İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Zülfüqarovdan xəbərdarlıq: “Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər Rusiya mediasında və Z-blogerlər arasında Azərbaycanın əleyhinə aparılan kampaniyanı kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, o, bunun sadəcə informasiya savaşı deyil, həm də açıq-aydın psixoloji təzyiq vasitəsi olduğunu bildirib.

Zülfüqarovun əsas vurğusu Rusiyanın son aylar Azərbaycana münasibətdə göstərdiyi davranışın artıq strateji tərəfdaşlıq səviyyəsindən çıxaraq, neytral qonşuluq səviyyəsinə enməsi ilə bağlıdır. O, xüsusilə AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra baş verənlərin bu münasibətlərdə dönüş nöqtəsi olduğunu qeyd edir.

Zülfüqarovun sözlərinə görə, indi Rusiyanın bəzi rəsmi və qeyri-rəsmi dairələri Azərbaycanı “imperiyanın itaətsiz ucqarı” kimi təqdim etməyə çalışır. Onlar hərbi hücum planları barədə danışaraq, guya Azərbaycanın Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər.

Lakin keçmiş nazir bu iddiaları həm hərbi, həm də geosiyasi baxımdan qeyri-real hesab edir: “Rusiya belə bir addım atmaqla Cənubi Qafqazdakı az qala yeganə qonşusunu da qarşısına almaq riskini daşıyır. Finlandiya nümunəsi göz önündədir – bir vaxtlar neytral qonşu indi NATO üzvüdür. Eyni senari Azərbaycan üçün də mümkün ola bilər”.

Zülfüqarovun təhlilində diqqət çəkən digər vacib məqam informasiya hücumunun təkcə Rusiyadakı rəsmi qurumlarla məhdudlaşmamasıdır. O, bu hücumlarda bir neçə kateqoriyadan ibarət media və təbliğat dairələrinin iştirak etdiyini vurğulayır:

1. Liberal, Qərbyönlü rusiyalı şərhçilər – Onlar Kremlin əleyhinə olsalar da, azərbaycanofob ritorikaya da eyni həvəslə qoşulurlar.
2. Ukrayna mediası və ekspertləri – Azərbaycanla həmrəylik ifadə etsələr də, “ikinci cəbhə” yaratmaq istəyi ilə bəzən təhrikedici mövqe sərgiləyirlər.
3. Radikal İrana yaxın media qurumları – Bu dairələr hərbi ritorikadan istifadə edərək, İran-Azərbaycan münasibətlərinə öz prizmasından yön verməyə çalışırlar.
4. Erməni və pro-erməni mənbələr – Ən fəal və aqressiv təbliğat bu kanallardan gəlir. Onlar revizionist və revanşist yanaşma ilə Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyasının əsas daşıyıcılarıdır.

Zülfüqarov qeyd edir ki, AZAL təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulması və Moskvanın bu məsələdə məsuliyyətdən yayınması ikitərəfli münasibətlərdə gərginliyin pik nöqtəsi oldu. Azərbaycan tərəfinin araşdırmalarla bağlı təkrar-təkrar etdiyi müraciətlərə cavab verilməməsi, bu işdə iştirak edən Rusiya hərbçilərinin cəzalandırılmaması və əksinə, bəzilərinin vəzifəyə yüksəldilməsi açıq təxribat kimi qiymətləndirilir.

Zülfüqarov sonda Azərbaycan mediası və şərhçilərinə çağırış edir: “Bu cür qeyri-real hərbi senariləri tirajlamaq Azərbaycanın maraqlarına ziddir. Bu ritorikanı legitimləşdirmək, özümüzü süni şəkildə bir qarşıdurmanın tərəfinə çevirməkdir. Əgər bu informasiya kampaniyasına uysaq, nəticədə özümüzü Rusiya ilə geosiyasi qarşıdurmaya sürükləyə bilərik”.

Tofiq Zülfüqarovun bu geniş təhlili Azərbaycanın informasiya müharibəsi qarşısında necə davranmalı olduğu ilə bağlı açıq mesaj verir. O, hərbi ritorikaların deyil, diplomatik çevikliyin, regional əməkdaşlığın və soyuqqanlılığın vacib olduğunu vurğulayır. Əgər Rusiya həqiqətən Azərbaycana qarşı destruktiv siyasətini davam etdirərsə, bu, artıq təkcə regional deyil, qlobal nəticələrə səbəb olacaq – təkcə Moskva üçün deyil, Cənubi Qafqaz üçün də.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR