İnsanlara hürriyət, millətlərə istiqlal!

Metsamor AES-də genişmiqyaslı modernizasiya davam edir – beynəlxalq əməkdaşlıq güclənir

Ermənistanın Metsamor şəhərində yerləşən Atom Elektrik Stansiyasının (AES) 2-ci enerji blokunda genişmiqyaslı modernizasiya proqramı davam etdirilir.

Musavat.com xəbər verir ki, bu enerji bloku ölkənin elektrik enerjisi istehsalının təxminən 39 faizini təmin edir və onun təhlükəsiz, uzunmüddətli istismarı məqsədilə bir sıra yeniliklər həyata keçirilir.

Rusiyanın Ermənistandakı Ticarət Nümayəndəliyinin məlumatına görə, 2024-cü ilin iyul ayında “Rosatom” mütəxəssisləri reaktorun əsas korpusuna onun materialına identik olan metal nümunələr yerləşdiriblər. Bu nümunələr hər il laboratoriya şəraitində analiz olunacaq və nəticələr enerji blokunun istismar təhlükəsizliyinə dair qərarların verilməsində əsas olacaq.

Yaxınlarda həyata keçirilmiş planlı texniki dayanma zamanı aşağıdakı işlər görülüb:

▪️ AES-in binalarının və texniki avadanlıqlarının müfəssəl yoxlanılması;
▪️ Yeni soyutma sisteminin işə salınması;
▪️ Ehtiyat hissələrinin təminatı və təchizatı;
▪️ Yeni layihələrin hazırlanmasına dair texniki araşdırmaların aparılması.

Layihədə yalnız yerli deyil, həm də beynəlxalq mütəxəssislər iştirak ediblər. Çexiya, Xorvatiya və Slovakiyadan olan ekspertlərin prosesə cəlb olunması nüvə təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə nümunə kimi dəyərləndirilir.

Bundan əlavə, 2024-cü ilin iyun ayında Metsamor AES-ə Avropa İttifaqı və ABŞ nümayəndələri də səfər ediblər. Bu səfər nüvə təhlükəsizliyi üzrə əməkdaşlıq çərçivəsində baş tutub.

Modernizasiya proqramı çərçivəsində stansiyada 3,4 milyon dollar dəyərində tam enerji bloku fəaliyyətinin simulyasiyası üçün nəzərdə tutulan trenajor da istifadəyə verilib. Bu yeni trenajor stansiya əməkdaşlarının hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR