Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp milyarder Cared Aysmanın ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsinə namizədliyini geri çəkib.
Musavat.com xəbər verir ki, bunu Tramp özünün Truth Social hesabında yazıb.
O, tezliklə yeni namizədin adını açıqlayacağını bildirib: “Mən Cared Aysmanın NASA-nın rəhbəri vəzifəsinə namizədliyini geri götürürəm. Tezliklə Amerikanı kosmosda birinci yerə çıxaracaq yeni namizədi elan edəcəm".
Mayın 31-də The Washington Post mənbələrə istinadən Ağ Evin ayın 30-da milyarder Cared Aysman-a NASA-nın rəhbəri vəzifəsinə namizədliyini geri götürmək niyyətində olduğunu elan edib.
Aprelin sonunda ABŞ Senatının Ticarət, Elm və Nəqliyyat Komitəsi Aysmanın NASA-nın rəhbərliyinə namizədliyini təsdiq etmişdi. Onun namizədliyi üzrə yekun səsvermənin gələn həftə Senatda keçiriləcəyi gözlənilirdi.
Ötən ilin sentyabrında 42 yaşlı milyarder ilk kommersiya kosmos missiyası olan Polaris Dawn-da iştirak edib. Crew Dragon kosmik gəmisinin kapitanı kimi uçuş zamanı o və mühəndis Sara Gillies qeyri-peşəkar astronavtlar tərəfindən ilk dəfə kosmosda gəzinti həyata keçirdilər.
Qeyd edək ki, Aysman milyarder İlon Maskın SpaceX şirkəti ilə əməkdaşlıq edir. Onun NASA rəhbərliyinə namizədliyinin irəli sürülməsində Maskla yaxınlığı mühüm rol oynamışdı. İki gün əvvəl Ağ Evdə Maskın administrasiyadan yola salınmasına həsr olunmuş kiçik mərasim keçirilib.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ