Onlayn ictimai-siyasi qəzet
Hindistan və Pakistan qırıcıları arasında baş vermiş hava toqquşması nəticəsində 5 Hindistan təyyarəsinin məhv edildiyi qarşıdurma, müasir aviasiya tarixindəki ən böyük və ən uzunmüddətli hava döyüşlərindən biri olub.
Musavat.com xəbər verir ki, bu barədə CNN-ə danışan Pakistan təhlükəsizlik qüvvələrinin yüksək rütbəli mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, döyüşdə hər iki tərəfdən ümumilikdə 125 təyyarə iştirak edib və qarşıdurma bir saatdan çox davam edib.
Heç bir qırıcı qarşı tərəfin hava məkanını pozmayıb, raket zərbələri isə 160 kilometrdən artıq məsafədən endirilib. Mənbənin bildirdiyinə görə, bu taktika 2019-cu ildə baş verən və daha kiçikmiqyaslı qarşıdurma zamanı Hindistan pilotunun Pakistan üzərində vurularaq əsir düşməsi və Pakistan televiziyasında nümayiş etdirilməsi ilə nəticələnən hadisənin təkrar olunmaması məqsədilə seçilib. Həmin olay Hindistan üçün alçaldıcı bir epizod olmuşdu. Bu dəfə isə hər iki tərəf belə insidentlərdən qaçmağa çalışıb.
Bildirilir ki, Hindistan Hərbi Hava Qüvvələri bir neçə dəfə hədəfləri vurmağa cəhd edib, bu zaman isə Pakistan potensial təhlükə altında olan bölgələrdə mülki əhalini əvvəlcədən xəbərdar edərək dinc sakinlər arasında itkilərin minimuma endirilməsinə çalışıb.
Hindistan tərəfinin itkiləri barədə rəsmi təsdiq olmasa da, qarşıdurma artıq nüvə silahına sahib ölkələr arasında son illərin ən ciddi hava münaqişələrindən biri kimi beynəlxalq ictimaiyyətin diqqətini çəkib.
Hindistan hər hansı bir təyyarə itkisini qəbul etməsə də, Fransa Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Hindistanın ən müasir döyüş təyyarələrindən biri – Fransanın istehsalı olan “Rafale” qırıcısı döyüş zamanı məhv edilib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ