İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbii mayalanmanın videosu

Klinikada süni mayalanma prosesini bloger çağırıb videoya çəkdirdiyi üçün həkimi cəzalandırmışlar. Klinikanın direktoru ona töhmət veribdir.

Lakin biz bu xəbərə inanmalıyıqmı? Şəxsən mənim fikrimə görə, bizi - efirdə əyləşib prosesi izləyən 10 milyon Azərbaycan xalqını yola verirlər, başımızı aldadırlar. Töhmət verilibsə, bunun videosu hanı? Video yoxdursa, inanmırıq. Üstəlik, tibbi əməliyyat qanunsuz videoya çəkilibsə, cəza da adekvat olmalı, videoya çəkilməlidir. Gözə göz, dişə diş, videoya video - dövrümüzün tələbi belədir.

Proses, təbii, bununla yekunlaşmır. Məncə, xalqda qəzəb oyadan əslində süni mayalanma prosesinin videoya çəkilməsi deyildi. Sadəcə, biz istəyirdik təbii mayalanma prosesinə baxaq. Lakin həmişə olduğu kimi, hökumət bizi aldatmış, saxta məhsulla təmin etmişdir. Süni mayalanma videosu izləmək, hesab elə, GMO-lu pomidordan və parnik xiyarından çoban salatı qayırmaqdır.

Bəs internetdə təbii mayalanma videoları yoxdurmu? Var. Ancaq onları adətən klinikada, türkün sözü, steril ortamda yapmırlar. Bu yerdə yadıma bir saqqallı lətifə düşdü. Deyir, bir gün uşaq orta məktəbi bitirmək üzrəykən valideynləri ondan gələcəkdə hansı peşəni seçəcəyini soruşurlar. Uşaq deyir qəti qərar vermişəm, ya santexnik olacam, ya da pitsadaşıyan. Ər-arvad bir-birinin üzünə baxır, ər deyir: “Sənə demişdim axı, kasetləri yaxşı yerdə gizlət”.

Əlbəttə, bu anekdotdakı bəzi hikmətləri arif olmayanlar başa düşməyəcəkdir. Qəribə günlər var idi, camaat Veneranın orta məktəb dərsliyindəki şəklinə baxıb bəzi anatomik mətləbləri öyrənirdi, gənclər həyata ilk addımlarını atırdılar. O üzdən, çox dərinə gedib izahat verməyəcəm, bilənlər bilməyənlərə danışsın. Yalnız bir fərqi göstərim, özünüz qiymət verin: bizə eşq-məhəbbət temasını Mikelancelo, Füzuli, nə bilim, Rubens-filan başa salırdı, indiki gənclər Röya, Tolik və Pişik Güneldən öyrənirlər. Qədim Romada deyilən mövzudur: “O tempora, o mores!”

Üstəlik, insanların estetik zövqləri ilə yanaşı ağlında da azalma, aşınma müşahidə edilir. Həmin əhvalatı paylaşan jurnalist belə bir cümlə işlətmişdi: “Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir”.

Jurnalist adı daşıyan adam süni mayalanma kimi tibbi nailiyyəti, inqilabi hadisəni niyə “rəzillik” adlandırır? Kimsə ağzının qatığını dağıdırsa, bütün qatıqlara “pxı” deməliyik?

1978-ci ildə tapılan bu çarə ilə milyonlarla uşağa həsrət ailə övlad sevinci yaşayıb. Hər il 2 milyondan çox uşaq süni mayalanma ilə doğulur. 2022-ci ildə bir həkimin açıqladığı rəqəmə görə Azərbaycanda son illərdə ümumilikdə 90 min uşaq süni mayalanma ilə dünyaya gəlmişdir. İndi bu “jurnalist”in məntiqinə görə, 90 min azərbaycanlının doğulması rəzil üsulla olub, eləmi? Məncə, bu sualın bircə cavabı ola bilər: rəzil bunu yazan jurnalistdir.

Qanan da yazır, qanmayan da. Hələ çəkirlər də. Bu həngamənin üzərinə süni intellekti-zadı da gəlsək, bizi maraqlı epoxa gözləyir. Yeri gəlmişkən, təzəlikcə bir bəyanat oxudum, gülməyim tutdu. Bəyanatı süni intellekt üzrə çalışan, çalışmış bəzi alimlər və texnokratlar imzalamışdı. Qısaca belə deyirlər ki, süni intellektin nəzarətdən çıxmasından, özü özünü tənzimləməyə başlamasından qorxuruq. Sən demə, hansısa süni intellektə “özünü söndür, təzəsini düzəldirik” komandası veriblər, lakin robot komandaya tabel olmayıb. Başqası isə hətta insanları şantaj edib (Bunun texniki detalları açıqlanmasa da mənə çox maraqlı və məzəli gəldi. Görəsən, nə edib? Robot da “məni yenidən format eləsən lüt şəklini internetə qoyacam” deyib?)

Ancaq bu, yeni şey deyil axı. Alətlər və maşınlar milyon ildir, yaratdığımız vaxtdan bəri bizi öldürməklə məşğuldur. Bıçaqla çörək də kəsmək olar, adam da. “İndi bıçaq öz-özünə, komandasız kəsəcək” deyən olarsa, bu da daim yaşanıb: bəzən tüfəng təsadüfən açılıb, “xalastoy” maşın adamı basıb, soyuducu pis işlədiyi üçün yeməkdən zəhərlənmişik və sairə.

Lap elə 17 dəfə eyni bıçağın üstünə yıxılan adam haqda əhvalatı yazmağa ehtiyac varmı?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR