İnsanlara hürriyət, millətlərə istiqlal!

Tıxacların azaldılması üçün iş qrafiki dəyişəcək? – ekspertlərdən təkliflər  

"Bakıda tıxacların azaldılması üçün iş qrafikinin dəyişdirilməsi müəyyən rol oynaya bilər. Lakin bu təsir kompleks tədbirlər çərçivəsində mümkündür".

Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, iş saatlarının azaldılması dövlət və büdcə təşkilatlarında mümkündür:

 "Çünki dövlət və büdcə təşkilatlarının daxili qərarı ilə  iş saatlarının azaldılması ilə bağlı qərar verilə bilər. Bunun onsuz da iqtisadiyyata ciddi təsiri yoxdur. Onların hamısı büdcədən maaş alan təşkilatlardır. Onların əlavə dəyər yaratdığı bir məsələ mövcud deyil. Amma orada həkimlər, müəllimlər var. Bu peşə sahiblərinin iş saatının azaldılması səhiyyə və təhsil xidmətinə necə təsir göstərər. Özəl sektora isə bunu tətbiq etmək mümkün deyil və lazımsızdır. Özəl sektor özü qərar verməlidir. Əmək məcəlləsində nəzərdə tutulan qaydalara uyğun olaraq, müəyyənləşdirməlidir".

Qeyd edək ki, Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bu dəfə məsələ təkcə sosial rifah və əmək hüquqları kontekstində deyil, həm də Bakıdakı tıxac probleminin azaldılması ilə əlaqələndirilir.

Deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirib ki, iş saatlarının tənzimlənməsi həm sosial, həm də iqtisadi baxımdan önəmli addımdır:

 “Ölkə üzrə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr dəfələrlə aparılıb. Bu, ilk növbədə tıxac probleminin həlli baxımından son dərəcə vacib məsələdir. Təəssüf ki, hələ də tıxac problemi cəmiyyətdə lazımi səviyyədə müzakirə olunmur və bir qədər diqqətdən kənarda qalır”.

Deputat hesab edir ki, iş saatlarının azaldılması və ya mərhələli başlanğıc vaxtlarının tətbiqi ilə insanların hərəkət axınını tənzimləmək mümkündür:

“İş saatları elə şəkildə müəyyən edilməlidir ki, insanların hərəkəti üst-üstə düşməsin, eyni vaxtda baş verməsin. Həmçinin müəyyən sahələrdə iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi ilə bir qrup insanın daha rahat şəkildə işə gedib-gəlməsi təmin oluna bilər. Bu da, öz növbəsində, tıxacların yaranmasının qarşısını alar”.

Qeyd edək ki, bu istiqamətdə beynəlxalq təcrübə də diqqətəlayiqdir. Məsələn, Türkiyədə hazırda Əmək Qanununa dəyişikliklər müzakirə olunur. Yeni layihələrdə maaş sistemindən iş saatlarına, ödənişli məzuniyyətlərdən çevik iş modelinə qədər geniş spektrdə yeniliklər nəzərdə tutulur. Bir çox Avropa ölkələrində olduğu kimi, orada da həftəlik iş saatının 40-dan 35 saata endirilməsi və 4 günlük iş həftəsi konsepsiyası sınaqdan keçirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR