Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Azərbaycan arasında son günlər müşahidə olunan “yumşalma jestləri” fonunda daha bir azərbaycanlının azadlığa buraxılması ehtimalı gündəmə gəlib.
Musavat.com xəbər verir ki, məlumata görə, söhbət Yekaterinburqda yaşayan tanınmış diaspor rəhbəri Şahin Şıxlinskidən gedir.
Xatırladaq ki, Düşənbədə Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Bakıda “Sputnik Azərbaycan”ın rəhbərliyində ardıcıl qərarlar verildi. Öncə agentliyin direktoru İqor Kartavıx ev dustaqlığına çıxarıldı. Bu gün isə, Kremlin telefon danışığı barədə məlumat yaymasından bir qədər əvvəl, “Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousovun da ev dustaqlığına keçirildiyi barədə xəbər mətbuatda yer aldı.
Bundan əvvəl isə Rusiyada saxlanılan başqa bir tanınmış azərbaycanlı – Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilmişdi.
İndi isə növbədə Şahin Şıxlinski ola bilər.
Qafqaz Xronikası teleqram kanalının iddiasına görə, son hadisələrin ardıcıllığı Bakının Moskva ilə razılaşdırılmış incə diplomatik xəttinin davamı təsiri bağışlayır. Yəni, informasiya və diaspora sahəsində qarşılıqlı jestlərin davam edəcəyi istisna olunmur.
Müşahidəçilər bildirirlər ki, Moskvanın Azərbaycan diasporuna təsir rıçaqlarını yumşaltması fonunda Şıxlinskinin yaxın günlərdə, hətta saatlarda azadlığa çıxması real görünür. Bu isə Bakı-Moskva münasibətlərinin hazırkı mərhələsində yeni “sakitləşmə protokolu” kimi qiymətləndirilir.
Mövzu nəzarətdədir. Yeni məlumat olduqca təqdim ediləcək.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ