Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş rəhbəri, kralın kiçik oğlu Turki əl-Feysəl Qərb dövlətlərini, xüsusilə də ABŞ və İsraili “ikili standartlar” siyasətinə görə tənqid edib.
“The National” xəbər portalında dərc olunan məqaləsində o, İranın nüvə obyektlərinə hücumların fonunda İsrailin nüvə arsenalına Qərbin susqunluğunu qınayıb.
Turki əl-Feysəl yazır:
“Əgər ədalətli bir dünyada yaşasaydıq, Amerikanın B-2 təyyarələrinin Dimona nüvə obyektinə və İsrailin digər nüvə müəssisələrinə bomba yağdırdığını görərdik. İsrailin nüvə bombaları var və bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulmasıdır. Onlar bu müqaviləni imzalamayıblar, yəni Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətindən azaddırlar və heç kim onların obyektlərinə baş çəkmir”.
Turki əl-Feysəl İsrailin İrana qarşı birtərəfli hücumlarına haqq qazandıran Qərb dairələrini ikili standartda ittiham edərək bildirir ki, unudurlar – İsrailin baş naziri Benyamin Netanyahu 1996-cı ildən bəri “İran rejimi məhv edilməlidir” deyə çağırışlar edir. O qeyd edir ki, Qərbin bu mövqeyi İranın gözləntilərinə uyğundur. “İsrailin Fələstin ərazisindəki davamlı hücumlarını müdafiə edən ölkələr indi guya mülayim tənqidlər səsləndirirlər”.
Feysəl məqaləsində həmçinin Qərb dövlətlərinin Rusiyaya qarşı Ukrayna müharibəsinə görə tətbiq etdiyi sanksiyalarla İsrailin davranışı arasında paralel apararaq deyir ki, bu, Qərbin təbliğ etdiyi prinsip və qanunlara “açıq ziddiyyətdir”.
O, ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi son hava zərbələrini də sərt tənqid edib və prezident Donald Trampı qeyri-qanuni əmrlər verməkdə, İsrailin “qanunsuz hücumlarını” dəstəkləməkdə ittiham edib.
Turki əl-Feysəl yazır:
“Tramp prezidentliyə namizəd olarkən özünü dünyaya sülh gətirəcək lider kimi təqdim edirdi. İnaqurasiya nitqində “bütün müharibələri dayandıracağına və xalqlar arasında birlik yaradacağına” söz vermişdi. Amma nə baş verdi? Müharibələr dayanmadı, əksinə, yeni qarşıdurmalar başladı. Qəzzada müharibə hələ də davam edir. Vaşinqton isə indi İranla vasitəçilik rolunu oynamağa çalışır”.
O qeyd edir ki, Tramp 20 il əvvəl ABŞ-ın İraqa müdaxiləsi zamanı Səudiyyə liderlərinə qarşı çıxmışdı. İndi isə həmin müdaxilənin nəticələrini görməli və eyni səhvlərin İranda təkrarlanmasının nəticələrinin fərqində olmalıdır.
Məqalənin sonunda Turki əl-Feysəl açıqlayıb ki, ABŞ-da Donald Tramp hakimiyyətdə olduğu müddətdə bu ölkəyə səfər etməyəcək. O bildirib ki, bu qərarı atasının – Kral Feysəlin mövqeyinə əsaslanaraq verib. Belə ki, Kral Feysəl vaxtilə ABŞ prezidenti Harri Trumenin Fələstin məsələsindəki siyasətinə etiraz əlaməti olaraq Trumen vəzifədən gedənə qədər bu ölkəyə səfər etməmişdi.
Turki əl-Feysəl bu tarixi xatırladaraq yazır:
“Prezident Harri Trumenin Ruzveltin vədlərini pozaraq sionistlərin tələblərini dəstəkləməsi ərəb dünyasında böyük narazılıq doğurdu. Kral Əbdüləziz bin Səud bu qərarın ərəblərə qarşı atılmış addım olduğunu deyirdi. Mən də atam Kral Feysəlin yolunu davam etdirəcəyəm”.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Turki əl-Feysəlin mövqeyi regionda yeni reallıqların xəbərçisidir:
“Səudiyyə Ərəbistanı kral ailəsinin nüfuzlu simalarından biri olan Turki əl-Feysəlin ABŞ və İsrail siyasətinə qarşı açıq tənqidi, əslində Yaxın Şərqdə formalaşmaqda olan yeni geosiyasi xəttin göstəricisidir. Biz bu bəyanatı yalnız emosional reaksiyaya bağlamamalıyıq. Burada dərin strateji mesajlar var. Turki əl-Feysəlin çıxışında ən vacib məqamlardan biri beynəlxalq hüququn selektiv tətbiqinə qarşı etirazdır. Məsələn, İran nüvə proqramı səbəbilə illərdir ki, beynəlxalq təzyiq altındadır, amma eyni dövrdə İsrailin nüvə silahına malik olması faktı heç bir beynəlxalq qurum tərəfindən ciddi şəkildə gündəmə gətirilmir. Bu, Turki əl-Feysəlin də dediyi kimi, “ikili standart” deyil, açıq-aşkar beynəlxalq sistemin ədalətsiz strukturunun göstəricisidir”.
Siyasi şərhçi bildirib ki, burada diqqətçəkən daha bir məsələ Trampın ritorikasının və praktiki siyasətinin ziddiyyətidir:
“Turki əl-Feysəl bu məqamı haqlı olaraq qabardır. Tramp sülh vəd edib, lakin bölgədə daha çox gərginlik yaradıb. Bu, yalnız Fələstin məsələsində deyil, İrana qarşı təzyiq siyasətində də özünü göstərdi. Xüsusilə İraqda, Suriyada və indi də Qəzzada ABŞ-ın siyasəti situativ və qeyri-sabit xarakter daşıyır. Səudiyyə tərəfi artıq bunun fərqindədir. Turki əl-Feysəlin ABŞ-a səfər etməmək qərarı isə sadəcə şəxsi münasibət deyil, simvolik mesajdır. Belə görünür ki, Ər-Riyad artıq Vaşinqtonun diktəsi ilə hərəkət etməyəcək. Son illərdə Çin və Rusiya ilə balans siyasəti, İranla münasibətlərin normallaşması cəhdləri də bu tendensiyanın göstəricisidir. Əgər 10 il əvvəl belə bir bəyanat mümkünsüz idisə, bu gün Səudiyyə rəhbərliyinə yaxın şəxslər tərəfindən açıq şəkildə səslənir. Eyni zamanda, qeyd etməliyik ki, Turki əl-Feysəlin bu çıxışı təkcə ABŞ-a deyil, həm də İsrailin regional siyasətinə qarşı açıq siqnaldır.
O, İsrailin Fələstin ərazisindəki fəaliyyəti ilə bağlı beynəlxalq reaksiyanın qeyri-adekvat olduğunu bildirir. Əslində, bu tənqid region dövlətləri arasında getdikcə artan “qərb yalanlarından uzaqlaşma” tendensiyası ilə üst-üstə düşür. Nəhayət, Turki əl-Feysəlin məqaləsindəki tarixi istinadlar da təsadüfi deyil. O, ABŞ-Səudiyyə münasibətlərinin tarixi kontekstinə diqqət çəkərək bildirir ki, Truman dövründə İsrailin yaradılmasına verilən dəstək ərəb dünyasında ciddi narazılıq doğurub. Bu isə onu göstərir ki, Səudiyyə öz xarici siyasətində yalnız gündəlik maraqlar deyil, həm də uzunmüddətli tarixi yaddaşı əsas götürməyə başlayıb. Turki əl-Feysəlin mövqeyi təkcə şəxsi narazılıq deyil, regionda Səudiyyə Ərəbistanının yeni xarici siyasət doktrinasına keçidinin göstəricisidir. ABŞ və İsrailə yönəlmiş bu sərt mesajlar göstərir ki, Yaxın Şərq artıq əvvəlki kimi Vaşinqtonun nəzarətində deyil”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ