Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yeni idxal tarifləri paketini elan edib.
Musavat.com xəbər verir ki, oktyabrın 1-dən qüvvəyə minəcək tədbirlər çərçivəsində brend dərmanlara 100%-lik, iri tonnajlı yük maşınlarına isə 25%-lik gömrük rüsumu tətbiq olunacaq.
Tramp bu tariflərin hansı ölkələrdən gətirilən mallara şamil olunacağı barədə dəqiq məlumat verməyib və bunun ABŞ-la tarif razılaşmaları imzalamış dövlətlərə aid olub-olmadığını açıqlamayıb.
Prezident əlavə edib ki, mətbəx şkafları və vanna otağı tumbalarına 50%, yumşaq mebellərə isə 30% gömrük rüsumu qoyulacaq.
DW-nin məlumatına görə, xəbər bütün Asiya üzrə farmasevtika şirkətlərinin səhmlərinin kəskin enməsinə səbəb olub. Çin mebel istehsalçılarının indeksi 1,1% dəyər itirib.
“Reuters” yazır ki, kommersiya avtomobillərinə tətbiq edilən yüksək tariflər nəqliyyat xərclərini artıra bilər. Bu isə Trampın inflyasiyanı, xüsusilə də gündəlik tələbat mallarında qiymətləri azaltmaq vəd etdiyi bir dövrdə baş verir. Donald Tramp isə ağır yük maşınlarına yeni rüsumların ABŞ istehsalçılarını “ədalətsiz rəqabətdən” qorumağa yönəldiyini vurğulayıb.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ