Onlayn ictimai-siyasi qəzet
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) irimiqyaslı korrupsiya faktlarını ifşa edib. Saxlanılanlar arasında "Xalqın qulluqçusu" partiyasından olan deputat Aleksey Kuznetsov, Mukaçevo Rayon Dövlət Administrasiyasının sədri, Luqansk Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Sergey Qayday, eləcə də Luqansk vilayətinin Rubejnoye Hərbi İdarəsinin rəisi Andrey Yurçenko var.
Musavat.com xəbər verir ki, bu barədə “Ukrainska Pravda”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
İstintaq müəyyən edib ki, 2024-cü ilin sonlarında və 2025-ci ilin əvvəlində Aleksiy Kuznetsov və Sergey Qayday müdafiə təyinatlı məhsulların alınması zamanı istehsalçılardan rüşvət almaq üçün korrupsiya sxemi qurublar. Rüşvət pulları bu şəxslər və bəzi hərbçilər arasında bölüşdürülüb.
Sənədləşdirilmiş epizodlardan biri 5 milyon qrivna dəyərində elektron müharibə sistemlərinin alınması ilə bağlı olub. Bu müqavilə üzrə 1,5 milyon qrivna rüşvət verildiyi bildirilir.
Digər fakt isə FPV tipli dronların alınması ilə bağlıdır. Təxminən 10 milyon qrivna dəyərində olan bu müqavilədə malların dəyərinin süni şəkildə 80 min dollar artırıldığı, ümumilikdə isə təqsirləndirilən şəxslərin 43 min dollardan çox vəsaiti mənimsədiyi müəyyən olunub.
Bu, NABU və SAP-ın müstəqil statusları və səlahiyyətləri bərpa olunduqdan sonra həyata keçirdikləri ilk yüksək səviyyəli həbslərdən biridir.
Ukrayna prezidenti Volodimir Zelenski də faktı təsdiqləyib. O, bildirib ki, rüşvət almaqda bir deputat və Milli Qvardiyanın hərbçiləri ifşa olunub.
Dövlət başçısı qeyd edib ki, NABU direktoru Semen Krivonos və SAP rəhbəri Aleksandr Klimenkonun hesabatını dinləyib:
“Ukrayna parlamentinin bir üzvü, rayon və şəhər administrasiyası rəhbərləri, həmçinin Milli Qvardiyanın hərbçiləri rüşvət alarkən ifşa olunub. Antikorrupsiya qurumlarına təşəkkürümü bildirirəm”, – deyə Zelenski vurğulayıb.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ