İnsanlara hürriyət, millətlərə istiqlal!

Ticari əlaqələrə demarkasiya əngəli - İrəvan üçün Orta Asiya nümunəsi

Deputat Ermənistanın çıxış yollarını sadaladı: “Dövlətimiz yaxın zamanda Zəngəzur dəhlizinin açılmasına nail olacaq”

2025-ci ilin ilk beş ayında Tacikistan və Qırğızıstan arasında ticarət dövriyyəsi 15 dəfə artaraq 2024-cü ilin eyni dövründəki 405 min dollara qarşı 6,35 milyon dollara çatıb. Bu, 2022-ci ildə sərhəddə baş verən silahlı insidentdən sonra müharibə vəziyyətinə gələn Qırğızıstan və Tacikistanın sərhəd demarkasiyası apararaq, aralarındakı ixtilafı çözmələrindən sonra mümkün olub.

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının üzvü Xaçatur Sukiasyana görə, tezliklə Ermənistan da inkişaf etməyə başlayacaq: “Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”.

Lakin bunun üçün isə ilk növbədə sərhədlər açılmalı və maksimum qısa zamanda demarkasiya edilməlidir.

Məlumdur ki, uzun illər müharibə vəziyyətində olmuş Ermənistan və Azərbaycanın arasında da sərhədlərin demarkasiyası və delimitasiya prosesi gedir. Bəs mütəxəssislər necə düşünür, sülh əldə olunduqdan, demarkasiya işləri tamamlandıqdan sonra iki Qafqaz ölkəsi arasında ticarət intensivləşəcək, yoxsa küsülülük davam edəcək?

aydin_huseynov_280919.jpg (32 KB)

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”da Ermənistanın çıxış yollarından danışdı: “Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi sahədə həqiqi mənada güc mərkəzidir. Azərbaycan çox böyük logistik imkanlara malikdir. Orta dəhliz üzərində ölkəmizin yaratdığı reallıqlar dünya iqtisadiyyatına öz töhfələrini verməkdədir. Şərq və qərb istiqamətində, eləcə də şimal, cənub istiqamətində Azərbaycanın logistik imkanları ölkəmizin siyasi və iqtisadi nüfuzunu bir daha artırır. Başqa bir tərəfdən, Azərbaycan 12 ölkəyə mavi yanacaq ixrac edir. Yaxın gələcəkdə isə Azərbaycan yaşıl enerji ixracı baxımından öncül ölkələrdən birinə çevrilməkdədir. Biz Azərbaycanın bu iqtisadi nailiyyətlərinin fonunda Ermənistana nəzər salsaq, təkcə bir arqumenti demək kifayətdir ki, Ermənistanın ümumdaxili məhsulu ilə xarici borcu müqayisədə 60 faizi keçib. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatının gələcək perspektivləri tükənməkdədir. Məlumdur ki, Ermənistan qonşu ölkələrə ərazi iddiaları irəli sürməklə, müharibə ritorikası ilə özünü regional layihələrdən kənarlaşdırıb. Artıq dünyaya çıxışı demək olar ki, tamamilə məhduddur. Ermənistanın əsas iqtisadi partnyoru Rusiya və Çindir. Orta dəhliz üzərindən daşımalarla bu güclər Ermənistan iqtisadiyyatına çox böyük təsirlər göstərə bilər. Yəni Ermənistanın öz iqtisadiyyatını ayaqüstündə saxlaması üçün ən birinci məsələ kommunikasiyaları açmasıdır. Bir dövlət kimi mövcudluğu artıq buradan keçir. Türkiyə və Azərbaycanla kommunikasiyaları açması gərəkir. Azərbaycanın regionda həyata keçirdiyi layihələrdə iştirak etməlidir. Bu, Ermənistanın iqtisadiyyatının yeganə çıxış yoludur. Bu baxımdan Zəngəzur dəhlizi çox önəmli bir rol oynayır. Əgər bu dəhliz Naxçıvanla bizim əlaqələri birbaşa təmin edən bir dəhlizdirsə, bizim üçün mənəvi tərəfi böyükdürsə, demək, dövlətimiz yaxın zamanda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Başqa bir yol da yoxdur. Ermənistan da bu dəhlizdən özü üçün yeganə çıxış yolu kimi istifadə etməli, öz iqtisadiyyatını inkişaf etdirməlidir”.

Deputat sülh prosesindən sonra Azərbaycanla Ermənistan arasında qurula biləcək iqtisadi əlaqələrdən də söz açdı: “Sülhün əldə olunması üçün Azərbaycan dövləti öz haqlı şərtlərini irəli sürüb. Bu, birbaşa beynəlxalq hüquqlara və prinsiplərə söykənib. İlk növbədə qonşu ölkələrə qarşı Ermənistan ərazi iddialarından əl çəkməlidir, kommunikasiyalar açılmalıdır. Əgər bu şərtləri qəbul edib, Azərbaycanla sülh sazişi yolunda addımlar atarlarsa, bu, Ermənistan üçün ən düzgün seçim olacaq. Digər tərəfdən, regionda nə qədər sabitlik olarsa, kommunikasiyalar istiqamətində şaxələndirilmiş marşrutlar meydana çıxarsa, bu, bütövlükdə region iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşımış olacaq. O da məlumdur ki, Azərbaycan həm İqtisadi Əməkdaşlıq Təşkilatında, həm də digər platformalarda çox aktiv iştirak edir. Azərbaycanın imkanlarından Ermənistanın istifadəsi yalnız sülh sazişi imzalanandan sonra ola bilər. Sonda qeyd edim ki, "Cənubi Qafqaz evi" yaradılarsa, bu, region üçün daha əlverişli mühitin yaranmasına səbəb olar, daha çox xarici investisiyaların cəlb olunmasına, turizmin daha da inkişaf etməsinə yol açar. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi layihələrdə Ermənistan yer almaq istəyirsə, ilk növbədə ərazi iddialarından əl çəkməlidir".

Geosiyasi dəyişikliklər ticarət dövriyyəmizə birbaşa təsir edib” – Günay  Hüseynova | news365.az

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynova Azərbaycanın Ermənistanda istehsal olunan heç bir məhsula ehtiyacının olmadığını bildirdi: “Bir sıra beynəlxalq ekspertlər və iqtisadi sahənin mütəxəssisləri Azərbaycan və Ermənistan arasında ticarətin intensivləşəcəyini bildirsə də, tamamilə əksini düşünürəm. İlk əvvəl onu qeyd edim ki, ölkəmizdən müəyyən məhsulların, xüsusilə də neft məhsullarının ixracı ola bilər,  lakin düşünmürəm ki, idxalı ola. Ermənistanın təbii sərvətləri yox dərəcəsindədir. Qarabağ iqtisadi zonası azad edilməmişdən əvvəl qiymətli metallardan qızıl dünya bazarına çıxarılırdı. Hazırda mis filizi və almaz kimi məhsullarını ixrac edir. Bundan əlavə, kənd təsərrüfatı, heyvandarlıq və müxtəlif məhsulların konservatı, təbii şirələrin ixracatı ilə beynəlxalq arenaya daxil olur. Qiymətli metal, avtomobil ehtiyat hissələrinin idxalı ehtimalı olsa da, digər ixrac etdiyi məhsulları bu siyahıya daxil edə bilməyəcəm. Azərbaycan istehlakçısının bu məhsulları alıb istifadə edəcəyini düşünmürəm. Siyasi və müharibə səbəbindən vətəndaşda ilk növbədə inam yoxdur, həmin məhsulların istehsal və Azərbaycana göndərilməsi ilə bağlı. Bundan əlavə də həmin məhsullarda daxili bazarı qarşılayan istehsalımız var. Həmçinin də digər ölkələrin məhsulları bazarda alternativ olaraq var. Azərbaycanın Ermənistanda istehsal olunmuş ərzaq məhsullarına, yarımfabrikata, spirtli içkilərə, quru meyvəyə ehtiyacı yoxdur. Siyasi və iqtisadi münasibətləri dərinləşdirmək məqsədilə qarşı tərəf addım atır, lakin hazırda ticari prosedurlar üçün o mühit yoxdur. Olsa belə, yalnız neft məhsullarının ixracı ola bilər, nəinki idxalı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR