Onlayn ictimai-siyasi qəzet
Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru və həmtəsisçisi Rusif Hüseynov Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini şərh edib.
Musavat.com xəbər verir ki, Rusif Hüseynov bu səfəri tarixi hadisə kimi qiymətləndirib.

Onun sözlərinə görə, indiyədək idmançılar, ictimai xadimlər, jurnalistlər və deputatlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində qarşılıqlı səfərlər ediblər. Lakin bu dəfəki səfər tamamilə fərqli xarakter daşıyıb.
“Səfər birbaşa Bakı və İrəvan arasında əldə olunmuş ikitərəfli razılaşma əsasında təşkil edilib. Bu baxımdan, hadisəni olduqca müsbət qiymətləndiririk”, – deyə Hüseynov bildirib.
Analitik mərkəz rəhbərinin sözlərinə görə, səfərin əsas məqsədi 8 oktyabrda Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını iki ölkənin vətəndaş cəmiyyətləri arasında yaxınlaşma yolu ilə möhkəmləndirmək olub.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndə qrupları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüblər. Görüş dəyirmi masa formatında keçirilib və mühüm müzakirələr aparılıb.
“Biz uzun illər ərzində toplanmış sülh gündəliyi ilə bağlı sualları birbaşa ünvanlamaq imkanı qazandıq. Ümid edirik ki, bu təşəbbüs davamlı olacaq. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrini Bakıda qəbul etməyi planlaşdırırıq”, – deyə Rusif Hüseynov əlavə edib.
Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin ilk ikitərəfli formatda görüşü olub.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ