Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Budapeştdə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilməsi planlaşdırılan görüşü qəfil ləğv edib. Ağ Evdən bildirilib ki, görüşün taleyi hələlik qeyri-müəyyəndir və Tramp yaxın iki gün ərzində sammitin yenidən keçirilib-keçirilməyəcəyi barədə qərarını açıqlayacaq. Bu qərar beynəlxalq arenada böyük rezonans doğurub, çünki Budapeşt görüşü Rusiya-Ukrayna müharibəsində diplomatik irəliləyiş üçün nadir fürsət kimi qiymətləndirilirdi.
Məlumata görə, Vaşinqtonun bu addımı Moskvanın sərt və güzəştə getməyən mövqeyi ilə bağlıdır. “Reuters”in diplomatik mənbələrinin bildirdiyinə görə, Kreml ötən həftə ABŞ-a qeyri-rəsmi diplomatik nota göndərərək Donbas bölgəsi üzərində Rusiyanın tam nəzarətinin tanınmasını və NATO-nun Ukrayna ərazisində hər hansı formada mövcudluğunun qəti şəkildə istisna edilməsini tələb edib. Bu, faktiki olaraq Qərbin Ukrayna ilə bağlı indiyə qədər qəbul etdiyi təhlükəsizlik və müstəqillik prinsipinə ziddir.
Ağ Evdən verilən açıqlamada qeyd olunur ki, Prezident Tramp “atəşkəsin əsaslarını sarsıdan və Ukraynanın suverenliyini pozan” bu kimi şərtləri qəbuledilməz hesab edir. Bununla belə, Vaşinqton diplomatik kanalların tam bağlanmadığını, qarşıdakı iki gün ərzində sammitin bərpası ilə bağlı ehtimalların nəzərdən keçiriləcəyini vurğulayıb.
Bu arada, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar və iqtisadi təzyiq mexanizmlərini nəzərdə tutan qanun layihələri hazırlanır. Layihələrdə enerji sektoruna, bank sisteminə və yüksək texnologiyalara yönəlmiş məhdudiyyətlərin sərtləşdirilməsi təklif olunur. Analitiklər hesab edirlər ki, Trampın Budapeşt görüşünü təxirə salması həm daxili siyasi təzyiqlər, həm də Respublikaçılar Partiyası daxilində artan anti-Rusiya ritorikası ilə əlaqədardır.
Avropa diplomatları isə vəziyyətə pessimist yanaşırlar. “Ruslar çox şey istədi və Budapeştdə heç bir razılaşmanın mümkün olmayacağı aydın oldu”, – deyə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrindən biri “Reuters”ə bildirib. Onun sözlərinə görə, Moskva danışıqlarda “maksimum tələb, minimum güzəşt” taktikasını tətbiq edir və bu, danışıqların uğurla nəticələnməsi ehtimalını xeyli azaldır.
Digər tərəfdən, Budapeşt sammitinin təxirə salınması Avropa paytaxtlarında da ciddi narahatlıq doğurub. Çünki bir çox ölkələr bu görüşü Ukraynada müharibənin diplomatik yolla sona çatması istiqamətində mühüm mərhələ kimi görürdülər. İndi isə vəziyyətin yenidən gərginləşməsi, cəbhə xəttində toqquşmaların artması və Rusiya ilə Qərb arasında “soyuq müharibə” ritorikasının daha da dərinləşməsi ehtimal edilir.
İndi bütün diqqətlər Ağ Evin növbəti addımına yönəlib. Tramp iki gün sonra verəcəyi qərarla təkcə Budapeşt sammitinin deyil, həm də ABŞ-ın Rusiya ilə münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb:
“Rusiyanın işğal etdiyi ərazilərdə sərgilədiyi maksimalist və haqsız mövqe Ukrayna savaşının sonlandırılmasına imkan vermir. İstənilən sülh sazişi “qazan-qazan” prinsipinə söykəndiyi zaman qalıcı olur. Sülh sazişi imzalayan bütün tərəflər müharibədən hansısa dividentlə çıxdığına inanmalı və xalqını da buna inandırmalıdır. Rusiya isə maksimalist mövqeyindən bir addım belə geri çəkilmədiyi üçün Zelenski hökumətinə bu şansı vermir. Tamamilə kapitulyasiya anlamına gələn tələblər irəli sürür və bununla da yüz minlərlə canlı qüvvə itirdiyi müharibənin uzanmasına yol açır.
Üstəlik, Ukrayna savaşı artıq ukraynalıların məsələsi olmaqdan çıxıb, bütün Qərb dünyasının probleminə çevrilib. Avropa ölkələri düşünürlər ki, Rusiya bu savaşı qazanacağı təqdirdə bununla kifayətlənməyəcək və Şərqi Avropa ərazilərinə də iddia irəli sürəcək. Bu baxımdan, onların narahatlığı tamamilə əsassız deyil. Odur ki, nəyin bahasına olursa-olsun, savaşı davam etdirməyə çalışırlar. Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin (BND) şefi Bruno Kahl bir müddət əvvəl verdiyi bəyanatda bildirmişdi ki, ölkəsinin silahlı qüvvələri yalnız 5 il ərzində Rusiyanın mümkün hərbi müdaxilələrinə cavab verə biləcək səviyyəyə çatacaq. O zamana qədər isə Ukrayna savaşı davam etməli, Rusiyanın başını qatmalıdır.
Bənzər fikirlər digər Avropa liderlərinin dilindən də səslənib. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa paytaxtları da savaşın bitməsində maraqlı deyillər və təkcə Donald Trampın istəyi ilə bu savaş sona çatmayacaq. Görünən budur ki, Tramp administrasiyası da artıq bu həqiqəti anlayıb və bu həftə keçirilməsi planlaşdırılan Budapeşt sammitini təxirə salıb. Xatırladım ki, Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutması gözlənilən Budapeşt sammitində Ukrayna ilə imzalanması nəzərdə tutulan sülh sazişinin şərtləri müzakirə olunmalı idi. Qərb mediasının yazdığına görə, Rusiya tərəfi sülh sazişi üçün Donbasın tamamilə ona verilməsini və Ukraynaya Qərb dövlətlərinin silah yardımını dayandırmasını tələb edir. Avropa İttifaqı isə bu şərtlərlə razılaşmır, 12 bənddən ibarət sülh təklifi hazırlayaraq müzakirəçilərə təqdim edib”.
Siyasi şərhçi qeyd edir ki, hazırlanan bu təklifi Rusiyanın qəbul etməsi mümkün görünmür:
“Xüsusilə təklifdə yer alan bu maddələr Putinin əsla qəbul etməyəcəyi şərtlərdəndir:
* Rusiyanın dondurulmuş aktivlərinin ən azı yarısı (150 milyard dollar) Ukraynanın yenidən inşasına sərf olunmalı;
* Rusiyaya veriləcək torpaqlar qanuni olaraq Ukraynanın ərazisi kimi qalmalı, Moskva sadəcə formal olaraq bu ərazilərin idarəçiliyini ələ keçirməli;
* Avropa ölkələrinin yaratdığı sülhməramlı qüvvələr təmas xəttinə yerləşdirilməli;
* Ukraynanın Avropa İttifaqına üzv olmasının önü açılmalıdır”.
Heydər Oğuzun fikrincə, sülh danışıqlarında yaranan bu çıxılmaz vəziyyət müharibənin qısa zamanda bitirilməsi ilə bağlı ümidləri də sıradan çıxarır, gərginliyin getdikcə artmasına və yeni coğrafiyalara sıçramasına şərait yaradır:
“Təsadüfi deyil ki, ABŞ rəsmiləri Budapeşt sammitinin təxirə salındığını açıqlayandan bir gün sonra Rusiya Baltik dənizində yeni təlimlərə başladığını elan etdi. Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Putinə təlimlər barədə hesabat verdiyini əks etdirən video yayımlandı. Təlimlərdə Rusiyanın ABŞ-a zərbə endirməyə qadir olan qitələrarası ballistik raketlər yer alır. Təbii ki, bu, güc nümayişi idi və Kreml sanki Avropaya və ABŞ-a “mənimlə razılaşmasanız, ağır qarşılıqla üzləşəcəksiniz” mesajı verir. Kremlin bu mesajında təhdidin konkret ünvanı da göstərilir – Baltikyanı ölkələr.
Sirr deyil ki, NATO alyansının ən zəif nöqtəsi məhz bu coğrafiyadır. Üç Baltikyanı ölkənin ümumi əhalisi 5 milyon nəfərdən belə azdır və hərbi qüdrəti də çox zəifdir. Faktiki olaraq, havadan müdafiə qüvvələri və hərbi aviasiyası olmayan Baltik ölkələrinin səmasını digər NATO müttəfiqləri qoruyur. Sabah Rusiya ora hücum etsə, həmin müttəfiqlərin hansı reaksiya verəcəyi isə bilinmir. Hətta ABŞ prezidenti Donald Tramp çıxışlarının birində NATO Nizamnaməsinin 5-ci maddəsinə söykənərək Baltik ölkələrini qorumayacağını açıq şəkildə bəyan etmişdi.
Üstəlik, Rusiyanın ana qitəsi ilə Kalininqrad anklavını birləşdirən Suvalki dəhlizi də bu coğrafiyada yerləşir və Moskva üçün həyati önəm daşıyır. Ən əsası isə, bu qədər zəif olmasına baxmayaraq, Avropa ölkələri arasında Rusiyaya ən çox qarşı çıxan məhz Baltikyanı dövlətlərdir. Məhz bu səbəbdən də mən növbəti Rusiya-Qərb qarşıdurmasının Baltik dənizində baş verəcəyini gözləyirəm”.
Heydər Oğuz qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı savaşı şiddətləndirməyə hazırlaşdığı bir vaxtda Ukrayna və müttəfiqləri də boş dayanmaq niyyətində deyillər:
“Məlumata görə, Avropa hökumətləri Kiyevin müdafiəsini gücləndirmək məqsədilə ona “Gripen” qırıcı təyyarələrinin verilməsi ilə bağlı niyyət protokolu imzalayıblar. Ukraynalı pilotların “Gripen”ləri sınaqdan keçirmək üçün İsveçə səfər etdikləri bildirilir. Qısası, Trampla Putini bir araya gətirməsi planlaşdırılan Budapeşt sammitinin təxirə salınmasından sonra həm Rusiya, həm də Ukrayna daha şiddətli savaşa hazırlaşır. Təəssüf ki, bu savaşa özünü qoruma instinkti ilə yanaşan Avropa ölkələri də müharibənin uzanmasında maraqlıdırlar”.
Xalidə Gəray,
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ