Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 140 milyard avroluq “reparasiya krediti” ayırmaq mexanizmini hazırlayır.
Musavat.com xəbər verir ki, bu aktivlərin böyük hissəsi Belçikada yerləşdiyindən məsələ ətrafında müzakirələr gərgin keçib.
Gözlənilirdi ki, siyasi qərar Avropa Şurasının dünən keçirilən iclasında qəbul ediləcək. Lakin Belçikanın mövqeyi səbəbindən məsələ dekabradək təxirə salınıb.
Belçika baş naziri Bart de Vever iclasdan sonra keçirilən mətbuat konfransında bildirib ki, ölkəsi belə bir kreditin təsdiqlənməsindən öncə hüquqi və maliyyə risklərinin yalnız onun üzərinə düşməyəcəyinə dair zəmanət almaq istəyir.
“Bu çox vacib məsələdir – kim bu zəmanəti verəcək? Mən həmkarlarıma sual etdim: sizmi, üzv dövlətlərmi? Lakin danışıqlar masasında bu suala böyük həvəslə cavab verən olmadı”, – deyə de Vever vurğulayıb.
Baş nazir xəbərdarlıq edib ki, əgər Rusiya aktivlərin kredit kimi istifadəsinə görə məhkəməyə müraciət edərsə, xərclər həmin aktivlərin dəyərindən də çox ola bilər.
“İndi hamı barmağını bizə tuşlayır, guya bunu etmək istəmirik. Bu, bir qədər təəssüf doğurur”, – Belçika hökumət başçısı əlavə edib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ