Onlayn ictimai-siyasi qəzet
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yenidən ortaya çıxıb. Eks-prezident xalqına sülh müraciəti edən və Azərbaycanın ərazi bütrövlüyünü tanıyandan sonra inqilaba qalxıb, onu devirmədiyinə görə təşəkkürünü bildirən baş nazir Nikol Paşinyanın fəaliyyətini müzakirə mövzusuna çevirib.
“Heç şübhəsiz ki, dəli olmayan hər bir dövlətin rəhbəri, ilk növbədə, öz ölkəsində sabitlik yaratmağa çalışır”, yazan Levon Ter-Petrosyan ardınca bunları vurğulayıb: “Bəs ölkəmizdə nələr baş verir? Son vaxtlar Nikol Paşinyan Ermənistana sığınan yüz mindən çox (?!-E.P.) Qarabağ sakininin ədalətli tələblərinə əsasən məzəmmət, təhqir, hətta bəzən kobud ifadələrlə cavab verir. Sonuncular çarəsiz halda yüzlərlə qapını döyür, lakin öz xahiş və tələblərinə layiqli cavab tapa bilməyərək etirazlarını kütləvi nümayişlər, oturaq aksiyalar, mitinqlər, küçələrin bağlanması və s.
Ter-Pterosyan Qarabağdan gedən ermənilərin sayı ilə bağlı “barıtı” çox qoyub. 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra burnu belə qanamayan mülki ermənilər Azərbaycanın Laçında, Həkəri çayı üzərində qurulmuş sərhəd-buraxılış məntəqəsindən könüllü şəkildə gedərkən onların neçə nəfər olduqlarını son nəfərinədək hesablamaq imkanları olub və bu barədə tam dəqiq məlumata malikdir. Petrosyanın Qarabağ ermənilərinin real sayını azı 4 dəfə artırmaq cəhdi heç şübhəsiz ki, qəbulolunmazdır və yaxşı niyyətdən irəli gəlmir. Sələflərinə uyğun şəkildə faktları şişirtməyə meyilli olan keçmiş prezident daha sonra keçmişdə eşələnməklə yenə də tarixi hadisələri olduğu kimi, deyil, arzuladığı şəkildə təqdim etməyə çalışır.
Sitat: “Oxşar vəziyyət 1990-cı illərdə, Sumqayıtda, Kirovabadda (Gəncə) və xüsusən də Bakıda baş verən qırğınlardan (??-E.P.) sonra yüz minlərlə (?!) qaçqın Ermənistanda sığınacaq tapdığı zaman da mövcud idi. Hökumətimiz bu məsələni belə həll etdi: Ermənistan Respublikasının Xüsusi Proqramlar üzrə Dövlət Administrasiyası yaradılıb, ona Vladimir Movsisyan kimi böyük idarəetmə təcrübəsi olan, cəmiyyətin hörmət və etimadından bəhrələnən şəxs rəhbərlik edib. Qaçqınların problemlərini qısa müddətdə parlaq şəkildə həll etdi. Yeri gəlmişkən, 2023-cü ildə Samvel Babayan oxşar struktur yaratmaq təklifi ilə Paşinyana müraciət etsə də, rədd edilib. Beləliklə, Paşinyan və onun tərəfdaşları belə işlək struktur yaratmaq ideyasını rədd edərək, aqressiv ritorika ilə addımlarının səmərəsizliyini ört-basdır etməyə məcbur olurlar”.
Nikol Paşinyanı davamlı şəkildə tənqid edən Ter-Petrosyanın əslində danışmağa dili olmamalıdır. Əvvəla, ona görə ki, Azərbaycana qarşı təcavüzkar siyasətin başında məhz o dayanmışdı.
Torpaqlarımızın işğal edilməsi Ter-Petrosyanın hakimiyyəti illərində baş verib, olmaya yaddaşı xatırlamağa imkan vermir? Xocalı soyqırımının törədilməsi də onun Ermənistana rəhbərlik etdiyi zamana təsadüf edib. Təkcə Xocalımı? O qədər dəhşətli hadisələr, soyqırım faktları, işğallar, bəşəri cinayətlər törədildi ki...Bu illərdə Ter-Petrosyan bircə dəfə ədalətli mövqe ortaya qoydumu? Hətta İran paytaxtında Azərbaycana rəhbərlik edən Yaqub Məmmədovla danışıqlar aparan zaman Şuşa şəhəri işğal edildi, Ter-Petrosyan özünü “xəbərsiz” kimi apardı, bu işğalın həyata keçirilməsində birbaşa rolu olan Sərkisyan-Köçəryanın durdurulması – hələ cəzalansdırılmasını demirik – üçün heç bir addım atmadı. Nəinki addım atmadı...
Bir neçə ay əvvəl Levonun özünü ifşa edən videkadrları hər birimiz gördük. 1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerpaka” üzvləri qarşısında etdiyi çıxış onun gerçək mahiyyətini bir daha ortaya çıxartdı. Həmin çıxışı zamanı Ter-Petrosyan ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətini təsdiqləyib.
Sitat: “Biz Ermənistanı azərbaycanlılardan təmizlədik, Artsaxı təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz. Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdilər. Zəngəzur boyu da çoxsaylı idilər. Biz onları təmizləməsəydik həmin bölgələrdə problemlər yaşayacaqdıq, SSRİ dağılan kimi. Azərbaycanda Dağlıq Qarabağdan kənarda yaşayan 300 min ermənilərin köçüb Ermənistana gəlməsi də bizə lazım idi. Onlar orada qalsaydılar Azərbaycan girov kimi onlardan bizə qarşı istifadə edib tarixi missiyamızı gerçəkləşdirməyə qoymayacaqdılar. Üstəlik, bununla biz demoqrafik problemimizi həll etdik”.
Bax, budur Ter-Petrosyanın əsl simasını ortaya qoyan fakt. Əslində Petrosyanın “Biz onları təmizləməsəydik həmin bölgələrdə problemlər yaşayacaqdıq...” etirafı Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı etirafına çox bənzəyir.
Sərkisyanın özünü ifşa etirafını xatırlayaq: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Dinc incanların, körpələrin, qocaların qətlini belə asanlıqla etiraf edən Serj Sərkisyanla 300 min azərbaycanlını Ermənistandan + 700 min azərbaycanlını Qarabağ və Şərqi Zəngəzurdan didərgin salan və buna görə tribunadan fəxarətlə nitq söyləyən Ter-Petrosyan mahiyyət etibarilə eyni bezin qırağıdır. İndi belə birisi Azərbaycanla sülhü paraflayan Nikol Paşinyana “dərs” keçməyə çalışır.
Nikol Paşinyan Qarabağdan öz xoşları ilə getmiş ermənilərin geri qayıtmasını mümkünsüz sayır və düz də edir. Azərbaycan vətəndaşlığını qəbul etməyərək gediblər, dəftər-kitab bağlanıb! Amma şübhəsiz ki, Paşinyan bu mövzunu qapatmaqla 300 min azərbaycanlının Qərbi Azərbaycana qayıdışı müzakirəsinə də nöqtə qoymaq istəyir. Amma unutmamalıdır ki, onun nöqtəsinə NİDA ilə tutarlı cavab verən var! Qərbi Azərbaycandan qovulanların ləyaqətli şəkildə geri qaytarılacağını Azərbaycan Prezidenti bəyan edib, özü də tankla, müharibə ilə deyil, sülh yolu ilə, avtomobillərlə! Ter-Petrosyan azərbaycanlıları zorla evlərindən qovduqlarını şəxsən etiraf edib, bu fakt üstüörtülü qala bilməz! Bu gün ona “dərs” keçməyə çalışan Ter-Petrosyana Paşinyanın deməyə kifayət qədər sözü var. Hətta onu vəziyyətin indiki duruma gəlib çıxmasına görə ittiham etmək imkanları da. Özü bacarmırsa, Ter-Petrosyan, Serj Sərksyan, Robert Köçəryan və digərlərinin müttəhimlər kürsüsü qarşısında daynmasını Azərbaycan dövləti təmin edə bilər, Qarabağdakı separatçılar kimi. Bu, Paşinyanı da cani rəqiblərindən xilas etmək üçün unikal həll yolu olar.
Baxın, Ter-Petrosyan Paşinyanın Qarabağ erməniləri ilə bağlı fikirlərinə daha sonra necə reaksiya verir: “Bununla o, əslində Qarabağ ermənilərini sakitləşdirmir, əksinə, qeyri-stabilliyi daha da dərinləşdirərək etirazlarını davam etdirməyə və gücləndirməyə sövq edir. Xatırladaq ki, bu, Paşinyanın yeganə uğursuzluğu deyil. O, oxşar bağışlanmaz və təhlükəli avantüranı erməni kilsəsinə münasibətdə həyata keçirdi, lakin xalqın müqaviməti sayəsində bu macəra yatırıldı. Nəticədə, o, ən azı müvəqqəti olaraq Kilsəyə qarşı şizmatik kampaniyasını dayandırmağa məcbur oldu”.
Beləcə, Petrosyan Qareginə və dəstəsinə də qahmar çıxır və onları mübarizəyə həvəsləndirir.
Daha sonra isə Rusiya vətəndaşı olan erməni milyarderi müdafiə edir.
Sitat: “Paşinyanın növbəti təxribatçı addımı “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin konstitusiyaya zidd olaraq milliləşdirilməsi təşəbbüsü və Samvel Karapetyana qarşı qeyri-qanuni cəza tədbiri olub ki, bu da ölkəmizin çox ehtiyac duyduğu sabitliyin bərqərar olmasına xələl gətirən amillərdən biridir. Bir sözlə, Paşinyanın iş üslubu əslində millətimizin çox ehtiyac duyduğu konsolidasiyaya deyil, sadəcə parçalanmağa yönəlib”.
Bax, budur Ermənistanın birinci prezidentinin əsl siması. Qarabağ işğalda olarkən özünü “sülhpərvər” kimi göstərməyə çalışan, Azərbaycanla güzəştlərə çağıran bu,Ş Livan ermənisi əslində sonda Azərbaycanın qalib gələcəyini bildiyi üçün tez-tələsik anlaşmaya çağırırdı, yoxsa bu, onun ədalətli adam olmasından irəli gəlmirdi. Görək Paşinyandan hətta Rusiyanın həbsdəki adamını müdafiəyə qalxıb, boy göstərən Ter-Petrosyanın ittihamlarına cavab necə olacaq? Hər halda cavabsız qoymaz...Əks təqdirdə Suriya ermənisi seçkiqabağı ilana dönüb onun boynuna sarıla bilər...Nə olsun ki, vaxtilə Paşinyan onun kadrı kimi tanınıb...
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ