İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Azərbaycandan nə istədiyi bilindi: Bakı “İbrahim Razılaşmaları”na daxil ola bilər – Reuters

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh və geosiyasi nüfuz planlarının növbəti mərhələsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin də adı keçir. Reuters agentliyinin eksklüziv məlumatına görə, Tramp administrasiyası bu ölkələrin “İbrahim Razılaşmaları”na qoşulması üçün danışıqlar aparır.

Reuters-in məlumatında deyilir ki, Tramp bu ideyanı həm ABŞ-da yəhudi lobbi qruplarının dəstəyini möhkəmləndirmək, həm də İsraillə müsəlman ölkələri arasında diplomatik münasibətlərin genişlənməsinə nail olmaq üçün strateji addım kimi dəyərləndirir. Məqalədə adı açıqlanmayan bir yüksək vəzifəli mənbənin sitatına əsasən qeyd edilir ki, Azərbaycan bu təşəbbüs üçün “ən real namizədlərdən biridir”.

Tramp komandasının mənbələrinə görə, Azərbaycanın İsraillə artıq strateji tərəfdaşlığı, hərbi-texniki əməkdaşlığı və diplomatik münasibətləri mövcuddur. Üstəlik, Bakı uzun illərdir ki, Fələstin məsələsində neytral mövqe saxlayaraq beynəlxalq platformalarda balanslı siyasət yürüdür. Məhz bu səbəbdən də Azərbaycan adı konkret şəkildə “İbrahim Razılaşmaları” çərçivəsində müzakirəyə çıxarılıb.

Məqalədə vurğulanır ki, Trampın 2020-ci ildə (ilk prezidentliyinin son dönəmində) təşəbbüs göstərdiyi bu razılaşmaya hazırda BƏƏ, Bəhreyn, Mərakeş və Sudan qoşulub. Bu siyahıya Azərbaycan və Özbəkistan, Qazaxıstan kimi dünyəvi və ABŞ-la yaxın əlaqələri olan türk-islam ölkələrinin əlavə olunması planlaşdırılır.

Musavat.com-a görə, Azərbaycanın belə bir təşəbbüsə qoşulması ABŞ-Azərbaycan münasibətlərində ciddi irəliləyişə səbəb ola bilər. Enerji təhlükəsizliyi, texnoloji əməkdaşlıq və hərbi sahədə geniş imkanlar aça bilər. Eyni zamanda, bu addım Bakı üçün geosiyasi statusun yüksəlməsi anlamına gəlir – Azərbaycan həm İslam dünyasında, həm də Qərb institutları içində körpü rolunu daha da möhkəmləndirə bilər.

Lakin bu təşəbbüs həm də risklərlə müşayiət oluna bilər. İranla münasibətlərin daha da gərginləşməsi, bəzi ərəb ölkələrinin təpkisi və Ermənistanın diplomatik manevrlərinin aktivləşməsi kimi çətinliklər də istisna olunmur.

Görünən budir ki, Trampın növbəti “Yaxın Şərq diplomatiyası” planında Azərbaycanın xüsusi yeri vardır. Əgər Bakı bu təşəbbüsə müsbət cavab verərsə, bu, onun Qərblə əlaqələrində yeni səhifənin açılması demək olacaq. Lakin istənilən halda, bu qərarın verilməsi üçün ciddi strateji və diplomatik müzakirələrə ehtiyac var. 

“İbrahim Sazişləri” nədir?

“Ibrahim Accords” adı ilə tanınan bu təşəbbüs 2020-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə başlanıb. Həmin saziş çərçivəsində İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə diplomatik münasibətləri normallaşdırıb. Razılaşmanın əsas məqsədi Yaxın Şərqdə sülh və sabitliyin təşviqi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsidir. Adını hər üç səmavi dinin ortaq peyğəmbəri Həzrət İbrahimdən alan bu saziş, dinlərarası və mədəniyyətlərarası yaxınlaşma niyyəti daşıyır.

Mənbələr bildirir ki, Azərbaycanın sazişə qoşulması istiqamətində aparılan danışıqlar hazırda strukturlaşdırılmış və ciddi mərhələdədir. Trampın xüsusi sülh elçisi Stiv Vitkoff mart ayında Bakıda Prezident İlham Əliyevlə görüşüb. Onun müşaviri Arye Laytstoun da yaz aylarında Bakıda olub və məsələ ilə bağlı daha detallı müzakirələr aparılıb.

Lakin əsas maneə olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hələ imzalanmaması göstərilir. Tramp administrasiyası bu sənədi Bakının “İbrahim Sazişləri”nə qoşulması üçün ön şərt kimi görür.

Tramp bu yaxınlarda jurnalistlərə verdiyi açıqlamada bildirib: “Azərbaycan və Ermənistan – biz orada möcüzə yaratdıq. Sülh çox yaxındadır.”

Hələlik Azərbaycan hökuməti məsələ ilə bağlı ictimai açıqlama verməyib. ABŞ Dövlət Departamenti isə “daha çox ölkəni sazişə cəlb etməyə çalışdıqlarını” deyə cavab verib.

Ekspertlər hesab edirlər ki, bu proses Tramp administrasiyasının Yaxın Şərqdə və Avrasiya məkanında yumşaq güc siyasətini genişləndirməyə yönəlmiş yeni mərhələsidir. Azərbaycanın strateji mövqeyi və enerji resursları bu planlarda mühüm rol oynayır.

Mənbə: https://www.reuters.com/world/asia-pacific/trump-eyes-bringing-azerbaijan-central-asian-nations-into-abraham-accords-2025-08-01/

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR