Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci böyük şəhəri Gümrüdə merin həbsi ilə başlayan qalmaqal dərinləşir.
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi bu gün şəhər meriyasının daha üç əməkdaşını saxlayıb.
Komitədən verilən məlumata görə, həmin şəxslər digər əməkdaşlara tapşırıq verərək uşaq bağçalarının direktorlarını uşaqları evə buraxmağa, valideynləri isə mitinqə qoşulmağa çağırmağı tapşırıblar. Məqsəd şəhər başçısının saxlanmasına kütləvi etiraz təşkil etmək olub.
Xatırladaq ki, Gümrünün meri Vardan Qukasyan iki gün əvvəl korrupsiya və rüşvətalma ittihamı ilə həbs olunub. Onunla birlikdə baş memar və bir neçə vəzifəli şəxs də saxlanılıb. Rəsmi məlumatlara görə, Qukasyan icazəsiz tikintilərin leqallaşdırılması üçün milyonlarla dram həcmində rüşvət almaqda şübhəli bilinir.
Merin həbsindən sonra şəhərdə etirazlar baş verib, onlarla nəfər polis tərəfindən saxlanılıb. Etirazçılar binanın qarşısında “Qukasyanı azad edin” şüarları səsləndirib, bəzi hallarda polis qüvvələri ilə toqquşma qeydə alınıb.
Ermənistan hökuməti hadisəni “korrupsiyaya qarşı qanuni tədbir” kimi təqdim edir. Baş nazir Nikol Paşinyan bildirib ki, bu prosesin siyasi motivi yoxdur və hər kəs qanun qarşısında bərabərdir. Lakin müxalifət partiyaları və merin tərəfdarları bunu “siyasi sifariş” kimi qiymətləndirir.
Hazırda Qukasyan məhkəmə qərarı ilə iki aylıq həbsdə saxlanılır. İstintaq çərçivəsində ümumilikdə səkkiz nəfər barəsində cinayət işi başlanıb, daha bir neçə məmurun dindirilməsi gözlənilir.
Gümrüdə vəziyyət gərgin olaraq qalır. Şəhərdə polis nəzarəti gücləndirilib, bələdiyyə binasının qarşısında mitinqlər davam edir.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ