Onlayn ictimai-siyasi qəzet
Alyaska görüşündə əldə olunmuş Tramp-Putin anlaşmalarının məhz Rusiya tərəfindən nümayişkəranə şəkildə pozulması Ukrayna savaşının sülh və ya atəşkəs ehtimalından sürətlə uzaqlaşmasına səbəb oldu. Ona görə də, hazırda Qərb siyasi dairələri bu savaşın yaxın vaxtlarda sona çata biləcəyinə yönəlik bütün ümidlərini tədricən arxa plana keçirtməyə başlayıblar. Hətta son vaxtlar qlobal məkanda “Putinlə bağlı məyusluq” tədricən Rusiya ilə istisna edilməyən “böyük müharibə” qorxusuna çevrilməkdədir Və bu, o deməkdir ki, indi yalnız Ukrayna savaşı deyil, həm də bütün dünya daha təhlükəli mərhələyə qədəm qoymaq üzrədir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı məyusluğunu açıq mətnlə dilə gətirməsi beynəlxalq gündəmi də ciddi şəkildə silkələyib. Belə ki, Ağ Ev sahibi Ukrayna müharibəsində insan itkilərinin miqyasına diqqət çəkərək, “həftəlik yeddi min ölüm” statistikasını ön plana çıxarıb. Eyni zamanda, prezident Donald Tramp savaşının dayandırılmasına yönəlik fəaliyyətin sadəcə, Ukraynaya yardım deyil, ilk növbədə insanların yaşamasına kömək məqsədi daşıdığını da vurğulayıb. Ağ Ev sahibi bu açıqlaması ilə bir tərəfdən, öz humanitar ritorikasını gücləndirsə də, digər tərəfdən də “Birləşmiş Ştatlar olmasa, dünya məhv olar” deməklə, ABŞ-ın qlobal rolunu daha da qabartmış oldu.
Maraqlıdır ki, prezident Donald Trampın son açıqlamalarında yer alan sərt mesajlar həm Rusiya siyasi dairələrində, həm də Avropa paytaxtlarında yaxınlaşan daha təhlükəli mərhələyə yönəlik ciddi siqnal kimi dəyərləndirilir. Çünki Ağ Ev sahibi Donald Tramp bir tərəfdən, “müharibəni dayandırmaq” iddiası ilə çıxış etsə də, digər tərəfdən, ABŞ-ı bəşəriyyətin yeganə mövcudluq dayağı kimi təqdim etməklə, ölkəsinin qlobal hegemonluq hədəfini birmənalı şəkildə təsdiqləyir. Və Ağ Evin ABŞ-a qlobal hegemonluq yolunda əngəl törətməyə çalışanlara qarşı daha sərt davrana biləcəyi barədə xəbərdarlıq etmiş olur.
Üstəlik, ABŞ-ın qlobal hegemonluq iddialarının qabardılaraq, yenidən gündəmə gətirilməsi Avropa məkanında “Putin kabusu”nun yaşandığı bir dövrə də təsadüf edir. Belə ki, Ağ Ev sahibi Donald Trampın son xəbərdarlıq mesajları ilə paralel olaraq, Avropada “hərbi psixologiya” sürətlə neqativ məzmunda dərinləşir. Rəsmi Parisin Fransa hospitallarına 2026-cı ilə qədər “böyük müharibəyə hazır olun” təlimatı verməsi artıq təsadüfi addım kimi görünmür. Çünki Makron hakimiyyəti baş vermə ehtimalı olan hərbi münaqişənin elə ilk günlərindəcə 10 minlərlə yaralı əsgərin qəbul edilməli ola biləcəyini hesablayır.
Rəsmi Berlin isə Almaniya ordusunu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirməklə, diqqəti çəkib. Ümumiyyətlə, Böyük Britaniyanın baş naziri Keir Starmerin son xəbərdarlığı, İsveç və Finlandiyanın öz ordularını gücləndirməsi, Polşanın sərhəd istehkamlarını bərpa etməsi, Baltik ölkələri və Rumıniyanın hərbi büdcələrini artırması – bütün bunlar Avropa məkanında Rusiya qorxuna bağlı “Putin kabusu” yaşandığını göstərir. Üstəlik, əgər, bir neçə il əvvələ qədər Rusiya təhlükəsini əsasən Şərqi Avropa ölkələri qabardırdılarsa, indi Fransa və Almaniya kimi aparıcı Qərb dövlətləri, ənənəvi “diplomatiya tərəfdarları” da artıq hərbi ssenariləri reallıq kimi qəbul edirlər.
Avropanın yeni strateji reallığa yanaşma tərzi “qoca qitə”nin təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərin baş verməkdə olduğunu göstərir. Belə ki, indi mövcud reallıqlar Kremlin beynəlxalq təcridinin dərinləşdirilməsinə ehtiyac yaratdığından Avropa ölkələri Rusiya ilə siyasi-diplomatik dialoqu ikinci plana keçirərək, savaş hazırlığına üstünlük verirlər. Digər tərəfdən, Avropanın ABŞ-dan hərbi asılılığı da artır. Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan öz təhlükəsizliklərini təmin edə bilmədiklərini etiraf edirlər. Və bu, prezident Donald Trampın “dünya Birləşmiş Ştatlarsız məhv olar” ritorikasını gücləndirir.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna müharibəsinin yeni və daha təhlükəli mərhələyə transformasiya olunmağa başladığı artıq inkaredilməz reallıqdır. Belə ki, bu hərbi münaqişə artıq yalnız Ukrayna və Rusiya arasında savaş olmaqdan çıxaraq, Avropanın gələcək təhlükəsizlik sistemini müəyyən edəcək faktora çevrilir. Ona görə də, indi qlobal güc balansının dəyişməkdə olduğu barədə də danışmaq mümkündür. Və Qərb ölkələri Rusiya təhlükəsinə qarşı birləşdikcə, Kreml daha çox Çin, eləcə də, digər anti-Qərb dövlətlərinə yaxınlaşmaq imkanları axtarmaq məcburiyyətində qalır.
Belə anlaşılır ki, prezident Donald Trampın Ukrayna savaşını dayandırmaq planlarının iflasa uğraması dünyada yeni hərbi qütbləşməyə yol açmaqdadır. Hər halda, Avropa ölkələri öz müharibə hazırlıqlarını 2026-cı ilə qədər planlaşdırmaqla, Ukrayna savaşının yaxın gələcəkdə bitəcəyinə inanmadıqlarını biruzə vermiş olurlar. Əksinə, Qərb dövlətləri “uzunmüddətli hərbi qarşıdurma” reallığını qəbul edirlər və öz əhalilərini də məhz yaxınlaşan “böyük müharibə” ssenarisinə elə indidən alışdırmağa çalışırlar.
Göründüyü kimi, dünya artıq yeni mərhələyə qədəm qoyur. Hətta ABŞ prezidenti Donald Tramp belə, “Putinlə bağlı məyusluq” ifadəsi ilə qlobal hərbi-siyasi ritorikanı dəyişdirir. Avropa üçün isə “böyük müharibə” qorxusu reallığa çevrilir. Yaxınlaşmaqda olan bu “hərbi xaos” mərhələsi həm Ağ Evin qlobal liderlik iddiasını möhkəmləndirir, həm də Avropanı ABŞ-dan daha çox asılı vəziyyətə salır. Ona ona görə də, indi əsas müəmmalı sual ondan ibarətdir ki, Rusiya ABŞ və Qərblə bu hərbi-siyasi qarşıdurmada strateji güzəştə getməyə hazırdırmı, yoxsa Kreml Ukrayna savaşını daha geniş coğrafiyaya yaymağa üstünlük verəcək?
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ