gəzmək olan qardaş qeyzli-qeyzli deyirdi ki, dövlətin çörəyi o xainlərin burnundan gəlsin.

Bu kampaniya təxminən 3 həftə davam etdi, sonra bitdi. Deyirdilər ki, qamçılama, qırmanclama kampaniyasını şəxsən Mehdiyev təşkil edir, üstündə durur ki, sürəkli olsun.

Bu hesabdan onun özünə qarşı başlanmış kampaniya da təxminən 3 həftə uzanacaq. 10 günü artıq arxada qalıb. 11 gündən sonra bitəcək. 4 ay + da çəkə bilər.

Sadəcə, indi əmək kollektivləri yoxdur. Kollektiv qamçılama daha ləzzətli və emosional olur. Bəzi adamlar hissə qapılıb, kövrəlir. Saytlardakı qırmanclama o effekti vermir.

Yadımdan çıxmamış deyim ki, Alla Puqaçovaya qarşı kampaniya hələ də davam edir. Bu dəfə o, otel administratoruna yox, birbaşa federasiya administratoruna ilişib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR