Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geopolitik, geostrateji və geoiqtisadi proseslər artıq yeni inkişaf perspektivləri qazanmaq üzrədir. Belə ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton görüşü bu regionda onilliklər boyu mövcud olmuş ənənəvi geosiyasi konfiqurasiyanı tamamilə dəyişə biləcək prosesin real başlanğıcı kimi görünür. Və bu görüş yalnız münaqişə vəziyyətində olan iki qonşu dövlət arasında mümkün sülh sazişinin gündəmə gətirilməsi ilə deyil, həm də ABŞ-ın Cənubi Qafqazda yeni strateji oyunçu rolu oynamağa çalışması baxımından da diqqəti çəkir.
Onu da qeyd etmək lazımdır ki, Vaşinqton platforması, Rusiya neoimperializminin regional hegemonluğuna qarşı yönəlmiş ciddi alternativə çevrilmək perspektivlərinə malikdir. ABŞ bu təşəbbüslə regionda siyasi-diplomatik boşluqları doldurmağa, təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmağa və yeni nəqliyyat-logistika dəhlizlərinin siyasi çərçivəsini müəyyən etməyə çalışan tərəf kimi görünür. Və mövcud vəziyyətə geopolitik, geostrateji və geoiqtisadi prizmadan yanaşmaqla, Rusiya və İranın gözlənilən reaksiyasını da analiz etməklə, ortaya çıxan yeni situasiyanı tam mənzərədə dəyərləndirmək mümkündür.
ABŞ-ın vasitəçilik təşəbbüsü, Rusiyanin öz təsir dairəsində hesab etdiyi Cənubi Qafqaz üçün əhəmiyyətli strateji dönüş nöqtəsi ola bilər. Ağ Ev bu regiona təkcə "sülh gətirmək" niyyəti ilə deyil, həm də Rusiya və İranın arasında sıxılmış coğrafiyada yeni Qərb dayağı qurmaq üçün yerlöşməyə çalışır. Əgər, bu görüş pozitiv nəticələr verərsə, ABŞ-ın Cənubi Qafqazda siyasi-diplomatik rolunu rəsmi şəkildə təsdiqləmiş olacaq. Və bu, Tramp administrasiyası üçün həm daxili və həm də xarici siyasətdə yeni qələbə rəmzi kimi təqdim edilə bilər.
Digər tərəfdən, Ermənistan üçün Vaşinqton formatı çərçivəsində imzalanmış sülh sənədi Rusiya ilə təhlükəsizlik bağlarının qoparılmasına paralel olaraq, Qərbə doğru strateji keçidin siyasi zəmanəti demək olacaq. Bu, Paşinyan hakimiyyətinin uzunmüddətli siyasi xəttinə uyğun gəlir və Ermənistanın Qərblə inteqrasiya cəhdlərini daha da gücləndirə bilər. Və bunun Rusiya siyasi dairələrində kəskin reaksiya doğura biləcəyi də qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Vaşinqton görüşendə əsas strateji mövzulardan birinin də məhz Zəngəzur dəhlizinin açılması və ümumilikdə kommunikasiyaların bərpasının olacağı bildirilir. Azərbaycan üçün bu dəhliz Türkiyə ilə birbaşa quru bağlantısı deməkdir və Turan coğrafiyasını birləşdirən Orta Dəhlizin əsas hissəsini təşkil edir. Eyni zamanda, bu, Ermənistan üçün iqtisadi blokadadan çıxış və regional ticarət axınlarına inteqrasiya imkanıdır. ABŞ üçün isə Rusiyanı və İranı yan keçən yeni strateji nəqliyyat və enerji dəhlizi yaratmaq fürsətidir.
Təbii ki, Vaşinqton görüşü regional təhlükəsizlik arxitekturasının dəyişməsinə də münbit şərait yarada bilər. Çünki ABŞ-ın siyasi-diplomatik fəallığı yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Yəni, Vaşinqton formatı Cənubi Qafqazın təhlükəsizlik sisteminin yenidən dizayn edilməsi anlamına gəlir. Və bu, Rusiyanın regiondan sıxışdırılıb, çıxarılmasına paralel olaraq, Cənubi Qafqazda daha balanslı, çoxqütblü güc mərkəzləri yarada bilər.
Bütün bunlar genişmiqyaslı geoiqtisadi perspektivlər açır, regional enerji və sərmayə axınlarının tənzimlənməsini daha da sabitləşdirə bilər. Eyni zamanda, bu yeni situasiya Azərbaycanın regional iqtisadi liderliyinin möhkəmləndirilməsini də təmin etmiş olacaq. Yəni, Vaşinqton görüşünün müsbət nəticələri Azərbaycan üçün yeni geoiqtisadi imkanlar yarana bilər. Xüsusilə də, işğaldan azad olunmuş Qarabağ bölgəsinə Qərb sərmayəsinin cəlb olunması mümkündür. Bakı-Tiflis-Qars və Orta Dəhliz üzərindən ticarət imkanlarının genişlənməsi istisna deyil. TAP və TANAP vasitəsilə enerji təchizatının diversifikasiyası da reallaşdırılmış olacaq.
Digər tərəfdən, Ermənistana gəldikdə isə bu rəsmi İrəvan üçün Qərbə inteqrasiyanın real iqtisadi dividendlərini təmin edə bilər. Çünki hazırda baş verənlər Ermənistan üçün Rusiya və İran asılılığından xilas olmaq şansı qazandıracaq. Rəsmi İrəvan Qərb maliyyə institutlarının dəstəyi ilə iqtisadi islahatlara start vermək imkanı da əldə edə bilər. Və ən əsasısa Ermənistan ilk dəfə regional izolyasiyadan çıxış üçün real bir "pəncərə" şansı qazanmış kimi görünür.
Ancaq bütün bu inkişaf perspektivləri istənilən halda, geopolitik risklərlə və Rusiya-İran tandeminin müqaviməti ilə müşayiət olunacaq. İlk növbədə Rusiyanın regionda geopolitik və hərbi-strateji balansın pozulmasına qarşı sərt reaksiya verməyə çalışacağı qətiyyən istisna deyil. Rusiya Cənubi Qafqazda öz orbitr statusunun ABŞ tərəfindən ələ keçirildiyini düşünəcək.
Ona görə də, Kreml Cənubi Qafqazda təsir mexanizmlərini tam itirməmək üçün ilk növbədə Ermənistan daxilində erməni kilsə və revanşist müxalifət də daxil olmaqla, Rusiyanın bütün agentura şəbəkəsini Paşinyan hakimiyyətinə qarşı həlledici qarşıdurmaya yönəldəcəyi şübhə doğurmur. Rusiyanın həmin erməni agentura şəbəkəsindən Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatların törədilməsi üçün də istifadə edəcəyi qətiyyən istisna deyil. Və böyük ehtimalla ABŞ-ın vasitəçiliyini gözdən salmaq üçün Kreml informasiya müharibəsini və təhdidkar ritorikasını fa genişləndirəcək.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda yeni situasiyanın yaradılmasına qarşı Rusiya-İran koordinasiyası da mümkündür. Çünki bu iki dövlətin Cənubi Qafqazdakı maraqları böyük ölçüdə üst-üstə düşdüyü üçün onların ortaq müqaviməti də gözlənilməz olmayacaq. Və bu iki təhdidkar dövlətin regionda ortaq geopolitik təxribatlar törədə biləcəyi qətiyyən istisna deyil.
Ancaq bütün bunlara baxmayaraq, Cənubi Qafqazda post-Rusiya dövrünün başlandığı artıq qətiyyən şübhə doğurmur. Bu baxımdan, Vaşinqton platforması yalnız sülh təşəbbüsü deyil. Yəni, bu, həm də geopolitik qüvvələr nisbətinin yenidən qurulması cəhdidir. ABŞ, Türkiyənin də birbaşa iştirakı ilə Cənubi Qafqazı Rusiya təsir dairəsindən tamamilə uzaqlaşdıra biləcək yeni geopolitik prosesə start verməyə çalışır. Bu prosesin uğur qazanması üçün isə yalnız sülh sazişi kifayət deyil. Və böyük sürətlə Cənubi Qafqazda sabitlik, etimad, balanslı tərəfdaşlıq münasibətləri qurulması olduqca vacibdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ