İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi Tramp haqda elə sözlər dedi ki... - İranın arxayınlığının səbəbi

Ali dini lider “ayaqdayıq” mesajı verdi; uranın zənginləşdirilməsi prosesi davam edir...

İranın ali dini lideri ayətullah Əli Xamneyi ABŞ Prezidenti Donald Trampı İsrailə səfəri zamanı söylədiyi fikirlərə görə kəskin tənqid edib. Xamneyinin sözlərinə görə, Amerika prezidenti “boş sözlər və axmaq hərəkətlərlə işğal olunmuş Fələstində ümidsizliyə düşən sionistlərə ümid aşılamağa çalışıb”.

“ABŞ prezidenti öyünür ki, "biz İranın nüvə sənayesini bombaladıq və məhv etdik". Yaxşı, xəyal qurmağa davam et!", - Xamneyi deyib.

İran liderinin yuxarıdakı sözlərini necə oxumalı? 12 günlük müharibə zamanı doğrudanmı Tehranın nüvə proqramı heç bir zərər görməyib?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, cənub qonşumuz “gücümü itirməmişəm” mesajları veriməkdədir. Deputatın sözlərinə görə, İranın ali dini lideri ayətullah Əli Xamneyinin ABŞ Prezidenti Donald Trampın İsrail səfəri zamanı söylədiyi fikirlərə bu dərəcədə emosional reaksiya verməsi əslində regionda yaranmış yeni siyasi və hərbi balansdan doğan gərginliyin ifadəsidir: “Xamneyinin ritorikasında "boş sözlər" və “axmaq hərəkətlər” kimi ifadələrin yer alması göstərir ki, Tehran son toqquşmalar fonunda siyasi cəbhədə təşviş keçirmir, əksinə, öz gücünü qoruduğu barədə mesaj verməyə çalışır.

İsrail və ABŞ-nin keçirdiyi 12 günlük hərbi əməliyyatlar fonunda İranın nüvə infrastrukturunun ciddi zərər görməsi barədə iddialar hələ də rəsmi şəkildə təsdiqlənməyib. Rəsmi Tehran bu məsələdə susqunluğunu strateji üstünlüyə çevirir, yəni nə itirdiyini demir, zəiflədiyini etiraf etmir. Əslində Xamneyinin “xəyal qurmağa davam et” ifadəsi həm daxili auditoriyaya, həm də Qərbə yönəlmiş bir psixoloji mesajdır - İran göstərmək istəyir ki, onun müdafiə və nüvə imkanları hələ də tam gücündədir.

Donald Trampın ritorikasında güc nümayişi, Xamneyinin cavabında isə ironik meydan oxumaq var. Bu, ABŞ ilə İran arasında artıq diplomatik deyil, psixoloji qarşıdurma mərhələsinə keçidin əlamətidir. Ali dini liderin soyuqqanlı və arxayın davranışları nə qədər daxili auditoriyaya hesablanmış addım olsa da, reallıq tamamilə fərqlidir. Hazırkı mərhələdə regionun güc mərkəzləri arasında informasiya, təbliğat və rəmzlər üzərindən aparılan savaş real silahların səsini kölgədə qoyur. Xamneyinin çıxışı da bu mübarizənin bir parçasıdır - o, öz xalqına “biz məğlub olmadıq” mesajını verir, dünyaya isə “İranla zarafat olmaz” siqnalı ötürür. Lakin bu nisbidir".

Azərbaycan Ordusu dünyaya nümunə göstərdi”-Mübariz Göyüşlü

Mübariz Göyüşlü 

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü İsrail və ABŞ-nin İrana hücumlarının islam respublikasına böyük ziyan vurduğunu düşünür: “Aparıcı hərbi, siyasi, elmi elitanın nümayəndələrinin öldürülməsi, hərbi və mülki obyektlərə vurulan zərbələr İranı çox çətin duruma saldı. Bu zərbələrin, xüsusilə də nüvə sənayesinə endirilən zərbələrin tamamilə ziyansız bir şəkildə sonlandığını iddia etmək doğru deyil. Hətta mən deyərdim ki, İsrailin ilk günlərdə vurduğu zərbələr miqyasına və nəticəsinə görə nəinki çox böyük idi, hətta rəsmi Tehran üçün şokedici idi. Bu zərbələrdən toparlana bilməyən İran növbəti ağır zərbələrlə də qarşılaşdı. Nüvə sənayesinə endirilən zərbələr isə İranı daha çətin bir duruma saldı. ABŞ-nin məhv edilməsi mümkün olmayan son model bombardmançı təyyarələri İrana, onun nüvə sənayesinə ağır zərbələr endirdi. Hətta bir sıra məqamlarda adamda elə bir təəssürat yaranırdı ki, İran səması İsrail-ABŞ təyyarələri üçün maneəsiz bir məkana çevrilib.

Lakin bütün bunlara baxmayaraq, İsrailin, eləcə də ABŞ-nin hücumlar vasitəsilə istəklərinə tam şəkildə çatdıqlarını söyləmək mümkün deyil. İsrailin əsas hədəfi İranın nüvə sənayesini məhv etmək, onu tamamilə dayandırmaq idi. Bu hədəfə nail olunduğunu elan edənlərlə razılaşmaq olmur. İranın nüvə sənayesi nəinki məhv olub, görünən budur ki, ölkə yeni bir sürət və cəhdlərlə dağılanları bərpa etməkdə, uranın zənginləşdirilməsini davam etdirməkdədir. Bütün bunlardan çıxış edərək, İran tərəfinin bəyanat və açıqlamalarını araşdıraraq, belə qənaətə gəlmək olar ki, rəsmi Tehranın nüvə sənayesi, hərbi infrastrukturu ABŞ-İsrail tərəfinin elan etdiyi şəkildə zədə almayıb və proses dayandırılmayıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR