Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi təqdim olunub. Bir sıra deputatlar müəllimlərin maaşıının artırılması təşəbbüsü ilə çıxış ediblər.
Musavat.com xəbər verir ki, deputat Vüqar Bayramov bununla əlaqədar faktlarla danışıb.
Təkliflərə reaksiya verən elm və təhsil nazirinin müavini İdris İsayev digər məsələlərlə yanaşı, bu təklifə də münasibət bildirib.
“Biz də istəyirik ki, müəllimlərin əməkhaqqı artsın”, - deyən İ.İsayev vurğulayıb ki, sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqqında ciddi artım mövcuddur:
“Əməkhaqqı artımı ümumtəhsil sistemində dərs saatlarına bağlıdır. Kimin dərs saatı çoxdursa, onun əməkhaqqı daha çoxdur. Dərs saatlarının bölgüsünə diqqət yetirsək, 24 saat dərs saatı olan müəllimlərin sayı 30,6 faizdir, 29,4 faizinin dərs saatı 24 saatdan çoxdur. Onların maaşı 1300-1500 manat arasında dəyişir.
Müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata yaxındır. Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra əməkhaqqıda artımlar olacaq. Növbəti mərhələdə müəllimlərin əməkhaqqının artırılmasının digər həll yollarını düşünürük. Bu barədə təkliflərimizi təqdim edəcəyik”.
Deputat Fazil Mustafa isə müəllimlərin müsahibə zamanı ödənişlər etməsini düzgün hesab etmir.
Nazir müavini bu barədə danışarkən deyib ki, müəllimlərin işə qəbul prosesinə dövlət müəyyən vəsait sərf edir:
“Orta hesabla biz müəllimlərin işə qəbuluna ildə təxminən 2.5-3 milyon manat vəsait sərf edirik. Nəticədə müraciət edib imtahanda iştirak etməyən şəxslərə sərf olunan xərclər əsassız hesab olunur və təyinatı üzrə istifadə edə bilmirik. Bu, təxminən ildə 500-600 min manat civarındadır. Biz bu məbləğlə təqribən 200 tələbənin təhsil haqqını ödəyə bilərik. Belə çıxır ki, bu xərclər dövlət büdcəsindən təyinatı üzrə istifadə olunmur”.
E.Paşasoy,
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ