Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Qaradağ rayonu ərazisində yanacaqdoldurma məntəqəsində avtomobildə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əraziyə baxış zamanı vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Baş verən bu hadisə bir daha avtomobillərə qaz avadanlığı quraşdırılması məsələsini gündəmə gətirib. Azərbaycanda bu, qadağan olunmasa da, müəyyən tənzimləmələrə tabedir. Qaz sistemi Daxili İşlər Nazirliyinin təlimatına əsasən, Dövlət Yol Polisi tərəfindən verilən xüsusi icazə ilə həyata keçirilə bilər. Lakin icazənin olması hələ təhlükəsizliyin təmin olunduğu anlamına gəlmir.
Dünyanın bir çox ölkələrində, o cümlədən Bakıda da sıxılmış qazla işləyən avtomobillər və avtobuslar istismardadır. Lakin bu nəqliyyat vasitələrində istifadə olunan avadanlıqlar mütləq beynəlxalq standartlara cavab verməlidir. Qaz balonlarının və boruların təzyiqə, zərbəyə və yüksək temperatura dözümlülüyü təmin olunmalıdır. Bu avadanlıqlar yalnız ixtisaslaşmış, sertifikatlı müəssisələrdə, müvafiq elmi-tədqiqat institutlarının rəyi əsasında quraşdırılmalıdır.
Reallıqda isə çox vaxt bu qaydalara əməl edilmir. Ucuz xidmət təklif edən qeyri-peşəkar ustalar tərəfindən quraşdırılan köhnə və yararsız qaz balonları sonradan faciəyə səbəb olur. İstismar müddəti bitmiş balonlardan istifadə, avadanlıqlara texniki qulluq göstərilməməsi və vaxtında texniki müayinədən keçməmək partlayış riskini qat-qat artırır.
Ekspertlərin fikrincə, bu sistemlər düzgün və təhlükəsiz şəkildə quraşdırılsa belə, daimi texniki nəzarət vacibdir. Çünki istənilən vaxt sızma və ya mexaniki zədələnmə ölümcül nəticələrə səbəb ola bilər.
Avtomobillərə qaz avadanlığı quraşdırılmasının əsas motivi, şübhəsiz ki, iqtisadi amildir. Qazla işləyən avtomobillər benzinlə işləyənlərə nisbətən 50-65 faizədək yanacağa qənaət edir. Amma qənaət bəzən həyat bahasına başa gəlir.
Qaradağdakı son hadisə bir daha göstərdi ki, texniki təhlükəsizlik mədəniyyəti və nəzarət mexanizmləri gücləndirilmədiyi təqdirdə, belə faciələrin qarşısını almaq mümkün olmayacaq. Qaz avadanlığı quraşdıran hər bir sürücü anlamalıdır ki, bu məsələ yalnız qənaət deyil, həm də həyat məsələsidir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, yanacağa alternativ olaraq, avtomobilə qaz balonunun yerləşdirilməsi qadağan olunmayıb, lakin bu, kustar üsulla həyata keçirilməməlidir:
“Müəyyən standartlar nəzərə alınmalıdır. Bu işi sertifikatı, lisenziyası, sənədləri yerində olan şirkətlər həyata keçirməlidir. Bir çox hallarda qaz balonları istehsalçı tərəfindən quraşdırılır. Bəzən isə avtomobil istehsalçıdan təhvil alınandan sonra quraşdırılır ki, yanacağa qənaət edilsin. Bu uzun illərin təcrübəsidir. Sadəcə bəzi sürücülər həmin qaz balonlarını kustar üsulla quraşdırırlar. Elə bir şirkətə və ya fərdi şəxsə müraciət edirlər ki, o, sertifikatlaşmayıb. Bu, çox böyük təhlükədir. Hazırda taksidə istifadə edilən elə nəqliyyat vasitələri var ki, onlara da qaz balonları quraşdırılıb. Bu, olduqca böyük təhlükədir. Dövlət Yol Polisi bununla bağlı reydlər təşkil etməlidir və yoxlanışlar aparmalıdır. AYNA-nın özü də qaz balonu ilə çalışan nəqliyyat vasitələrinə sənədlərin verilməsini dayandırmalıdır”.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülər maşına qaz balonu quraşdırarkən daha çox ucuz yerlər axtarırlar:
”Bəzən Çin istehsalı olan qaz balonlarından istifadə edirlər və ya qeyri-peşəkar ustalara müraciət edirlər. Çünki həmin yerlərdə balonları daha ucuz quraşdırırlar. Bir müddət sonra isə fəsadlar üzə çıxır. Qaz balonunun partlaması çox nadir hadisədir. Görün hansı vəziyyətdə düzəldilib ki, partlayır. Qaz balonundan istifadə edən sürücü texniki qulluq qaydalarına əməl etməlidir. Bu tək sürücü üçün deyil, sərnişinlər üçün də təhlükə yaradır.
Türkiyə və İtaliya şirkətləri qaz balonları quraşdırmaq məsələsində daha etibarlı və zəmanətli iş görürlər. Azərbaycanda da bu xidmətdən yaralanmaq olar”.
Şahanə Rəhimli
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ