Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp Yəməndəki husiləri bombalamağı dayandıracağını açıqlayıb. Tramp bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib. “Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq”, - o qeyd edib".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloqun fikrincə, ABŞ və husilərin son anda barışmasına bir neçə amil təsir göstərub:
"Amerika liderinin sözlərinə görə, husilər təslim olublar və artıq gəmiləri partlatmayacaqlarını açıq şəkildə bildiriblər. Bu arada, ABŞ ilə husiləri Oman barışdırıb. Bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bəyan edib. Onun sözlərinə görə, əldə edilən razılaşmaya əsasən husilər Babül-Məndəb boğazından keçən ABŞ gəmilərinə hücumları dayandıracaqlar. Nazir əlavə edib ki, tərəflər bir-birinə hücum etməyəcəklərini və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcəklərini vəd ediblər.
ABŞ və husilərin son anda barışmasına bir neçə amil təsir göstərə bilər. İlk növbədə İsrail və ABŞ Həmas və Hizbullahı bitirmək üçün yeni plan üzərində işləyirlər. Tramp hakimiyyətə gəldikdən sonra Qəzza bölgəsinin tamamilə sökülməsi və insanların köçürülməsi üçün həll planı təqdim edib. Eyni zamanda İsrail Hizbullah və Həmasın mövqelərini şiddətli şəkildə bombalayır. Vaşinqton və Tel-Əviv indiki şəraitdə husilərlə problem yaşamaq istəmir.
Düzdür, husilər bu razılaşmanın İsrailə aid olmadığını bildiriblər, lakin tərəflər arasında bununla bağlı gizli razılaşma əldə edilmiş ola bilər. Sülhün əldə edilməsində ikinci vacib səbəb ABŞ-nin ticarət gəmilərinə müntəzəm edilən hücumlardır. Vaşinqtonun bu hücumları dayandırmaq üçün iki yolu var – Yəmənə quru müdaxilə və ya husilərlə barışıq bağlamaq. Donald Tramp yeni müharibəyə başlamaq istəmir. Mövcud müharibələri bitirmək onun seçki kampaniyasının əsasını təşkil edirdi. İndiki halda yeni müharibə Ağ Ev rəhbərinin nüfuzuna ciddi təsir göstərə bilər. Eyni zamanda, bu, Çinlə iqtisadi rəqabətdə olan ABŞ üçün ciddi maliyyə problemləri yarada bilər. Rəqibin isə bundan məharətlə istifadə edəcəyinə şübhə yoxdur.
Əldə olunan razılaşma üçün üçüncü səbəb isə ABŞ və İran arasındakı yaxınlıqdır. Ola bilsin ki, Tehran proksi qüvvəsi olan husilərə ABŞ-yə qarşı hücumları dayandırmaq barədə göstəriş verib. ABŞ və husilər arasındakı toqquşma Vaşinqton–Tehran danışıqlarına ciddi şəkildə təsir göstərir. İstənilən halda, əldə edilmiş razılaşma İsrailin planlarını pozur. Netenyahu hökuməti ABŞ–İran razılaşmasının baş tutmasını istəmir və bu məqsədlə Tehranın proksi qüvvələrinə böyük önəm verirdi. Nəzərə almaq lazımdır ki, husilərlə baş tutan barış gələcəkdə ABŞ–İran barışığı üçün də əsas ola bilər".
Xalidə Gəray
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ