Onlayn ictimai-siyasi qəzet
Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında yeni görüşün keçirilməsi ehtimalı tamamilə istisna edilmir.
Musavat.com xəbər verir ki, Levitt Budapeştdə keçirilməsi planlaşdırılan sammitin ləğvi ilə bağlı açıqlamasında deyib:
“Prezident uzun müddətdir ki, Vladimir Putinə və açığı, münaqişənin hər iki tərəfinə qarşı narazılığını ifadə edir. Təəssüf ki, son vaxtlar Rusiya tərəfindən sülhə doğru real maraq və təşəbbüs müşahidə olunmur. Buna görə də bu iki lider arasında görüş tamamilə mümkünsüz sayılmır”.
Ağ Evin sözçüsü vurğulayıb ki, Tramp administrasiyası yalnız real nəticə verəcək bir görüşün baş tutmasına maraqlıdır:
“Cümə axşamı keçirilən telefon danışığından sonra prezident Tramp artıq inanmır ki, Putin sülh istəklərinə sadiqdir. O, sadəcə söz deyil, əməl görmək istəyir”.
Levitt qeyd edib ki, Tramp Yaxın Şərqdə əldə etdiyi sülh sazişinin nəticələrindən motivasiya alır və Ukrayna müharibəsinin bitməsi üçün konkret addımların atılmasını istəyir:
“Prezident vəzifəyə başladığı doqquz ay ərzində dəfələrlə vurğulayıb ki, bu münaqişənin uzanması qəbuledilməzdir. Hər iki tərəfdən irəliləyişin olmaması onu getdikcə daha çox narahat edir”.
Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp mümkün görüşü yalnız o halda nəzərdən keçirəcək ki, danışıqlar sülh istiqamətində ölkələrarası münasibətlərin bərpasına real təsir göstərə bilsin.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ