İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərhad Məmmədovdan İrəvan səfəri ilə bağlı PAYLAŞIM - FOTOLAR

Oktyabrın 21-22-də İrəvanda olmuş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov səfəri barədə sosial şəbəkədə paylaşım edib.

Musavat.com xəbər verir ki, politoloq Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın rəsmi qurumları görüşün sırf ikitərəfli formatda baş tutması üçün zəruri şərait yaradıblar:

"Uzun illərdən sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi “Zvartnots” hava limanına enib – bu, yaxın gələcəkdə iki ölkə münasibətlərində adi hala çevrilə biləcək mühüm detal kimi qiymətləndirilir.

Heç kimə sirr deyil ki, Azərbaycan və Ermənistan ekspertləri müxtəlif beynəlxalq layihələr və tədbirlər çərçivəsində vaxtaşırı görüşürlər. Lakin bu dəfə bütün detallar sırf ikitərəfli formatda hazırlanıb - İrəvana uçuşdan tutmuş, proqramın formalaşdırılmasına və mətbuat açıqlamasının mətninə qədər hər şey iki ölkənin təşəbbüsü ilə gerçəkləşib. Bu, sülh gündəliyi baxımından çox vacib məqamdır, çünki müstəqil şəkildə təşkil olunan belə görüşlər tərəflərə əlavə məsuliyyət və sülh prosesinə yeni impuls qazandırır".

Fərhad Məmmədov qeyd edib ki, Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında qarşılıqlı fəaliyyətin çərçivəsini müəyyən edib:

"Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan əldə olunan razılaşmaları möhkəmləndirmək və əlaqələri genişləndirmək istiqamətində addımlar atırlar. Bu, asan yol deyil - çünki xarici “sponsor” yoxdur, bütün işlər ikitərəfli formatda həyata keçirilir. Hökumətlər artıq vətəndaş cəmiyyətinin nümayəndələrinin sülh prosesinə qoşulması üçün kifayət qədər zəmin yaradıblar. Məqsəd uzunmüddətli sülh və sabitlikdir.

Görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik təmin edilib. Müzakirələrdə regional geosiyasətdən tutmuş cəmiyyətlərdə narahatlıq doğuran mövzulara qədər geniş spektrdə məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qrupun məqsədləri və mümkün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Əlbəttə, İrəvanda gəzintiyə çıxmaq, illərdir media vasitəsilə izlədiyin şəhəri öz gözünlə görmək də maraqlı idi. Hətta təsadüfən efirlərdən tanıdığım bir jurnalistlə rastlaşmaq da mümkün oldu...

Təbii ki, bəzi erməni resurslarında təhqiramiz və mənfi fikirlər səslənir, bəzi azərbaycanlı platformalarda isə “razılaşmaq mümkün deyil” kimi fikirlər yazılır. Bu, hazırkı dövr üçün normaldır — ictimai şüur hələ sülh gündəliyinə uyğunlaşma mərhələsindədir. Lakin dövlət səviyyəsində sülh prosesini irəli aparmaq üçün qərarlar qəbul olunur. Əgər bu tarixi mərhələdə sabitlik və davamlı sülhün formalaşması üçün real şərait yaranıbsa, bundan maksimum istifadə edilməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR