Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp müxtəlif ölkələrlə ticarət mübadiləsini ölkəsinin xeyrinə dəyişdirməyə çalışarkən, Vaşinqtonun strateji müttəfiqi Böyük Britaniya da ölkə iqtisadiyyatının problemlərinin həllinə diqqəti artırıb. Böyük Britaniya parlamentinin ölkənin ən böyük metallurgiya şirkəti olan “British Steel” haqqında xüsusi qanun qəbul etməsi buna misaldır".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, Böyük Britaniya parlamentinin bir müəssisə haqqında xüsusi qanun qəbul etməsinin ciddi səbəbi var:
"Çünki “British Steel” bağlanmaq təhlükəsiylə üzləşib. Məsələ burasındadır ki, bu müəssisənin sahibi və idarəetməsi Çinin “Jingye” şirkətinə məxsus olub. London Çin şirkətinin idarəetməsindən narazı qalıb. Müəssisənin bağlanması təhlükəsi Böyük Britaniya hökumətini qəti qərara məcbur edib. Bu müəssisə Böyük Britaniya üçün strateji əhəmiyyət kəsb edir. Yeni qanuna görə, şirkət dövlətin idarəetməsinə keçib. Londonun başqa alternativi olmayıb. Çünki, müəssisə bağlansaydı, təxminən 3 minə yaxın Böyük Britaniya vətəndaşı işsiz qalacaqdı. Müəssisə bağlansaydı Böyük Britaniya “böyük yeddilər” arasında polad istehsalından məhrum olan ölkəyə çevriləcəkdi. Böyük Britaniya üçün polad həm də hərbi texnika istehsalı üçün vacibdir.
Buna baxmayaraq, Böyük Britaniya üçün “British Steel”i gəlirlə işləyən müəssisəyə çevirmək çətin olacaq. Müəssisəyə sahib olan Çin bunu bacarmadı. Çin şirkəti müəssisənin işini davam etdirməsi və işçilər arasında ixtisara yol verilməməsi üçün Böyük Britaniya hökumətinin 2 milyard funt sterlinq yatırım qoymasını lazım bilirdi. Böyük Britaniya hökuməti isə sadəcə 500 milyon funt sterlinq maliyyə ayıra biləcəyini açıqlamışdı. Bunun az olduğunu əsaslandırmağa çalışan Çin şirkəti belə olan halda müəssisənin iyun ayın üçün bağlana biləcəyi təhlükəsini səsləndirmişdi. Bunun qarşısını almaq üçün də London müəssisənin milliləşdirilməsi barədə təcili qərar vermək məcburiyyətində qalıb."
Xalidə Gəray
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ