Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan lideri Moskvadan ehtiyatlanıb, yoxsa Ersin Tatarın iştirakına görə səfərdən vaz keçib?
Xankəndidə keçirilən İƏT sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirak etməməsi bu ölkə mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Orda” nəşri yazır ki, çoxları Tokayevin sammitdə iştirakdan imtinasını Moskvaya siqnal kimi qiymətləndirib.
Eyni zamanda bəzi ekspertlər xatırladırlar ki, İƏT hökumətlərarası təşkilatdır və baş nazirlərin iştirakı məntiqlidir. Pakistan və Türkmənistan kimi Qazaxıstan da tədbirdə iştirakı hökumət başçısına həvalə edib.
Bəzi ekspertlər həm də o rəydədir ki, Tokayevlə İlham Əliyevin münasibətləri çox yaxşıdır və zatən daimi diplomatik təmasdadırlar.
Bununla belə, Tokayevin getməməklə strateji səhvə yol verdiyi barədə fikirlər də var. Ümumiyyətlə, Qazaxıstandakı müşahidəçilər bu addımı “düşünülmüş diplomatik siqnal” kimi qiymətləndirirlər. Onların fikrincə, Qazaxıstan Asiya təşəbbüslərində iştirakını davam etdirir, çoxvektorlu və balanslaşdırılmış siyasət Astananın xarici siyasət ənənələrinə uyğundur.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, əslində Tokayevin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən toplantısında iştirakı gözlənilirdi. Lakin Qazaxıstan prezidenti şəxsən iştirak etməsə də, ölkəsi yüksək səviyyədə - baş nazir səviyyəsində təmsil olundu. Bu da yüksək təmsilçilik hesab olunur: “Cənab Tokayevin özünün iştirak etməməsi Rusiya-Azərbaycan gərginliyi fonunda müxtəlif formada təhlil olundu və olunur. Hesab edirəm ki, burada bir neçə səbəb var. Birinci səbəb həqiqətən də söylənilən kimi, Rusiya faktoru ilə bağlıdır. Ola bilsin ki, həmin zaman Rusiya-Azərbaycan gərginliyindən çəkinərək Qazaxıstan prezidenti Xankəndi zirvəsində iştirak etməməyi özü üçün məqbul sayıb. Bu ehtimal güclüdür. Lakin daha sadə və bəsit cavab da var. Bu cavab da ondan ibarətdir ki, Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarın Xankəndidəki toplantıda iştirak etməsinin Tokayevin son qərarına təsir göstərdiyini düşünmək olar. Xatırlayırsınızsa, Vladimir Putinin iştirakı ilə bir neçə il öncə Valday beynəlxalq diskussiya klubunun iclasında Tokayev bildirdi ki, kvazi dövlətləri tanımırıq və tanımaq istəmirik. Ola bilsin ki, tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərinin İƏT toplantısında iştirak etməsi Tokayev üçün çəkindirici amil olub”.
Ekspertin sözlərinə görə, istənilən halda, Qazaxıstan dost və qardaş ölkədir və onun rəhbərinin səfərləri arzuolunandır: “Rusiya-Azərbaycan gərginliyində də sosial şəbəkə seqmentində qazaxıstanlı qardaşlarımızın Azərbaycanın mövqeyini müdafiə etdiklərini görürük. Onların ən çox söylədiyi alqış kimi "Qazaxıstan-Azərbaycan qardaşlığı əbədi olsun" şüarlarına tez-tez rast gələ bilərik. Yəni Qazaxıstanda ictimai rəy də Azərbaycanın tərəfindədir. Hesab edirəm ki, meydana gələn söz-söhbətlər də tez bir zamanda aradan götürüləcək".
Aqil Məmmədov
Politoloq Aqil Məmmədov isə bildirdi ki, Tokayevin Xankəndinə Moskva faktoruna görə gəlmədiyi barədə iddialar əsassızdır: “Rusiya hava məkanında vurulan AZAL təyyarəsinin Aktau yaxınlarında qəzaya düşməsindən sonra rəsmi Astana kifayət qədər açıq mövqe sərgiləmişdi. Qəzanın ilk dəqiqələrindən etibarən rəsmi Astana Bakı ilə birbaşa kommunikasiya kanalı quraraq, hadisə ilə bağlı həqiqətlərin üzə çıxmasına maksimum dərəcədə töhfə verdi. Bu, Kasım-Jomart Tokayevin birbaşa tapşırığı olmadan mümkün olmazdı. Ümumiyyətlə, 2024-cü ildə iki ölkə prezidentləri arasında birbaşa kontaktlar münasibətlərdə yeni səhifə açdı və əlaqələr inkişaf etməkdədir. Elə həmin il Qazaxıstan prezidenti Şuşaya səfər edən ölkə başçılarından biri oldu ki, bu faktın özü Azərbaycanın suverenlik möhürü altına Qazax liderinin şahidlik imzası atması deməkdir. Odur ki, Kasım-Jomart Tokayevin İƏT sammitinə şəxsən gəlməməsi, məncə, sırf texniki məsələdir və bunda siyasi çalar axtarmaq düzgün deyil. Əksinə, Qazaxıstan son dövrlərdə "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında aktivliyini artırmaqdadır. Qazaxıstan Mərkəzi Asiya-Çin, İtaliya və Avropa İttifaqı sammitlərinə həm ev sahibliyi edir, həm də aktiv iştirak edir. Aydın məsələdir ki, Mərkəzi Asiyada Aİ-nin və Çinin artan fəallığı bəzi dairələr tərəfindən xoş qarşılanmır. Lakin buna baxmayaraq, rəsmi Astana milli maraqları çərçivəsində tərəfdaşları ilə əlaqələri dərinləşdirməkdə maraqlı görünür. Bu da o deməkdir ki, Qazaxıstan üçün Azərbaycan və Türkiyə ilə strateji əlaqələrin dərinləşməsi dünənkindən daha çox vacibdir".
Politoloq vurğuladı ki, Qazaxıstan prezidenti fiziki olaraq Xankəndi sammitində iştirak etməsə də, ölkə hökuməti başçısı səviyyəsində təmsil olunub, müzakirələrdə aktiv iştirak edib və qəbul edilən bütün qərarlara qoşulub: “Ona görə də hesab edirəm ki, bu məsələnin Qazaxıstanda hansısa daha çox rusiyameylli media subyektlərində süni şəkildə müzakirəyə çıxarılması Azərbaycan-Qazaxıstan münasibətlərinə xələl gətirmək cəhdidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ