Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ətrafında çənbər böyük sürətlə daralmağa başlayıb. Belə ki, son vaxtlar postsovet məkanında baş verən hadisələr ilk baxışdan, təsadüfi diplomatik gedişlər kimi görünür. Ancaq daha diqqətli yanaşdıqda, bütün bu hadisələrin məhz genişmiqyaslı və ciddi bir prosesin tərkib hissəsi olduğu qənaətinə gəlmək üçün də əsaslar yaranır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya ətrafında Kremlə loyallıq orbitinin daralmaqda olduğu inkaredilməz reallıqdır. Belə ki, Kremlə münasibətdə çox ehtiyatlı mövqe tutan Türkmənistan liderinin Azərbaycan-Rusiya qarşıdurmasının böhranlı həddə çatdığı bir dövrdə Bakıya qəfil səfəri qətiyyən təsadüf ola bilməz. Bu sıraya Ermənistanın KTMT ilə vidalaşmağa hazırlaşdığını anons etməsini, Belarus prezidenti Aleksandr Lukaşenkonun müxalifət liderini azadlığa buraxmasını və hətta Kremlə ifrat loyallığı ilə diqqəti çəkən Slovakiyanın Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların qoşulmasını da əlavə etmək mümkündür.
Məsələ ondadır ki, Türkmənistanın siyasi lideri Qurbanqulu Berdıməhəmmədovun Bakıya səfəri sadəcə, ikitərəfli münasibətlər çərçivəsində dəyərləndirilməməlidir. Çünki Türkmənistanın Xəzər dənizinin dibindən keçəcək Transxəzər qaz kəməri ilə bağlı Avropaya yönələn planları bu səfəri enerji təhlükəsizliyi və geopolitik müstəvidə daha da əhəmiyyətli edir.
Qurbanqulu Berdıməhəmmədov hələ 2023-cü ildə Almaniyada səsləndirdiyi bəyanatla Avropa istiqamətini öz ölkəsi üçün prioritet elan etmişdi. Ancaq real diversifikasiya addımlarını yalnız indi atmağa başlayır. İndiyə qədər öz təbii qazının əsas hissəsini Çinə satan rəsmi Aşqabadın indi Azərbaycana üz tutması əslində, Türkmənistanın Rusiyanın enerji sahəsindəki təsirindən çıxmaq üçün ilk konkret siqnaldır.
Maraqlıdır ki, Azərbaycan bu prosesdə hazırda həlledici rol oynayan geopolitik iradə mərkəzidir. Çünki Xəzərin qərb sahilində yerləşən Azərbaycan həm tranzit qovşağı, həm də TANAP və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilməyə başlayıb. Və bu səbəbdən də Azərbaycan Avropa Birliyi üçün Azərbaycan enerji təhlükəsizliyi üzrə strateji tərəfdaş sayılır.
Digər tərəfdən, baş nazir Nikol Paşinyanın son vaxtlar atdığı addımlar Ermənistanın da xarici siyasət kursunda kəskin dönüşün ön plana keçdiyinə işarə edir. Erməni varçapet Kremlə meydan oxuyarcasına Rusiya kapitalına bağlı Ermənistan elektrik şəbəkələrini milliləşdirir, rus kəşfiyyatının nəzarətində olan erməni kilsəsinin siyasi təsirini məhdudlaşdırır, KTMT-dən çıxmaqla bağlı açıq mesajlar verir və nəhayət, Zəngəzur dəhlizi üzrə razılaşmalarda Rusiyanın iştirakı olmadan irəliləmək istəyini qətiyyən gizlətmir.
Təbii ki, bütün bu geopolitik dəyişikliklər təkcə regional deyil, həm də beynəlxalq güc mərkəzləri üçün də önəmlidir. Kremlin Cənubi Qafqazdakı ənənəvi dayağını itirməsi fonunda, Ermənistan Qərblə təhlükəsizlik və iqtisadi əməkdaşlığa yeni məkan açır. Buna paralel olaraq, Rusiyanın digər ənənəvi müttəfiqləri isə Rusiyanın təsir dairəsindən uzaqlaşmaq üçün ən kiçik imkandan belə, istifadə etməyə çalışırlar.
Bu baxımdan, Rusiyanın hətta ən yaxın müttəfiqi sayılan Belarusun belə, Rusiyadan uzaqlaşıb, Qərblə yaxınlaşma pəncərəsi axtardığı müşahidə olunur. Hər halda, Belarus prezidenti Aleksandr Lukaşenkonun 2020-ci il etirazlarından sonra həbs etdirdiyi əsas müxalif lider Sergey Tixanovskini Qərbin tələbi ilə azadlığa buraxması Rusiya siyasi dairələrində böyük rezonans doğurub.
Məsələ ondadır ki, Aleksandr Lukaşenkonun bu jesti, illərdir sadiq qaldığı Kremlin təsir dairəsindən kənarda yeni təhlükəsizlik arxitekturasına uyğunlaşmağa çalışdığını göstərir. Bu addım ABŞ və Avropa Birliyi ilə mümkün münasibətlərin “yumuşaldılması” üçün ilkin siqnal sayılır. Eyni zamanda, bu, Kremlin daxilində hər hansı böhran və ya dəyişiklik ehtimalı qarşısında Aleksandr Lukaşenkonun öz siyasi “çıxış planı"nı indidən hazırlaması kimi də izah edilə bilər.
Slovakiya Baş naziri Robert Fiço da Rusiya ilə yaxın mövqeyi ilə tanınırdı. Ona görə də, Slovakiyanın Avropa Birliyinin Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketini dəstəkləməsi beynəlxalq səviyyədə təəccüb Rusiya siyasi dairələrində isə ciddi məyusluq doğurub. Robert Fiçonun bu addımı ya Avropanın vahid mövqeyinə uyumdur, ya da Kreml daxilində gözlənilən dəyişikliklər barədə öncədən xəbərdar olan liderlərin ehtiyatlı davranışıdır. Və hər iki ehtimal da Rusiya üçün xoş siqnal deyil.
Bütün bu fərqli ölkələrdən gələn qərarlar yeni bir ümumi qənaətə münbit şərait yaradır. Yəni, Rusiya artıq sabit geopolitik dayaqlar üzərində dayanmır. Ukraynadakı uzunmüddətli müharibə, iqtisadi sanksiyalar, texnoloji izolasiya və daxili sosial gərginliklər fonunda, MDB məkanındakı liderlər tədricən Kremldən daha uzaq mövqeyə yerləşdməyə cəhd göstərirlər.
Bu diplomatik manevrlər, bəyanatlar və səfərlər bir tendensiyanı göstərir ki, Rusiyanın orbitindəki dövlətlər mərkəzdənqaçma hərəkətindədir. Bu dövlətlər artıq sadəcə, “Rusiya ilə necə davranmalı” sualına cavab axtarmırlar. Onlar eyni zamanda, indi Rusiyasız gələcəyi dizayn etməyə də başlayıblar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ