Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçiriləcək görüş ərəfəsində narahatlığını gizlətmir. Sky News yazır ki, Zelenski Oval kabinetdə yenidən “siyasi pusquya” düşmək riskini dərk edir, lakin o, məcburdur özünü sülh danışıqlarının könüllü iştirakçısı kimi göstərməyə. Əks halda, münaqişənin həllinə mane olan tərəf kimi təqdim edilməkdən ehtiyat edir.
Xatırladaq ki, fevral ayında Oval kabinetdə keçirilmiş görüşdə Zelenski ilə Tramp və vitse-prezident JD Vance arasında kəskin qarşıdurma yaşanmış, müzakirələr gərgin atmosferdə keçmişdi. Həmin insidentdən sonra ABŞ-dan Ukraynaya hərbi və kəşfiyyat dəstəyi müvəqqəti dayandırılmış, bu isə Kiyevin mövqelərinə ciddi təsir etmişdi. Məhz bu səbəbdən Zelenskinin indi Vaşinqton səfərinə çıxarkən “pusquya düşmək” qorxusu daha da artıb.
Sky News qeyd edir ki, Zelenski üçün əsas məsələ Ukraynanı beynəlxalq səviyyədə sülh istəyən tərəf kimi təqdim etməkdir. Onun fikrincə, əgər Kiyev danışıqlardan boyun qaçırsaydı, bu, Ukraynanın müharibəni uzatmaq istəyində günahlandırılması ilə nəticələnə bilərdi. Buna görə də Zelenski, risklərə baxmayaraq, Trampın təklif etdiyi görüşə razılaşıb.
Reuters yazır ki, bazar ertəsi baş tutacaq görüş həm Ukrayna, həm də ABŞ üçün həlledici ola bilər. Politico isə vurğulayır ki, Trampın Putinlə Alyaskadakı isti münasibətləri Avropada böyük narahatlıq doğurub və indi Qərb ölkələri Zelenskinin eyni səviyyədə diqqət və hörmət görməyəcəyindən ehtiyat edirlər.
Zelenski öz açıqlamasında bildirib ki, Ukrayna Şimal və Baltik ölkələrinin birgə bəyanatını yüksək qiymətləndirir və tərəfdaşların dəstəyinə görə minnətdardır: “Əgər Rusiya ən sadə əmri – zərbələrin dayandırılması – belə icra etmək istəmir, onda qonşularla uzunmüddətli sülh şəraitində yaşamaq üçün daha böyük səy tələb olunacaq. Amma biz bütün tərəfdaşlarla birgə bu məqsəd uğrunda çalışırıq.”
Nəticə etibarilə, Zelenski Vaşinqtondakı görüşdə həm Ukraynanın sülhə sadiqliyini nümayiş etdirməyə, həm də Tramp administrasiyasının sərt şərtləri qarşısında ölkəsinin mövqelərini qorumağa çalışacaq.
Musavat.com
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ