Onlayn ictimai-siyasi qəzet
Türkiyə dayanıqlı atəşkəs üçün dövriyyəyə girir; Putin səmimi şəkildə sülhdə maraqlıdırmı?
Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin 9 may paradından bir gün sonra Ukraynada atəşkəslə bağlı çağırış edib. Eyni zamanda İstanbul anlaşmasını yada salıb, prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik missiyasına işarə vurub, mayın 15-də Türkiyədə Ukrayna ilə birbaşa danışıqlara başlamağı təklif edib.
Ukrayna, ABŞ və Türkiyə çağırışa müsbət reaksiya verib. Ağ Ev başçısı Donald Tramp konfliktin həllində “böyük həftə” barədə anons edib. Öz növbəsində Ərdoğan bəyan edib ki, iki ölkə arasında konfliktin başa çatması üçün “tarixi dönüş məqamı” çatıb. O, ötən bazar Putinlə telefon söhbətində qardaş ölkənin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
O da bəlli olub ki, ABŞ dövlət katibi Marko Rubio mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Məlumata görə, onun NATO ölkələrinin xarici işlər nazirləri ilə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq...
Bu həftə nə gözlənilir? Nəhayət, mayda müharibə bitəcəkmi? Görəsən, Putin səmimi şəkildəmi sülhdə maraqlıdır, yoxsa bu, vaxt udmaq üçün növbəti məkrli gedişdir və ya “nəfəs dərmək” üçün pauza götürmək niyyəti güdür?
Bəzi iddialara görə, ötən həftə Moskvada Çin sədri Si Cinpinlə görüşən Rusiya lideri Ukraynaya qarşı savaşla bağlı Pekindən hansısa zəmanət ala bilərdi. Hansı? Cinpin Putinə nə deyib və ya vəd edib?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ Prezidenti Trampın Rusiya-Ukrayna müharibəsini bitirə bilməyəcəyi, ən azı yaxın dövrdə bitirə bilməyəcəyi barədə proqnozlar özünü doğrultmuş sayıla bilər: “Türkiyə Prezidenti Ərdoğan və Çin liderinin Putinə təsir imkanları daha çoxdur. Onların sülh təşəbbüsləri daha ciddi şəkildə olacaqsa müharibənin dayanması ehtimalı daha yüksəkdir. Ancaq məsələ burasındadır ki, Ukrayna Prezidenti Zelenski müharibənin başa çatması üçün ilk növbədə Rusiya qoşunlarının Ukrayna ərazisindən geri çəkilməli olduğunu bəyan edir. Bunu Rusiya tərəfi qəbul edəcəkmi? Bax, bu suala bu gün müsbət cavab vermək mümkün deyil. Hər bir halda müharibənin may ayında bitəcəyi ehtimalı demək olar yoxdur. Qısa müddətli atəşkəs ola bilər. Ancaq bu müharibənin dayanması demək deyil. Çin liderinin Rusiya prezidentinə hansı vədlər verdiyi məsələsinə gəlincə, Rusiya-Çin əlaqələrini o qədər geniş əhatəlidir ki, vədlər sırasında iqtisadi məsələlərdən tutmuş, geopolitik, təhlükəsizlik məsələlərinə qədər bir çox sahələri əhatə edə bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ