Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə İsrail və İranın iştirakı ilə genişmiqyaslı münaqişə təhlükəsi yaranıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.
O, Amerika mətbuatında İsrailin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı nəşrləri şərh edərkən bildirib: “Baxın, genişmiqyaslı münaqişə təhlükəsi var. Bizim bu regionda çoxlu amerikalı var. Mən dedim ki, onlara regiondan getmələrini söyləməliyik, çünki nəsə baş verə bilər. Tezliklə".
Tramp jurnalistlərin İsrailin İrana mümkün zərbəsinin vaxtı ilə bağlı sualını cavablandırarkən zərbənin özünü mümkün hal kimi qeyd edib: Mən İsrailin zərbəsinin qaçılmaz olduğunu söyləmək istəmirəm, amma görünür, bunun baş verməsi ehtimalı çox böyükdür. Hər şey çox sadə və aydındır: İranın nüvə silahı ola bilməz. Mən onların uğurlu olmasını istəyirəm. Mən onların heyrətamiz olmasını istəyirəm. Biz onlara uğur qazanmağa kömək edəcəyik. Biz onlarla ticarət edəcəyik. Biz lazım olan hər şeyi edəcəyik. Mən münaqişədən qaçmaq istərdim. İran daha sərt danışıqlar aparmalı, yəni indi vermək istəmədiyini bizə verməli olacaq".
Axios portalının yazdığına görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff respublikaçı senatorlara xəbərdarlıq edib ki, vəziyyətin gərginləşməsi halında İsrailin hava hücumundan müdafiəsi İranın cavab zərbəsinə tab gətirə bilməyəcək.
Portalın mənbələrinə görə, Vitkoff keçən həftə senatorlara xəbərdarlıq edib ki, İsrailin hava hücumundan müdafiəsi yüzlərlə raketdən istifadə edərsə, İranın cavab zərbəsinə tab gətirə bilməyəcək. Bu halda zərbələr çoxlu sayda insan tələfatına və böyük dağıntılara səbəb ola bilər.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ