Onlayn ictimai-siyasi qəzet
“Tərtər işi” üzrə işgəncə görən, mənəvi zərərlə üzləşən daha bir hərbçi məhkəməyə üz tutub. “Vətən xaini” damğası vurulan keçmiş hərbçi mənəvi zərər olaraq 100 min manat tələb edib.
Musavat.com xəbər verir ki, 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, Tərtərdə yerləşən N saylı hərbi hissənin 2-ci taborunun 4-cü bölüyündə xidmət keçmiş Məmmədov (soy ad şərtidir) “Tərtər işi”ndə günahsız yerə işgəncə görənlərdəndir.
Məmmədov bildirib ki, 36 gün əlləri və gözləri bağlı vəziyyətdə 3 ayrı hərbi hissədə saxlanılıb. Həmin müddət ərzində işgəncələrə məruz qalıb, silah və silah qismində istifadə edilən əşyadan istifadə edilməklə ona həyatı və sağlamlığı üçün təhlükəli olan zor tədbiq edilib. Onun sözlərinə görə, qohumları və onu tanıyanlar arasında “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu”, “vətən xaini” olması barədə yalan məlumatlar yayaraq onu ləkələyiblər.
Məhkəməyə müraciət edən Məmmədov Maliyyə Nazirliyi tərəfindən ona 100 min manat mənəvi təzminat ödənilməsini tələb edib. Məhkəmə bu iddianın 18 min manatını təmin edib. Məhkəmə onun hər işgəncədə qaldığı gün üçün 500 manat ödənilməsi barədə qərar çıxarıb.
Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmədə qeyd edib ki, iddia əsassızdır. İzah olaraq deyib ki, iddiaçının (şikayətçi hərbçi) qeyd etdiyi hüquq pozuntuları Maliyyə Nazirliyi tərəfindən törədilməyib.
Mənəvi zərərin ödənilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Məhkəmə bildirib ki, iddiaçıya kompensasiya qismində pul vəsaiti dövlət büdcəsi hesabına ödənilməlidir. Bu öhdəlik də dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyinin üzərinə düşür. Yəni Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normalarının pozulmasına səbəb olmur.
Musavat.com xatırladır ki, 2017-ci ildə baş verən və “Tərtər işi” kimi tanınan cinayət işi ilə bağlı onlarla hərbçi “dövlətə xəyanət” ittihamıyla saxlanılmış, işgəncəyə məruz qalmış, onların arasında istintaq zamanı ölənlər də olmuşdu.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilib, 13 nəfər işgəncə nəticəsində vəfat edib.
Bu hadisələrdə ictimaiyyət qarşısında ən çox adı hallanan vəzifəli şəxslərdən biri də həmin vaxt hərbi prokuror olmuş Xanlar Vəliyev idi.
Vəliyev o vaxt ölkənin baş hərbi prokuroru kimi prosesə birbaşa nəzarət səlahiyyətinə malik idi. Hadisələr ictimailəşdikdən sonra hüquq-mühafizə orqanlarına qarşı ittihamlar səsləndirildi, ictimai rəyə görə, Xanlar Vəliyev bu ağır cinayətlərin qarşısını almaqda və hüquqi prosesə obyektiv nəzarət etməkdə ciddi şəkildə aciz qalmışdı.
İlkin Muradov,
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ