Onlayn ictimai-siyasi qəzet
Bu mövzuda əvvəllər də yazmışam. Bir daha ona görə yazıram ki, mərəz hesab etdiyim mübarizə üsullarından hələ də əl götürməmişik.
Bizdə siyasətə sektant, insanlara mürşid-mürid yanaşması davam edir. Elə görünə bilər ki, bu, əvvəlki illərdəki kimi şiddətli deyil, amma bu yanlış görüntüdür. Vəziyyət daha pisdir.
Sadəcə, dünənə qədər peşəkar mediada və sosial şəbəkələrdə bu kimi mövzularda qırğına çıxanlar daha dalaşıb qurtarıblar və hər kəs öz guşəsinə, “iç otaq”lara çəkilib, düşüncələrini öz “dostlar dairəsi”ndə paylaşır.
Hər qrupun öz seqmenti var və oralardan sızan paylaşımlara rast olanda baxırsan ki, yenə də mütləq “Allah Cəlal Əliyevə rəhmət eləsin” ritorikasına baş vuranlar var. Usta televizyonçu Mirşahin bir yazı yazanda, bir teleçıxış edəndə yüzlərlə adamın əlindən gələn “mübarizə üsulu” bu olur.
Bir düşük replika da 20 il boyunca yaşadılarmı? Mirşahinin hansısa fikrindən xoşlanmayanda, onu yanlış hesab edəndə oturub məntiqli, tutarlı fikirlərlə dolu yazı yazmaq lazımdır – söyüşsüz, təhqirsiz. Yoxsa min dəfə təkrarlanmış bir replikanı növbəti dəfə təkrarlamaq cavab deyil.
Ədalətli, obyektiv, sanballı insan heç vaxt bu arqumentə əl atmamalıdır. O söhbət mətbu tariximizin qara ləkəsidir. Yada salmaq lazımdır ki, o dilə gətirilməsi, xatırlanması belə xoşagəlməz olan sözlər hansı şəraitdə, nəyə görə deyilmişdi.
Əlində qələmi, klaviaturası olan, uzun illər sözlə işləyən istənilən jurnalistin başqasının müdafiəsinə ehtiyacı yoxdur. Hamısı özünü lazımi şəkildə müdafiə edə bilər. Söz ustası Mirşahin də bunu hamıdan yaxşı bacarır. Bu qeydləri də onu müdafiə etmək üçün yazmıram, ona görə yazıram ki, nəhayət, polemikalarda yaradıcı olmaq, birinin haqsız olduğunu arqumentlərlə, məntiqlə sübut etmək, əttökən üsullardan əl çəkmək lazımdır. Mirşahini təhqir edən şəxs ölkədəki aparıcı partiyaların rəhbərlərini, tərəfdarı olduğunuz şəxsləri də vaxtaşırı təhqir edirdi. Unutmusunuz?
Ondan da keçən yerdə, birinin hakimiyyət komandasını, başqasının müxalif qüvvələri müdafiə etməsi, yaxud neytral olması heç birinin aramsız və amansız şəkildə təhqir edilməsinə əsas vermir.
Bu ölkədə yüz qat artıq tənqid ediləsi, qınanılası adamlar var: dövlətin büdcəsini talayan, xalqın cibini soyan məmurlar, İH başçıları, idarə rəisləri, hər cür vəzifəli şəxslər. Hamısı da adbaad məlumdur. Tenderlərdə öz ailə üzvlərini qalib elan edərək, dövlətin milyonlarını qapazlayanlar, xalqın müşkülünü həll etməyənlər qalır qıraqda, hamı bir neçə danışan deputatın, jurnalistin, ekspertin üstünə tökülüşür.
Yaxud, illərdir hər il bu vaxt sosial şəbəkələrdə dövlət başçısının Rauf Arifoğluya döş nişanı təqdim etdiyini əks etdirən şəkli paylaşır, adamı hədəf taxtasına çıxarır, sağdan, soldan oxlayırdılar. Elə bilirdilər, bununla “Yeni Müsavat” rəhbərindən qisas alırlar. Sonra fərq etdilər ki, bu, havayı əziyyətdir. Bu il “dostlar” fərqli şəkil paylaşıblar: Əli Həsənovla Rauf Arifoğlunun şəklini. “İfşa”nın beləsi!
Həmin şəkildə isə o zaman Prezidentin köməkçisi olan Əli Həsənov Rauf Arifoğluya İlham Əliyevin imzaladığı vəsiqəni və Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dövlətimizin tərtib etdiyi medalı təqdim edir. İndi bu cür işləri digər dövlət adamları icra edirlər. Belə çıxır ki, bu gün onlarla foto çəkdirənlər də gələcəkdə ‘’ifşa olunacaqlar’’?
Prezident köməkçisinin 2018-ci ildə ‘’Xalq Cümhuriyyəti 100’’ medalını baş redaktora təqdim etməsi paylaşımını isə bir neçə min adam bəyənib. Bunların çoxu o adamlardır ki, özlərini demokratiya yolunun yolçusu sayır, guya haqq-ədalət davası aparırlar. Ancaq bütün fəaliyyətləri də paylaşılmış şəkli müşayiət edən təhqiramiz statusu “bəyənmək”dən ibarət olur. Beləcə, yazdıqlarına görə iki dəfə türməyə düşən adamın tarixi xidmətinin üstünü bir “layk”la xətlədiklərini düşünürlər.
Bu mühiti görən kənar və mütərəddid adamların siyasətə qarışmaması çox təbiidir. Çünki heç kəs bur çirkaba bulaşmaq istəməz. Haqsızlığa qarşı mübarizə üçün bir partiyaya üzv olursan, özünü təhlükəyə atırsan, iztirablar yaşayırsan, bir gün hansısa səbəbdən kənara çəkilən kimi düşmən elan edilirsən və “qətlinə fərman verilir”.
Bax, sektant təfəkkürü budur. Bir gizli təriqətə üzv olan şəxs onu sağ canla tərk edə bilməz. Kriminal birliklərdə də elədir. Kimsə “dostlar, mən bu işlə qurtardım, sizin işiniz avand olsun” deyə və dəstədən uzaqlaşa bilməz. Onu dərhal yortacaqlar.
Siyasətdə elə olmamalıdır. Partiya könüllülərin birliyidir. Bu gün xoşun gələn ideya və yaxşı anlaşdığın adamlarla bir yerdə olursan, sabah anlaşa bilmirsən, xor görülürsən və o birlikdən uzaqlaşmaq istəyirsən. Bu, hər kəsin haqqıdır və əbədiyyən söyülməyə əsas vermir. İnkişaf etmiş demokratik ölkələrdə hər seçkidə başqa bir partiyadan namizəd olan, deputat seçilən, nazir təyin edilən siyasətçilər olur və heç kəs onları reneqatlıqda, dönüklükdə qınamır. Çünki hamı bunu normal sayır, bilirlər ki, partiya üzvlüyü təriqət və banda üzvlüyü deyil.
Bir məqam da var. Bəziləri mövcud iqtidara qarşı elə bir qatı düşmənçilik ovqatındadır, elə bil, söhbət işğalçı düşmənin administrasiyasından gedir və onunla hər hansı bir əlaqə qurmaq milli satqınlıqdır. Öz dövlətinin rəhbəri və ya naziri ilə şəkil çəkdirən adamlar kollaborasionist (düşmən tərəfə keçib vətənə güllə atan) hesab olunur.
Üstəlik, nəzərə almaq lazımdır ki, Rauf Arifoğlu və “Yeni Müsavat” Media Qrupunun tarixi manevrini elə bu tarixin özü haqlı çıxardı. Media qrupumuz Vətən müharibəsi ərəfəsində və günlərində İlham Əliyevi, Azərbaycan dövlətini, onun qətiyyətli addımlarını açıq və tərəddüdsüz dəstəklədi, böyük Zəfərin informasiya xidmətini həyata keçirdənlərdən oldu – Zəfərin və onu qazananın yanında yer aldı. İndi onu hədəfə götürənlər kimi, İlham Əliyevin və Azərbaycan Zəfərinin qarşısında olmadı...
Yəni rəqabətin, barışmazlığın bir əndazəsi var. Bu qədər şiddətli nifrət ilə siyasətlə məşğul olmaq olmaz. Şiddətli nifrət inqilabların, silahlı üsyanların xörəyidir. Belə nifrət püskürmələri həmişə uyğun reaksiya doğurur. Bu isə zəif tərəf üçün xroniki sıxıntı deməkdir.
Tənqid də, bəyənməzlik də mötədil biçimdə olmalıdır. Siyasi polemika ədəb, nəzakət çərçivəsində və arasıkəsilmədən davam etməlidir. Söyüşüb, dalaşmağın axırı hərənin öz auditoriyasında “düşməndən sitəm” etməsilə nəticələnir.
Uzun sözün kəsəsi, siyasi qüvvələr bir-birinin mövcudluq və digər haqlarını tanısalar, ictimai-siyasi fəallar öz tənqid hədəflərini düzgün müəyyən etsələr, siyasi mübahisələri bəlli bir mədəni səviyyədə aparsalar, yaxşıdır.
Yoxsa, vallahi, bu “rəhmətoxumalar”, “ifşaedici şəkillər”, üçdə alacağı, beşdə verəcəyi olmayan adamlara yüklənmələr artıq ürək bulandırır. Ölkədə başqa bir problem, ayrı bir odioz fiqur yoxmuş kimi, yüzlərlə adamın dönüb-dolaşıb eyni şəxsləri “yıxıb-sürüməsi” həm də qorxaqlığın, çarəsizliyin əlamətidir.
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ