Onlayn ictimai-siyasi qəzet
Donald Tramp hələ bu ilin yanvar ayının 20-də ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlayanda dünyada minlərlə jurnalist yazırdı ki, onun bu postda nə edəcəyini, necə çalışacağını bilmək olmaz.
Hamı onu “proqnozlaşdırılması mümkün olmayan siyasətçi” hesab edirdi.
Rusiya rəsmiləri, politoloqları, jurnalistləri isə eyforiyada idilər. Onların Trampın prezident seçilməsindən də, səlahiyyətlərinin icrasına başlamasından da, ilk bəyanatlarından və qərarlarından da çox məmnun görünürdülər.
Çünki Tramp Rusiyaya yüzdəyüz sərf edən açıqlamalar verirdi, Rusiya-Ukrayna müharibəsinin sona çatmasının əsas şərti kimi Ukraynanın təslim olmasının, Kremlin istədiklərini verməyin yeganə yol olduğunu gah birbaşa, gah da dolayısı ilə bəyan edirdi.
Trampın oğlu atasının seçildiyi gün Ukrayna prezidenti Vladimir Zelenskiyə vaxt qoymuşdu. Onun sözlərindən belə çıxırdı ki, Tramp Ağ Evin oval kabinetində oturan gün artıq Ukraynada Zelenskinin hakimiyyəti bitəcək. Görünür, gənc adam bu qənaətə atasının ailədaxili söhbətlərindən gəlmişdi.
Sonra nələr oldu, nələr yaşandı, çox da uzaq tarixdə deyil, blirsiniz. Ağ Evdə prezident və vitse-prezidentin hərbi aqressiyaya məruz qalmış ölkənin başçısına (Zelenskiyə) açıq-aşkar və qaba hücumu dünya diplomatiya tarixində görünməmiş hadisəydi. Bu, ABŞ tarixinə biabırçılıq kimi həkk olundu.
O zaman kollektiv Avropa Zelenski və Ukraynaya dayaq durmasa, bu ölkənin taleyini gerçəkdən də bilmək olmazdı.
Ondan sonra Tramp bir neçə dəfə mövqe dəyişdirdi, gah Ukraynanı müdafiə etdi, gah ona təzyiq göstərdi, bəzən onun silah təchizatını kəsəcəyini bəyan etdi, sonra bu ölkənin faydalı qazıntılarına əl qoymağın müqabilində dəstək verəcəyini bildirdi və s.
Hazırda Donald Tramp Rusiyaya qarşı cəbhə almış durumda görünür. Buna səbəb odur ki, Putin onun “sülhpərvər lider” statusu qazanmasına mane olur, Ukrayna savaşında heç cür sülhə gəlmək istəmir.
Belə anlaşılır ki, Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmağın reseptini, nəhayət, tapıb və bu, Rusiyanın ram edilməsi, Putinin yumşaldılmasıdır.
ABŞ prezidentinin Rusiyaya sülhə gəlməsi üçün verdiyi vaxtın müddəti daralmaqdaykən, o, Amerika nüvə sualtı qayığının Rusiyaya doğru hərəkət etdiyini təsdiqləyib.
"Onlar Rusiyaya daha yaxındırlar. Bəli, Rusiyaya daha yaxındırlar", - Tramp NEWSMAX-a müsahibəsində deyib.
O, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin təhdid dolu bəyanatlarından sonra amerikalıları qorumağın vacib olmasıyla izah edib və belə deyib: "Sadəcə diqqətli olmalıyıq. Bizi təhdid etdilər və qərara gəldik ki, bu təhdidlər yanlışdır və buna görə də diqqətli olmalıyıq".
Hələ bir təhdid edənin kimliyinə baxaq. Bu şəxs uzun illər Rusiyanın baş naziri, sonra prezidenti olmuş, həm baş nazir işləyəndə, həm də prezident olanda gözünü həmişə Putinin ağzına dikmiş, onun bir sözünü iki etməmiş bir adamdır. Onu daha çox “marionetka prezident” adlandırmaq olar. Hazırda isə Medvedyev RF Təhlükəsizlik Şurasının sədr müavini kimi 10-cu dərəcəli bir vəzifə tutur. Politoloqlar heç RF TŞ-nin sədrini düz-əməlli tanımırlar. Çünki bu, əhəmiyyətsiz bir postdur, formal xarakter daşıyır.
Üstəlik, Ukraynada müharibə başlayandan bu günə qədər Medvedyev hər ay azı üç dəfə “lazım gəlsə, düşmənə nüvə zərbəsi endirmək”dən danışır. Əvvəllər onun dediklərinə diqqət edən, cavab verənlər olurdu, son aylarda isə onu saya salıb cavab da vermirlər, eləcə, özünü gülünc duruma salmasına rişxənd edirlər.
Ancaq budur, birdən-birə Tramp Medvedyevin sözünü ciddiyə alıb və özünə məxsus “Truth” sosial şəbəkəsində ona status həsr edib, Medvedyevi “uğursuz prezident” adlandırıb, dilini dinc qoymasını məsləhət görüb.
Ən maraqlısı odur ki, Medvedyev Trampın bu statusunu “bəy məni dindirdi, “çəkil yoldan, köpəyoğlu” dedi” janrında qəbul edərək fəxrlə öz Teleqram kanalında paylaşıb. Adamın səviyyəsi budur.
Trampın iki atom sualtı qayığının Rusiyaya yaxınlaşması barədə dedikləri isə, böyük ehtimalla blefdir, Moskvanı qorxutmaq, şantaj etməkdir.
Putin bu təhdidi ciddiyə alacaqmı? Xeyr.
Tramp Rusiyanı həqiqətən də vuracaqmı? Çətin.
Düzdür, ABŞ lideri indiyə qədərki fəaliyyətində özünü sağı göstərib solu vuran biri kimi aparıb, tez-tez fikir dəyişdirib, impulsiv qərarlar verib, heç kəsin gözləmədiyi addımlar ataraq hamını şoka salıb, amma yenə də Rusiyaya raket zərbəsi endirmək qədər ağır bir hərbi avantüraya qol qoyacağı inandırıcı deyil.
“İnandırıcı deyil” deyirik, amma avtomatik olaraq yada düşür ki, o, “proqnozlaşdırılması mümkün olmayan siyasətçi”dir.
Beləcə, dünyanın taleyi hikkəli, aqressiv, beynəlxalq qanunları saya salmayan iki liderin əlində, dilindədir.
Araz Altaylı, Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ