Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib. Xüsusi nümayəndə həmçinin separatçı Abxaziya və Cənubi Osetiya ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyasına cavabdeh olacaq. Fərman oktyabrın 22-dən qüvvəyə minir.
Rusiya MDB üzvü olan bütün ölkələrlə, yəni Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və həmçinin MDB-dən çıxmış Ukrayna, Gürcüstanla sərhədə malikdir. Rusiya bəzi ölkələrlə sərhədinə görə xüsusi çətinliklər yaşayır.
“Yeni Müsavat” xatırladır ki, Rusiyanın Azərbaycanla 300, Ermənistanla 150, Belarusla 1. 200, Qazaxıstanla 7.598, Qırğızıstanla 140, Moldova ilə 350, Tacikistanla 300, Türkmənistanla 150, Özbəkistanla 150, Ukrayna ilə 2.200 və Gürcüstanla 900 km sərhədi var.
Narahatedici faktdır ki, Rusiya postsovet məkanı ölkələrinə qarşı zaman-zaman ərazi iddiaları irəli sürür. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib, 3 ilə yaxındır ki, Donbas bölgəsini də öz ərazisinə qatmaq üçün müharibə aparır. Rusiya Qazaxıstana qarşı ərazi iddialarını da gündəmdə saxlayır. Bu siyahıda Moldova, Gürcüstan və Ermənistan da var. O da sirr deyil ki, Rusiya keçmiş Rusiya imperiyasının ərazisinə tam nəzarəti nə vaxtsa yenidən bərpa edəcəyinə ümidini qətiyyən itirməyib. Ona görə bu təyinat diqqət çəkir.
Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra bəzi ölkələrdən Rusiyanın yenidən SSRİ-ni qurmağa çalışdığı barədə təxminlər irəli sürülüb. Xüsusən, müharibə ərəfəsində və ilk aylarda bu ehtimalların kifayət qədər yüksək olduğu düşünülürdü. Hazırda bu iddiaya inananların sayı azalsa da, Kremlin istədiyi miqyasda “uğur” əldə edə bilməməsinin onun iştahına təsir etmədiyi və ambisiyalarını qoruyub saxladığını düşünənlər də var. Putinin əvvəlcə keçmiş SSRİ-nin, daha sonra isə çar Rusiyasının sərhədlərinə qayıtmaq istəyi istisna deyil. Rusiya prezidenti bu mövzuda dəfələrlə siqnal verib. O, SSRİ-nin dağılmasını geosiyasi fəlakət də adlandırmışdı. Rusiya mətbuatında keçmiş SSRİ dövlətinin bərpası siyasətinin həyata keçirilməsi və Ukraynanın Belarus kimi ittifaqa qoşulmasını təmin etmək haqda informasiyalar tirajlanırdı.
Putinin yanında olan köməkçiləri hesab edirdilər ki, Ukraynanın işğalından sonra Orta Asiya, Baltikyanı və Cənubi Qafqaz regionlarındakı ölkələr də bir-birinin ardınca Rusiyanın tərkibinə qatılacaq. Putin və komandası həddindən artıq şovinist mahiyyət daşıyan bu niyyəti həyata keçirmək üçün çalışırdılar.
![]()
Elxan Mirzəyev
Professor Elxan Mirzəyevin xatırlatmasına görə, bir neçə gün əvvəl Kreml ideoloqu Aleksandr Duqin Rusiyanın indiki liderini yenidən imperator elan edib və ölkəsinin imperiya olduğunu dilə gətirib: “Bunu niyə deyirəm, çünki Rusiyanın imperiya zehniyyəti dəyişməyib və MDB məkanına ağalıq iddiasından geri çəkilməyib. Yəni Putinin son qərarının siyasi izahı budur ki, Rusiyanın keçmiş SSRİ ərazisinə münasibəti dəyişməyib. Moskva hələ də keçmiş sovet ölkələrini ondan kiçik görür. Paralel olaraq da Rusiyanın təşvişini müşahidə etmək olar. Bir yandan MDB iclasları keçirilir, bəzi xəbərdarlıqlar olunur, bir tərəfdən MDB məkanı ilə bağlı yeni təyinatlar görə bilirik. Rusiya regionu tamamilə buxovlamaq niyyətindədir, lakin total nəzarət, yəni keçmiş SSRİ modelinin tətbiqi nonsensdir. Çünki MDB ölkələrində ictimai-siyasi vəziyyət fərqlidir. Yəni Ermənistan Rusiyanın təsir dairəsi olsa da, oradakı hakimiyyət Moskvanın deyil. Azərbaycan Rusiyanın orbitindən çıxıb. Özbəkistan və Qazaxıstan addımlarını sürətləndirib. Ukrayna, Gürcüstan və Moldova göz qabağındadır”.
E.Mirzəyev hesab edir ki, Rusiya postsovet məkanında dominantlığını saxlamaq istəyir, amma bu coğrafiyada təkhakimiyyətlilik əldən gedib: “Putin çıxışlarında çoxqütblü dünya uğrunda mübarizədən danışır. Yeni dünya nizamında isə Rusiyanın yerini müəyyənləşdirmək istəyir. Bunun üçün təsir dairəsində keçmiş Sovet İttifaqı ərazilərini görür. Amma Qərbin artan təsirləri onun regionda təkbaşına hökmranlığına son qoyub. Bu gün bölgədə Türkiyə reallığı mövcuddur. Avropa Birliyi və ABŞ də siyasi-iqtisadi təsirini gücləndirir. Əgər Ukraynada blitzkriq baş tutsaydı, Rusiya indi MDB məkanında təkbaşına ağalıq edəcəkdi. Ona görə də son çırpıntılar, verilən mesajlar və qərarlar məhz strateji itkiləri bərpa etmək isteriyasından irəli gəlir. Fikrimcə, Rusiya bu yanaşmanı və doktrinanı dəyişmədikcə, həm keçmiş sovet respublikaları üçün təhlükə qalır, həm də özünü yeniləyə bilmir”. Müsahibimizin sözlərinə görə, dünya dəyişib və Donbas, Abxaziya, Cənubi Osetiya, Dendtryanı ərazilərlə Yeni Rusiya imperiyası qurmaq mümkün olmayacaq: “Putinin son fərmanı məhz separatçı və işğal olunmuş əraziləri Rusiyaya birləşdirmək niyyətindən xəbər verir. Artıq delimitasiya təşəbbüsləri Ukrayna və Gürcüstanın işğal olunmuş torpaqları hesabına genişlənmək ambisiyasının göstəricisidir. Putin "Yeni Rusiya" üçün tələsir".
Müsahibimiz əlavə edib ki, Rusiyanın bütün hərəkətləri avrasiyaçılıq ideyalarına söykənir və Qərbin genişlənmə planına qarşı immunitet formalaşdırmaq cəhdləridir: “Bunun üçün müqavimət oxu yaratmağa can atır. Çin və Şimali Koreya, eləcə də İran, habelə Mərkəzi Asiya və Cənubi Qafqazı bir blokda görmək istəyir. Lakin Qərb genişlənmə proqramını davam etdirir. Rusiya indi zəifləməkdədir. O demək deyil ki, geriyə dönüş etmək istəməyəcək. Əgər Duqin açıq şəkildə imperiya ehtiraslarını dilə gətirirsə, deməli, Rusiya region üçün təhdid olaraq qalmaqdadır. Azərbaycan isə bu regionda hamıdan fərqlənir. Çünki Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb və təhdidlərə qarşı birgə hərəkət edirik”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ